
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 24-də Mingəçevirdə "Azərbaycan" İstilik Elektrik Stansiyasının ərazisində ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edib.
Saat24.Az AZƏRTAC-a istinadən xəbər verir ki, sonra dövlətimizin başçısı "8 Noyabr" elektrik stansiyasının açılış mərasimində iştirak edən qonaqlarla görüşüb, onlarla söhbət edib. Söhbət zamanı bu stansiya layihəsinin əhəmiyyəti vurğulanıb. İtaliya və Çin şirkətlərinin bu layihədə iştirakının önəminə toxunulub. İşlərin qısa müddət ərzində yekunlaşması məmnunluqla qeyd edilib.
Daha sonra "8 Noyabr" elektrik stansiyasının açılış mərasimi keçirilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə çıxış edib.
Prezident İlham Əliyevin çıxışı:
"Əziz dostlar, hörmətli qonaqlar, əziz mingəçevirlilər.
Bu gün ölkəmizin energetika sahəsində əlamətdar bir gündür. "8 Noyabr" elektrik stansiyasının açılışı çox gözəl hadisədir. Ümumilikdə ölkəmizin enerji potensialını böyük dərəcədə gücləndirəcək bu stansiyanın yaradılması və qısa müddət ərzində bütün işlərin başa çatması ölkəmizin gücünü, potensialını, energetiklərimizin təcrübəsini, peşəkarlığını göstərir. Bu gün "8 Noyabr" elektrik stansiyası ölkəmizin ən böyük elektrik stansiyasıdır. 1880 meqavat gücündə bu stansiya bizim enerji potensialımızı təbii olaraq daha da gücləndirəcək, enerji sisteminin səmərəliliyini artıracaq və beləliklə, Mingəçevirin nəinki Azərbaycanın, bütövlükdə Cənubi Qafqazın energetika mərkəzi olan statusunu daha da gücləndirəcək. Hazırda bizim elektrik enerjisinin 40 faizindən çoxu Mingəçevirdə istehsal olunur və əlbəttə ki, görülmüş bütün bu işlər bir daha Azərbaycanın doğru yolda olduğunu göstərir.
Mingəçevir 1970-ci illərdə Azərbaycan energetika sektorunun mərkəzi rolunu oynamışdır. Ulu öndər Heydər Əliyevin təşəbbüsü və bilavasitə rəhbərliyi ilə 1974-cü ildə Mingəçevirdə "Azərbaycan" istilik elektrik stansiyasının təməli qoyulub və ulu öndərin iştirakı ilə stansiyanın birinci bloku 1981-ci ildə istismara verilib. Ondan sonra digər bloklar da istismara verilərək artıq o zaman hələ sovet dövründə bu stansiya Qafqazın önəmli energetika mərkəzlərindən birinə çevrilib. Təbii olaraq müstəqilliyin ilk illərində bizdə enerji qıtlığı yaranmışdı. Orta və yaşlı nəslin nümayəndələri o illəri yaxşı xatırlayırlar ki, o vaxt hətta axşam saat 12-də televiziya verilişləri də dayandırılırdı. Çünki energetika sistemimiz lazım olan həcmdə elektrik enerjisini istehsal edə bilmirdi. Həm yanacaq nöqteyi-nəzərindən çətinliklər var idi, həm də enerji sistemimiz tam köhnəlmişdi. Yalnız ulu öndərin təşəbbüsü ilə yaradılmış Mingəçevir stansiyası hesabına müəyyən dərəcədə fasilələrlə olsa belə, insanlara və müəssisələrə elektrik enerjisi verilirdi. Yəni Mingəçevirin tarixi energetika mərkəzi kimi zəngindir və burada formalaşmış güclü kadr potensialı, əlbəttə ki, bu gün də bizə əldə edilmiş uğurlara nail olmaq üçün imkan yaradır.
Biz son 20 il ərzində Azərbaycanın energetika sistemini, demək olar ki, sıfırdan qurmuşuq. Ölkəmizin müxtəlif yerlərində yeni elektrik stansiyaları qurulub, eyni zamanda, Mingəçevirdə də yenidənqurma işləri aparılıb. Yadınızdadır, burada baş vermiş qəza nəticəsində ölkəmizin böyük hissəsi, demək olar ki, işıqsız qalmışdı. Ondan sonra praktiki tədbirlər görülməyə başlanıb və biz qısa müddət ərzində burada böyük uğurlara nail ola bilmişik.
2018-ci ildə "Azərbaycan" istilik elektrik stansiyasının yenidən qurulmasının təməli qoyuldu və 2020-ci il iyunun 25-də - düz beş il bundan əvvəl burada stansiyaya yeni həyat verildi. Hazırda "Azərbaycan" elektrik stansiyasının generasiya gücü 1800 meqavat, "8 Noyabr" stansiyasının gücü 1880 meqavatdır, su elektrik stansiyasının gücü isə 400 meqavatdan çoxdur. Beləliklə, Azərbaycanın elektrik enerjisinin 40 faizindən çoxu Mingəçevirdə istehsal olunur və qeyd etdiyim kimi, bu, nəinki Azərbaycanın, Cənubi Qafqazın əsas energetika mərkəzidir.
Bu layihənin qısa müddət ərzində icra edilməsi, - energetiklər bunu yaxşı bilirlər - rekord nəticə sayıla bilər. Çünki təxminən iki min meqavatlıq elektrik stansiyasının inşa müddəti bir neçə il davam edir - bəlkə də, üç il, dörd il, beş il, bəlkə, daha da çox. Misal üçün, elə sovet dövründə Mingəçevirdə "Azərbaycan" istilik elektrik stansiyasının inşası 1974-cü ildə başlayıb və birinci blok 1981-ci ildə istismara verilib. Yəni yeddi ildən sonra 300 meqavat enerji əldə edilib. Biz isə iki il ərzində təxminən iki min meqavat enerji əldə etmişik və əlbəttə ki, bunun bir çox səbəbləri var. Təbii ki, buna burada mövcud olan energetika bazamız, təcrübəmiz, Azərbaycan energetiklərinin peşəkarlığı, bilikləri, təcrübələri və əlbəttə ki, bizim beynəlxalq tərəfdaşlarımızın da töhfəsi şərait yaratdı.
Mən, xüsusilə bu gün burada iştirak edən İtaliyadan və Çindən olan qonaqları salamlamaq istəyirəm. Bu stansiyanın ərsəyə gəlməsində İtaliya və Çin şirkətlərinin böyük payı var. Azərbaycan energetikləri ilə birlikdə bu gözəl işi biz qısa müddət ərzində görə bildik.
Qeyd etməliyəm ki, həm İtaliya, həm Çin Azərbaycanın strateji tərəfdaşlarıdır. Strateji tərəfdaşlıq haqqında İtaliya ilə iki, Çinlə iki bəyannamə imzalanıb və mənim bu ölkələrə çoxsaylı səfərlərim nəticəsində bir sıra istiqamətlər üzrə çox gözəl nəticələr əldə edilib. İtaliya Azərbaycanın bir nömrəli ticarət tərəfdaşıdır. Çin də ticarət tərəfdaşlarımız arasında qabaqcıl yerlərdədir. Biz İtaliya ilə xüsusilə energetika sahəsində, xam neft, təbii qaz sahəsində uzunmüddətli və strateji əməkdaşlığa bir neçə il bundan əvvəl başlamışıq. Çinlə isə bu yaxınlarda daha çox bərpaolunan enerji layihələrini birgə icra etməyə başlayırıq. Mənim aprel ayında Çinə dövlət səfərim zamanı lazım olan razılaşmalar əldə edildi. Onu da bildirməliyəm ki, Azərbaycanda bu gün yaradılan yeni Günəş elektrik stansiyalarının təchizatı böyük dərəcədə Çin şirkətləri tərəfindən təmin edilir. Yəni bu hər iki ölkə bizim üçün həm strateji tərəfdaşdır, həm də önəmli ticarət tərəfdaşımızdır. Qeyd etdiyim kimi, siyasi əlaqələr çox yüksək səviyyədədir və biz burada çox gözəl beynəlxalq əməkdaşlıq nümunəsini görürük.
"8 Noyabr" stansiyasının istismara verilməsi bir çox məqsədləri təmin edəcək. Qeyd etdiyim kimi, enerji sistemimizin səmərəliliyi artırılacaq, potensial, generasiya gücümüz artacaq, eyni zamanda, şərti yanacaq sərfiyyatı kəskin aşağı düşəcək və beləliklə, bu, bizə təbii qaza qənaət etmək üçün imkan yaradacaq. Çünki hər kəs yaxşı bilir ki, Azərbaycan qazına bu gün dünya bazarlarında böyük tələbat var və nə qədər biz daxildə təbii qaza qənaət etsək, ixrac imkanlarımız da bir o qədər artacaq. Beləliklə, burada şərti yanacağın sərfiyyatının az olması bizə əlavə qazanc gətirəcək. Təbii olaraq, biz təbii qazın qənaətini, eyni zamanda, bərpaolunan layihələrdə görürük və görəcəyik. Azərbaycan bu istiqamətdə də qabaqcıl ölkələr sırasındadır. İmzalanmış, icra edilən və icra ediləcək bərpaolunan enerji layihələri 2030-cu ilə qədər bizə 6500 meqavat yaşıl enerji verəcək və əgər bu gün bizim ümumi generasiya gücümüz 9000 meqavatdırsa, bu, nə deməkdir, bunu hər kəs başa düşə bilər. Eyni zamanda, bizə təbii qaza qənaət etmək üçün imkanlar yaradılacaq və belə olan halda təbii qazımızın ixracı daha da artacaq. Yəni bir neçə məqsəd burada təmin edilir və əlbəttə ki, bütün bu işlərin təməlində bizim düşünülmüş siyasət dayanır. Çünki biz hər istiqamət üzrə düşünülmüş siyasət və proqramlar əsasında çalışırıq.
Energetika hər bir ölkənin milli təhlükəsizliyi məsələsidir. Bu gün dünyada, xüsusilə Avropa məkanında və digər bölgələrdə enerji xətlərinin təhlükə altında olmasının nə qədər böyük fəsadlara gətirib çıxardığını hər kəs öz gözləri ilə görə bilər. Bu gün Azərbaycan Avropanın enerji təhlükəsizliyini təmin edən ölkələr sırasındadır və təsadüfi deyil ki, Avropa İttifaqı tamamilə haqlı olaraq Azərbaycanı etibarlı tərəfdaş və Pan-Avropa qaz təchizatçısı adlandırır. Çünki bu gün Azərbaycan qazı 12 ölkəyə qaz kəmərləri vasitəsilə ixrac edilir. Onlardan 10-u Avropa ölkəsidir və məhz bu göstəriciyə görə, qaz təchizatımızın coğrafi əhatəsinə görə Azərbaycan bu gün dünya miqyasında qabaqcıl yerlərdədir. Əlbəttə ki, bir çox ölkələr Azərbaycan qazından istifadə edib öz enerji təhlükəsizliyini təmin edir. Biz həm təbii qaz, həm xam neft, neft və neft-kimya məhsulları, müəyyən həcmdə elektrik enerjisini ixrac edirik. Ancaq qeyd etdiyim layihələr istismara veriləndən sonra biz müxtəlif elektrik kabelləri vasitəsilə yaşıl enerjini də ixrac edəcəyik. Beləliklə, ölkəmizin iqtisadi gücü, geosiyasi önəmi daha da artacaq - halbuki bu gün də kifayət qədər yüksək səviyyədədir - və Azərbaycan bu bölgədə sabitlik, inkişaf, tərəqqi məkanı kimi öz rolunu daha da gücləndirəcəkdir.
Bu gün dünyada gedən prosesləri hər kəs izləyir. Bizim ətrafımızda demək olar ki, münaqişələr səngimir, əksinə, yeni münaqişə zonaları açılır. Böyük fəlakətlərə və insan faciələrinə gətirən toqquşmalar, müharibələr gedir. Biz də müharibə nədir, yaxşı bilirik. Bizim torpaqlarımız uzun illər işğal altında olmuşdur və İkinci Qarabağ müharibəsində Ermənistan nəinki bizim şəhər-kəndlərimizi və yaşayış obyektlərini məqsədyönlü şəkildə atəş altında saxlayırdı, hətta buraya da - Mingəçevirə də öz raketlərini göndərməyi də unutmamışdı - əgər belə demək mümkündürsə. Bunun da məqsədi bizim enerji infrastrukturumuzu iflic vəziyyətinə salmaq idi. Hətta İkinci Qarabağ müharibəsindən əvvəl bizi hədələmək üçün bir neçə üsuldan istifadə edən Ermənistan, o cümlədən Mingəçeviri bombalamaq, burada su bəndini dağıtmaq və Mingəçevir Elektrik Stansiyasını sıradan çıxarmaq kimi təhdidlər də səsləndirirdi. Buraya, bu əraziyə düşən həm mərmilər, həm də ki, uzaqmənzilli raketlər bunun əyani sübutudur. Bu, dinc əhaliyə, mülki infrastruktura yönəlmiş təcavüz idi və hərbi cinayətdir. Ermənistanın hərbi cinayətləri təkcə bununla məhdudlaşmır. Həm Xocalı soyqırımını törədən, həm işğal dövründə bizim yaşayış məntəqələrimizi yerlə-yeksan edən, eyni zamanda, İkinci Qarabağ müharibəsi zamanı Gəncəni, Mingəçeviri, Bərdəni, Tərtəri, Ağdamı və münaqişə zonasından kifayət qədər uzaqda yerləşən bir çox yaşayış məntəqələrini atəşə tutan Ermənistan hərbi cinayətkar dövlətdir.
Yəni bunu deməklə bir daha qeyd etmək istəyirəm ki, bu bölgənin, bu infrastruktur obyektinin ölkəmiz üçün nə qədər böyük əhəmiyyəti var. İndi isə biz sülh şəraitində yaşayırıq. Beş ildir ki, Azərbaycanda sülh tam təmin edilib və əlbəttə ki, hüdudlarımızın kənarında da nə qədər tez sülh təmin edilərsə, bir o qədər həm o ölkələr üçün, həm təbii olaraq, bizim üçün də yaxşı olacaq. Ancaq reallıq budur ki, bu gün bizim ölkəmiz sabitlik, inkişaf, tərəqqi məkanı kimi dünya miqyasında tanınır və bu adı biz öz əməyimizlə, zəhmətimizlə, düşünülmüş siyasətlə qazanmışıq. Bu gün bu stansiyanın adının seçilməsi də çox vaxt aparmadı. Təklif edilən variantlar arasında "8 Noyabr"ı mən seçdim. Çünki bu, bizim şanlı Zəfərimizin tarixidir. Zəfər xalqımıza, dövlətimizə yaraşır. Əminəm ki, bu stansiyanın ömrü uzun və fəaliyyəti uğurlu olacaq.
Bir daha sizin hər birinizi, hər birimizi bu gözəl hadisə münasibətilə təbrik edirəm. Sağ olun".
İtaliya Respublikasının şirkətlər və "Made in Italy" naziri Adolfo Urso çıxış edərək deyib:
"Bu gün burada olmağımdan və cənab Prezident İlham Əliyevlə birlikdə belə bir mühüm, elektrik enerjisi istehsal edən bu qurğunun açılışında iştirak etməkdən çox məmnunam.
Mingəçevir şəhərində tədbirdəyik. Yaxşı yadımdadır, iki il öncə şəxsən öz iştirakımla biz "Ansaldo Energia" şirkəti ilə, o cümlədən o şirkətin rəhbəri Fabbri ilə müqavilə imzaladıq və uzun vaxt çəkmədi ki, həmin layihə həyata keçirilməyə başlanıldı. Bu da bizim ölkələrimiz, müəssisələrimiz arasında əməkdaşlığın zirvəsinə çevrildi.
2000 meqavatlıq enerji imkanına malik olan bu qurğu keçmişlə müqayisədə havaya atılmaları 50 faiz azaldacaqdır. Bu, həmçinin ətraf mühitin qorunması deməkdir. Bu, olduqca vacib bir addımdır, çünki bizim energetika sahəsində olan əməkdaşlığımızı daha da gücləndirir və əlbəttə ki, bütün bunlar Azərbaycanın enerji baxımından inkişafına yönəlibdir.
Təbii ki, energetika sahəsində İtaliya ilə Azərbaycan arasında olan bu inkişaf göz qabağındadır. Cənab Prezident Əliyev elə indicə qeyd etdi ki, artıq 10 Avropa ölkəsinə Azərbaycanın təbii qazı çatdırılır. TAP boru kəməri strateji əhəmiyyətə malik boru kəməridir və qaz İtaliya ərazisindən Avropaya daxil olur. Hesab edirəm ki, bu, bizim, ümumiyyətlə, strateji tərəfdaşlığımızın enerji sahəsində olan mühüm bir hissəsidir. Bu gün bu qurğu artıq istismara verilir və bizim enerji sahəsində göstərdiyimiz daha böyük səylərimizin təzahürüdür. Bu, bizim ölkəmizə verdiyimiz töhfədir. Strateji addım atılaraq enerji təhlükəsizliyi gücləndirilir və təbii ki, bunun sayəsində, həmçinin digər sənaye və istehsal sektorlarında da inkişaf olacaqdır. Bizim liderlər - Prezident Əliyev və Baş nazir Ciorcia Meloni arasında başlanılmış strateji tərəfdaşlıq çərçivəsində bu işbirliyimiz baş tutur.
Düşünürük ki, belə bir əməkdaşlıq digər sahələrdə də olsun. Onların arasında metallurgiya, yaşıl texnologiya, xammal kimi sektorlar mövcuddur. Onlar hər iki ölkədə enerji keçidi baxımından çox əhəmiyyətlidir. Necə ki, bizim ölkədə və bütövlükdə Avropada biz buna çox sadiqik və düşünürük ki, biz, həmçinin mədəniyyət və elm sahələrində də əməkdaşlıq aparırıq. Biz bunu Bakıdakı İtaliya-Azərbaycan Universitetinin timsalında görürük. Təbii ki, həmin universitetdə gələcəkdə yeni mühəndislər formalaşacaq və Azərbaycanın inkişafına töhfə verəcəklər. Hesab edirəm ki, bu, ölkələrimiz arasında olan nəinki təhsil və mədəniyyət sahələrində, həmçinin digər sahələrdə, o cümlədən iqtisadi sahədə də əməkdaşlığa imkan yaradır.
Mən Prezident Əliyevə İtaliyaya diqqət yetirdiyinə görə təşəkkür edərək, bugünkü açılışdan çox məmnunluğumu bildirir, Baş nazir Ciorcia Meloninin salamlarını çatdırıram. Düşünürük ki, bundan sonra da hər iki ölkənin rifahı naminə əməkdaşlığımızı davam etdirəcəyik.
Mən Prezident Əliyevə Azərbaycanın bizimlə qurduğu əməkdaşlığa, bizim səfirliklə apardığı işə görə təşəkkürümü bildirirəm və səmimi-qəlbdən sizin hamınızı təbrik edirəm. Həmçinin istəyirik ki, sizin qonşu ölkədə - İranda baş verən münaqişə də səngisin, deeskalasiya olsun. Çünki bu, olduqca vacibdir. Çünki düşünürük ki, münaqişələr nə qədər çox azalarsa, diplomatiya, dialoq daha çox olarsa, bir o qədər əməkdaşlıq üçün də imkanlar yaranar. Bütün bunlar elə məfhumlardır ki, hər bir ölkənin buna ehtiyacı var. Hesab edirik ki, Azərbaycan qonşuları üçün də bir nümunə ola bilər.
Çıxışımın sonunda sizi bir daha təbrik edirəm".
İtaliyanın "Ansaldo Energia" şirkətinin baş icraçı direktoru Fabrizio Fabbri çıxış edərək deyib:
"Zati-aliləri Prezident İlham Əliyev.
Cənab nazir Adolfo Urso.
Xanımlar və cənablar.
Bu gün Mingəçevirdə belə əlamətdar bir elektrik stansiyasının açılışını qeyd etmək məqsədilə burada olmaq mənim üçün böyük şərəfdir. Bu layihə Azərbaycanın enerji təhlükəsizliyinə, davamlı inkişafa və sənaye tərəqqisinə sarsılmaz sədaqətinin rəmzidir.
"Ansaldo Energia" üçün bu gün Azərbaycanla uzunmüddətli və etibarlı əməkdaşlığımızın mühüm mərhələsidir. Əməkdaşlığımız azad edilmiş ərazilərdə dörd yarımstansiyanın avadanlıqla təmin olunması ilə başladı və o gündən etibarən daha da güclənərək inkişaf edir.
Yeni "8 Noyabr" elektrik stansiyası bu gün ölkədə öz növündə ən böyük və ən strateji obyektə çevrilmişdir. Bu stansiya Azərbaycan Respublikasının enerji infrastrukturunu modernləşdirmək, daha təmiz, daha etibarlı və daha səmərəli texnologiyalar tətbiq etmək istiqamətində dinamik və uzaqgörən yanaşmasının bariz nümunəsidir. Stansiyada "Ansaldo Energia" tərəfindən təchiz olunmuş dörd ədəd müasir qaz turbini və generatorlar quraşdırılıb. Bu avadanlıqlar sayəsində karbon qazı emissiyalarında ciddi azalma və təbii qaz istehlakında böyük qənaət əldə olunacaq. Bu isə ətraf mühitin qorunmasına və enerji səmərəliliyinə əlamətdar töhfədir.
Bu mühüm layihə üçün "Ansaldo Energia"nın təmin etdiyi AE94.3A qaz turbinləri yüksək istismar çevikliyi, etibarlılığı və sərfəliliyi ilə fərqlənir. Bundan əlavə, bu turbinlər təbii qazla qarışıq şəkildə 40 faizə qədər hidrogen yandırmaq imkanına malikdir. Bu xüsusiyyət stansiyanı gələcək üçün hazırlıqlı edir. Həmçinin Azərbaycanın milli iqlim hədəflərinə, eləcə də aşağıkarbonlu gələcək qurmaq istiqamətindəki genişmiqyaslı məqsədlərinə töhfə verir. Bu layihə həm texniki, həm də çatdırılma baxımından çox iddialı və çətin bir təşəbbüs olmuşdur. Layihənin cəmi iki il ərzində tam şəkildə həyata keçirilməsi və aşağı dəyəri, aşağı xərci onu oxşar layihələrlə müqayisəolunmaz edir. Qarşıya çıxan bütün çətinliklər daimi əməkdaşlıq, ortaq problemin həlli və qarşılıqlı öhdəlik sayəsində uğurla dəf edildi.
Bu gün stansiya tam fəaliyyət göstərir və avadanlıq yüksək nəticə verir. Bu, ortaq uğurdur və biz bu nailiyyəti "AzərEnerji" ilə birlikdə Azərbaycanda qeyd etməkdən qürur duyuruq.
Bu əməkdaşlıq adi təchizatçı-müştəri münasibətlərindən xeyli genişdir. O, ortaq dəyərlərə və cənab nazir Adolfo Ursonun qeyd etdiyi kimi, uzunmüddətli baxışlara əsaslanır. "Ansaldo Energia" yalnız texnologiya təqdim etmir. Biz həm də qabaqcıl təlim proqramlarına və yerli potensialın gücləndirilməsinə sərmayə qoyuruq ki, bu da Azərbaycanın enerji keçidinə uzunmüddətli dəstək verəcək.
Tərəfdaşlığımızın gücü dövlətlər səviyyəsində də öz təzahürünü tapır. Azərbaycanla İtaliya arasında möhkəmlənən əlaqələr bunun sübutudur. Zati-aliləri Prezident İlham Əliyevlə Baş nazirimiz xanım Ciorcia Meloni arasında keçirilmiş son görüş bu strateji münasibətlərin əhəmiyyətini bir daha təsdiq edir. COP29 İqlim Konfransı çərçivəsində "Ansaldo Energia" və "AzərEnerji" arasında Anlaşma Memorandumu imzalanmışdır. Bu sənəd enerji təhlükəsizliyi, enerji keçidi strategiyaları və təlim sahəsində ortaq öhdəliyimizi rəsmiləşdirmişdir. Bu, əməkdaşlığımızın innovasiya, davamlılıq və birgə gələcək məsuliyyət üzərində qurulan yeni mərhələsinə keçidi simvolizə edir.
Azərbaycan Respublikası öz strateji mövqeyi, təbii ehtiyatları və ardıcıl enerji siyasəti sayəsində Avropanın enerji təhlükəsizliyində həlledici rol oynayır. Təbii qaz təchizatçısı kimi rolu və infrastrukturun modernləşdirilməsi sahəsindəki səyləri Azərbaycanı qlobal enerji əməkdaşlığında əsas oyunçulardan birinə çevirmişdir.
Xanımlar və cənablar, "Ansaldo Energia" Azərbaycan Respublikasının innovasiya yolunun bir parçası olmaqdan qürur duyur. Bu, yalnız qabaqcıl texnologiyalarla deyil, həm də enerjinin gələcəyi ilə bağlı ortaq baxışımızla mümkündür. Biz birlikdə həm təhlükəsiz, həm də davamlı texnologiyaya və insan amilinə əsaslanan enerji əməkdaşlığı modeli qururuq. Bu tərəfdaşlığın yaradacağı yeni imkanları səbirsizliklə gözləyirik. Bu gün bu, bir layihənin sonu deyil. Bu, ortaq yolumuzun yeni bir fəslinin başlanğıcıdır.
Prezident İlham Əliyevə, cənab nazir Adolfo Ursoya, "AzərEnerji"nin rəhbərliyinə və bu möhtəşəm nəticənin əldə olunmasına töhfə verən hər kəsə təşəkkürümü ifadə etmək istəyirəm. Bu sıraya mühəndislərdən sahə işçilərinə, layihə komandalarından ölkənin milli və yerli qurumlarına qədər hamı daxildir. Sizin peşəkarlığınız, əzmkarlığınız və fədakarlığınız bizi bu gün bu uğurun şahidi olmağa gətirib çıxardı.
Hamınıza təşəkkür edirəm".
Çinin "Dongfang Electric İnternational Corporation" şirkətinin İdarə Heyətinin sədri Çen Qianq çıxış edərək deyib:
"Möhtərəm cənab Prezident İlham Əliyev.
Hörmətli qonaqlar, xanımlar və cənablar.
Bu gün biz burada Azərbaycanın energetika tarixində əlamətdar bir mərhələyə - Mingəçevirdə yeni 1880 MVt gücündə elektrik stansiyasının tam istismara verilməsinə şahidlik etmək üçün toplaşmışıq.
Bu münasibətlə "Dongfang Electric İnternational Corporation" adından Azərbaycan Respublikasının Prezidentinə, dövlətinə, "AzərEnerji" Açıq Səhmdar Cəmiyyətinə və tikintidə iştirak edən bütün tərəfdaşlara ən səmimi təbriklərimi, dərin hörmət və ehtiramımı bildirirəm.
Mingəçevir su anbarının yaxınlığında yerləşən və Azərbaycanın ən böyük enerji istehsalı mə