
"Təbiəti qorumaq hər bir insanın müqəddəs borcudur. Təbiət bizim milli sərvətimizdir."
Heydər Əliyev.
Hər il 5 iyun tarixində dünya ictimaiyyəti Ümumdünya Ətraf Mühit Gününü qeyd edir. Birləşmiş Millətlər Təşkilatının təşəbbüsü ilə 1972-ci ildən bəri qeyd olunan bu gün ətraf mühitin qorunmasının vacibliyini gündəmə gətirməklə insanları təbiətin xilası üçün birləşdirir.
Azərbaycanın mühüm təbii-iqtisadi bölgələrindən biri olan Aran zonası, geniş çölləri, su ehtiyatları və kənd təsərrüfatı imkanları ilə seçilir. Lakin son onilliklərdə ətraf mühitin çirklənməsi, torpaqların şoranlaşması, su ehtiyatlarının azalması və iqlim dəyişikliyi bu bölgəni də ciddi ekoloji problemlərlə üz-üzə qoymuşdur. Ətraf mühitin mühafizəsi burada yalnız təbiətin deyil, həm də insanların sağlam həyat şəraitinin təmin olunması baxımından vacibdir.
Aran zonasının mühüm rayonlarından biri olan Zərdab, Kür çayının sahilində yerləşməsi ilə həm kənd təsərrüfatında, həm də ekoloji baxımdan xüsusi əhəmiyyətə malikdir. Son illər Zərdabda ekoloji maarifləndirmə tədbirləri, ağacəkmə aksiyaları və tullantıların düzgün idarə olunması istiqamətində müxtəlif layihələr həyata keçirilir. Xüsusilə məktəblərdə və gənclər arasında təbiətin qorunması ilə bağlı maarifləndirmə işləri artırılıb.
Zərdab rayonu həm də öz təbii mənzərəsi ilə fərqlənir – Kür çayının sahilində yerləşən qamışlıqlar, müxtəlif quş növlərinin sığınacaq yeri olan bataqlıq zonalar və yerli biomüxtəliflik rayonun təbii sərvətlərindəndir. Bu təbii sərvətlərin qorunması isə yalnız dövlətin deyil, hər bir vətəndaşın borcudur.
5 İyun – Ümumdünya Ətraf Mühit Günü bizə bir daha xatırladır ki, təbiətə sahib çıxmaq gələcəyimizə sahib çıxmaq deməkdir. Aran zonasında, o cümlədən Zərdabda bu mövzuda keçirilən tədbirlər, təbiətə diqqət və qayğını təbliğ etməklə yanaşı, cəmiyyətin ekoloji düşüncəsinin formalaşmasına da xidmət edir.
Ətraf mühiti qoruyaq – bu təkcə bu günün yox, sabahın da çağırışıdır.
Ramil Mehdiyev,
Nizami Rayon Sosial-İctimai Maarifləndirmə İctimai Birliyinin İnnovativ ideyaların reallaşdırılması və kommunikasiya şöbəsinin müdiri



