Əməkdaşlığl gücləndirmək və enerji təhlükəsizliyini təmin etmək hədəfimizdir

Sadə xəbər
SİYASƏT 11.04.2025 2916

 

Məlum oldiğu kimi,  Azərbaycanda  Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 11-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 3-cü iclası keçirildi. Toplantıya Azərbaycan və Avropa İttifaqı daxil olmaqla 24 ölkə, 7 beynəlxalq maliyyə  institutu və 42 enerji şirkəti qatılırdı. Tədbirdə eyni zamünda nazirlər, nazir müavinləri və digər yüksək səviyyəli nümayəndələr iştirak edirdilər.

Bu da məlumdur ki, artıq  11-ci dəfədir Bakıda keçirilən bu toplantının təməlini Azərbaycan qoymuşdur.  Avropa Komissiyası tərəfindən dəstəklənən bu vacib toplantı enerji təhlükəsizliyi sahəsində yanaşmaların formalaşdırılmasında, həmin məsələlərin həllində və birgə səylərin əlaqələndirilməsində mühüm rol oynayır. Getdikcə  prosesdə iştirak edən ölkələrin və şirkətlərin sayı artmaqdadır və bu müsbət bir tendensiyadır.

Toplantıda çıxış edən Prezident İlham Əliyev başlıca məqsədin əməkdaşlığı gücləndirmək olduğunu bildirdi. İkinci məqsəd isə ölkələrin özləri, öz qonşuları və tərəfdaşları üçün enerji təhlükəsizliyini təmin etməkdir.  Avropa Komissiyasının yüksəkrütbəli nümayəndələrinin də qeyd etdikləri kimi, Azərbaycan enerji sahəsində etibarlı tərəfdaşdır. Ölkəmizin  qaz təchizatının coğrafiyası gündən-günə genişlənir. Bakıda keçirilmiş 10-cu Məşvərət Şurasından sonra əlavə 5 ölkə Azərbaycan təbii qazının alıcısına çevrilib. Bu gün Azərbaycanın təbii qazı 12 ölkəyə çatdırılır. Onlardan 10-u Avropa ölkəsidir. Bu 10 ölkədən 8-i isə Avropa İttifaqının üzvüdür. 

Çıxışında Cənub Qaz Dəhlizi haqqında danışan Prezident İlham Əliyev, bu dəhlizi bütün iştirakçılar üçün böyük uğur hekayəsi adlandırdı. Həqiqətən, bu böyük uğurdir. Belə ki, bu gün 3500 kilometrlik inteqrasiya edilmiş boru kəməri sistemi bir çox ölkələrin enerji təhlükəsizliyi üçün əsas arteriyadır.  Cənubi Qafqaz Boru xətti, TANAP və ya TAP - Cənub Qaz Dəhlizinin bu üç ayrılmaz hissəsi tam gücüylə işləməkdədir. 

Cənab Prezident bir neçə ildən sonra bir çox digər neft-qaz yataqlarının da istismarına başlanılacağının proqnozunu verdi. Prezident eyni zamanda qeyd etdi ki, "Ümid edirəm, Avropada çox geniş yaşıl gündəliyə baxmayaraq, faydalı qazıntı hasilatçıları və ənənəvi yanacaq enerji təhlükəsizliyinin mühüm meyarı kimi yaddan çıxmayacaq və ayrı-seçkiliyə məruz qalmayacaq"

Daha sonra Azərbaycanın COP 29-dakı fəaliyyəti haqqında danışan dövlət başçısı bildirdi ki, forum zamanı da qeyd etdiyimiz kimi, faydalı qazıntıları zəngin olan ölkələrlə sərvətləri olmayan ölkələr arasında ayrı-seçkilik və ayırıcı xətlər olmamalı, əksinə, faydalı qazıntıları zəngin olan və bərpaolunan enerjiyə sərmayə qoyan ölkələr alqışlanmalıdır. Cənab Prezident çox açıq şəkildə bildirdi ki, bunun tam əksinə olaraq, həmin ölkələrə qarşı hücum siyasəti həyata keçirilir.

Açılış sessiyasından sonra toplantı öz işini nazirlər sessiyası, “Cənub Qaz Dəhlizi sessiyası: Cənub Qaz Dəhlizinin uğurlu istismarı, inkişafında tərəqqi və növbəti addımlar” və “Yaşıl enerji layihələri və yaşıl enerji dəhlizləri” üzrə plenar sessiyalarla davam etdirdi.

Həmçinin Məşvərət Şurası çərçivəsində Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan arasında yaşıl enerjinin ötürülməsi və ticarəti üzrə II Nazirlər Görüşü, Xəzər-Qara Dəniz-Avropa Yaşıl Enerji Dəhlizi üzrə qeyri-rəsmi Rəhbər Komitə/Nazirlər Görüşü və Azərbaycan ilə Avropa İttifaqı arasında dənizdə külək enerjisinin inkişafı üzrə dəyirmi masa keçirildi. Tədbir çərçivəsində enerji sahəsində əməkdaşlıq üzrə sənədlər imzalandı.

Xatırladaq ki, Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlər toplantısı 2015-ci ilin fevral ayından etibarən keçirilir. Və artıq on birinci dəfədir ki,  Azərbaycan bu mühüm beynəlxalq tədbirə böyük uğurla evsahibliyi edir.

Jalə Əliyeva,
Millət vəkili
Milli Məclisin Ailə, qadın, uşaq məsələləri 
komitəsinin sədr müavini

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top