Sadə xəbər
Bakı şəhəri Yasamal rayonu 31 nömrəli tam orta məktəbdə keçirilən “İncəsənət ilə təhsilə doğru” layihəsi başa çatıb.
Bakues.az xəbər verir ki, Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin maliyyə dəstəyi və Azərbaycan İncəsənət Məktəbinin tərəfdaşlığı ilə reallaşan layihə, Təhsildə İnkişaf və İnnovasiyalar üzrə VIII qrant müsabiqəsinin qalibi olub və 4 ay davam edib.
Layihənin məqsədi gitara kurslarını şagirdlər üçün əlçatan edərək onların təhsil mühitinə adaptasiyasına dəstək olmaq, sosial bacarıqlarını inkişaf etdirmək və özünəinam hissini gücləndirmək idi. 31, 18 və 150 nömrəli tam orta məktəblərdən seçilmiş 13-15 yaş aralığında olan 16 şagird layihədə iştirak edib.
Təlimlərdə şagirdlər 16 günlük gitara kurslarında iştirak edərək musiqi ifaçılığının əsaslarını öyrəniblər. Layihənin sonunda isə onların bacarıqlarını nümayiş etdirmələri üçün “Ən gözəl ifa” adlı müsabiqə təşkil olunub.
Layihə rəhbərinin sözlərinə görə, bu təşəbbüs şagirdlərin emosional vəziyyətinin yaxşılaşmasına, yaradıcılıq qabiliyyətlərinin inkişafına və məktəb mühitinə daha rahat uyğunlaşmalarına müsbət təsir göstərib.
Bu cür layihələr təhsil prosesində incəsənətin rolunu artırmaqla yanaşı, şagirdlərin fərdi inkişafına və sosial inteqrasiyasına mühüm töhfə verir.