Ölkəyə müxtəlif təyinatlı tibbi avadanlıqlar gətirəcəyi vədi verərək etibardan sui-istifadə yolu ilə müxtəlif insanlara qarşı dələduzluq etməkdə təqsirləndirilən Ramin Məhərrəmovun cinayət işi üzrə məhkəməsi davam etdirilib.
"Saat24.az"ın verdiyi məlumata görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Elmin Rüstəmovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkmişlər ifadə veriblər.
Zərərçəkmiş Murad Muradov bildirib ki, təqsirləndirilən şəxsi yaxşı tanıyıb: "Mənim yoldaşımın pensiyası kəsilmişdi. Yoldaşımın pensiyasını 5 illiyə saldılar, daha sonra kəsildi. Təqsirləndirilən şəxslə aramızda olan bütün səs yazılarımız var. Biz onunla "Vitek"də tanış olmuşuq. Mənə özünü həkim kimi təqdim etdi və dedi ki, pensiya məsələnizi həll edəcəm. Yoldaşım şəkər xəstəsidir. Mənə ümumilikdə 7 min 400 manat zərər dəyib və 1 qəpik də qaytarılmayıb".
Digər zərərçəkmiş Şahin Əliyevin sözlərinə görə, təqsirləndirilən şəxsə ona ümumilikdə 55 min zərər vurub: "Mən ağır xəstəlikdən əziyyət çəkirəm. Mənə lazım olan dərman isə xaricdən gətirmək mümkün idi. Mən dərmanla bağlı Ramin doktora müraciət etdim. O isə adi bir qaba həmin dərmanın adını saxtakarlıqla yapışdıraraq 10 min manata mənə satdı. Daha sonra oğlumu guya Prezident Administrasiyasında işə düzəldəcəyi ilə bağlı yalan vəd verərək 20 min manat dələduzluq edib. Mənə ümumilikdə 55 min zərər dəyib".
Məhkəmənin növbəti iclası noyabrın 27-nə təyin edilib.
Xatırladaq ki, iş üzrə 10 nəfər zərərçəkmiş qismində tanınıb. Ümumilikdə vətəndaşlara dəymiş ziyan 174 min manatdır.
Qeyd edək ki, zərərçəkənlərdən daxil olan şikayətlər əsasında Xətai Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbir nəticəsində 1981-ci il təvəllüdlü Ramin Məhərrəmov tutularaq istintaqa təqdim edilib.
Ona qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (Dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.