Jalə Əliyeva Bakı Dövlət Universitetinin 105 illik yubileyi çərçivəsində keçirilən tədbirdə çıxış edib -Foto

Sadə xəbər
CƏMİYYƏT 28.10.2024 3738
Millət vəkili, Milli Məclisin komitə sədrinin müavini, filologiya elmləri doktoru, professor Jalə Əliyevanın Bakı Dövlət Universitetinin 105 illik yubileyi çərçivəsində keçirilən tədbirdəki çıxışı:

"Hörmətli cənab Rektor, hörmətli müəllimlər, əziz tələbələr! 
Mən də öz növbəmdə hər birinizi salamlayıram. Bu gün çox qürurverici, tarixi bir tədbirdə - Bakı Dövlət Universitetinin yaranmasının  105 - ci ildönümünə həsr olunan  tədbirdə iştirak edirik. 

Bakı Dövlət Universiteti bir məbəddir! 1919-cu ilin 1sentyabr tarixində Azərbaycanda ilk ali təhsil müəssisəsi  kimi fəaliyyətə başlayan universitet, tam 105 ildir qocaman dağlar kimi qürurla, əzəmətlə dayanaraq, on minlərin qəlbində, zehnində elm çırağı yandırır! 

Bakı Dövlət Universiteti  bütün dövrlərdə - yarandığı ilk gündən ta günümüzə qədər Azərbaycan elminin, təlimin, tərbiyənin, tədrisin, maarifin flaqmanı, bayraqdarı olmağı bacardı! Bəli! Universitetimiz bu gün də flaqmandır! Bayraqdardır! Elmin, təhsilin ən ön sıralarında gedir! Adını dünyaya tanıdır!  Yeni dostlar, tərəfdaşlar qazanır! Hər bir çalışanına, müəlliminə, tələbəsinə dəstək olur!  Yol göstərir!  

Biz bu gün bu elm  məbədində əməyi, payı olmuş, ona müxtəlif dövrlərdə rəhbərlik etmiş bütün dəyərli ziyalılarımızı ehtiramla anır, eyni zamanda çox  hörmətli rektorumuz cənab Elçin Babayevə istər idarəçilik baxımından,  istər elmli gənclərin hərtərəfli yetişməsi baxımından, 
istər tədrisin keyfiyyəti baxımından, istər müəllim-tələbə dialoqu  baxımından bir çox ilklərə imza ataraq universitetimizə  qazandırdığı böyük nailiyyətlərə görə minnətdarlığımızı bildiririk.

Sizinlə  BDU-nun 105 illik yubiley tədbirləri çərçivəsində məzunu olduğum Şərqşünaslıq fakültəsinin keçdiyi yola nəzər salmaq, əldə olunanlara qiymət vermək, universitetin həyatında daşıdığı rolu dəyərləndirmək üçün biraradayıq. Yeri gəlmişkən, mən bu gün münasibətilə doğma Şərqşünaslıq fakültəsini, fakültənin bütün professor-müəllim heyətini, çalışanlarını tələbələrini ürəkdən təbrik edir, Sizə daim uğurlar arzulayıram! 

Bu zalda əyləşənlərin hər birinin taleyində, həyatında bir BDU var! Təhsil aldıqları, məzun olduqları, yetişdikləri, çalışdıqları, bütün ömrünün, tərcümeyi-halının bağlı olduğu BDU! 105 illik  Bakı Dövlət Universiteti! 

Bakı Dövlət Universitetinin məzunları arasında  böyük alimlər, müəllimlər, nüfuzlu siyasətçilər, diplomatlar, bir sözlə ziyalılar var. Lakin Bakı Dövlət Universitetinin məzunları sırasında bir fenomen  işim də vardır ki, onunla bu gün sadəcə təhsil aldığı universitet deyil, bütöv bir xalq, bir millət, bir ölkə fəxr edir! Bütün dünya bu nadir şəxsiyyətin nadir zəkasına, iti ağlına, dərin siyasətinə, gələcəyi bir peyğəmbər dəqiqliyi ilə görmək bacarığına şahidlik edir!  Bu fenomen  məzun, Azərbaycan xalqının lideri, yolgöstərəni, Ulu Öndər Heydər Əliyevdir! 

Ulu öndər deyirdi ki, mən fəxr edirəm ki, azərbaycanlıyam! Əlbəttə biz hamımız azərbaycanlı olmağımızla fəxr edirik! 
Amma eyni zamanda ömrünə, taleyinə Bakı Dövlət Universitetinin məzunu  olmaq, əməkdaşı olmaq kimi şərəfli  bir ad yazılanlar  da var ki, düşünürəm bu şərəfə nail olan hər kəs bu gün böyük bir qürurla mən fəxr edirəm ki, məhz Bakı Dövlət Unuversitetinin məzunuyam, məhz Bakı Dövlət Universitetində çalışıram, deyir. 

Məncə yetişən hər bir şəxs və onun qazandığı uğurlar, ilk növbədə həmin  şəxsin ailəsinin və əlbəttə ki, təhsil aldığı  müəssisəsinin uğurudur! 
İcazənizlə öz timsalımda doğma Universiteti və doğma fakültəmi anladacağam. 

Mən və doğulub boya başa çatdığım ailənin, nəslin əksər üzvləri Bakı Dövlət Universitetinin məzunlarıyıq. Onlardan biri -  yenicə haqqın dərgahına qovuşmuş  bibim, filologiya elmləri doktoru, professor İfrat xanım Əliyeva 88 illik  ömrünün tam 71 ilini bu məbədə həsr edib. BDU-nun tələbəsi, laborant, müəllim, dekan. kafedra müdürü, prorektor olub. Əməkdar müəllim adını qazanıb. Tərəqqi medalı ilə təltif edilib. 

Mən - 58 yaşındayam. 17 yaşımda Universitetin Şərqşünaslıq  fakültəsinə daxil olmuşam. Elə birinci kursun sonunda - ikinci semestrdən sonra o zamanın ən ali təqaüdü olan  Lenin təqaüdünə layiq görülmüşəm. Və bu təqaüdü ta universiteti bitirənə qədər hər il ard-arda almışam. Qiymət kitabçamda  1-ci kursdan 5-сi kursu bitirənə qədər ancaq əla qiymətlər olub. Heç vaxt yaxşı, kafi, qeyri- kafi almamışam. 5 il sinif nümayəndəsi olmuşam. Universitetin Böyük Elmi Şurasında tələbələri təmsil etmişəm. Universitet Elmi konfranslarında davamlı olaraq  məruzələrlə çıxış etmişəm.

Əlaçı tələbə kimi Türkiyənin İstanbul Universitetində təcrübə keçməyə göndərilmişəm. Bu indiki kimi  əlimizi uzatdığımız zaman anında yetişə biləcəyimiz Türkiyə deyildi. İdeologiyalar bu iki qardaş ölkənin arasına möhkəm sədd çəkmişdi. Sovet insanının ayağının nadir hallarda dəydiyi Türkiyədə mən universitetimiz tərəfindən təcrübə keçməyə göndərildim. Oxudum, gəldim, Füzuli və türk ədəbiyyatı mövzusunda  diplom işimi yazdım. 

Bu günə qədər yadımdadır. Müdafiəyə cəmi 1 saat qalmış bir anda diplom rəhbərim Əsgər müəllim dedi ki, Jalə, bəlkə müdafiəni türk dilində edəsən? Məncə bacararsan. Bu təklif  mənim üzərimə böyük bir məsuliyyət qoyurdu. Çox həyəcanlanmışdım, amma eyni zamanda bu işin öhdəsindən gələ biləcəyimə içimdə bir əminlik var idi. Və mən diplom işimi türk dilində təqdim etdim. Komissiya üzvləri çox bəyənmişdilər. O zamana qədər fakültəmizdə diplom işini xarici dildə müdafiə edən olmamışdı. Biz, sevimli  müəllimimlə birlikdə  bir ilkə imza atdıq.

Universitetin Şərqşünaslıq fakültəsini 1988-ci ildə Qırmızı diplomla bitirdim. Elə həmin ildən Şərqşünaslıq fakültəsində  dərs deməyə başladım. Aspiranturaya qəbul olundum. 4 il aspiranturada oxudum.  1995-ci ildə - 29 yaşımda namizədlik dissertasiyamı müdafiə etdim, sonra  dosent adını aldım, 2005-ci ildə 39 yaşımda doktorluğumu müdafiə etdim, 2006-cı ildə  professor oldum. Tələbə, aspirant, saat hesabı müəllim, 0,25 ştat müəllim, yarım şrat müəllim, baş müəllim, elmlər namizədi, dosent, elmlər doktoru, professor! Azərbaycan Yazıçılar Birliyi İdarə Heyətinin üzvü! 

Və nəhayət Azərbaycan Respublikası Milli Məclisinin 3-cü, 4-cü, 5-ci, 6-cı, 7-ci çağırış deputatı! Komitə sədrinin müavini! Ard-arda 5 dəfə ali qanunverici orqanda seçicilərini,  ölkəsinin bir parçasını təmsil edən bir qadın millət vəkili! 

Sizə 58 illik ömrümün  universitetimizlə, Şərqşünaslıq fakültəsi ilə birbaşa və dolayısıyla bağlı olan 41 illik uğur  hekayəsini qısaca da olsa anlatmağa çalışdım. Özümü öymək üçün yox! Əsla! Əminəm ki, hər bir  məzunun öz uğur hekayəsi vardır. Sadəcə mən bizi yetişdirən, pərvazlandıran, bizə inam, güc verən bu doğma mühitə bütün uğurlarımıza görə  nə qədər borclu olduğumuzu hər kəsin bilməyi üçün anlatdım hekayəmi. Təhsil aldığım, çalışdığım Universitetin və onun Şərqşünaslıq fakültəsinin möhtəşəmliyini bir daha diqqətlərə çatdırmaq üçün anlatdım hekayəmi. 

Və bir də, burada mənimlə üzbəüz oturan bütün müəllimlərimin qarşısında baş əyirəm, dünyasını dəyişmiş bütün müəllimlərimizi ehtiramla anıram, çiyin-çiyinə işlədiyim fakültəmizin bütün əməkdaşlarını, (onların içərisində tələbəılik dostlarım da var, dərs dediyim tələbələrim də var) və əlbəttə ki, doğma Universitetimizi, başda dəyərli rektorumuz Elçin müəllim olmaqla yubiley münasibətilə bir daha  təbrik edirəm! 

Səni sevirəm əziz Universitetim! Sənə nəhayətimə qədər bağlıyam, doğma fakültəm!"


Saat24.Az Coşqun Abdullayev 
XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top