Təpədən dırnağa ŞAİR: Şaiq Məmmədov

Manşet
Mədəniyyət 21.10.2024 4430
Saat24.az: - Şaiq Məmmədov ixtisasca hərbiçidir. Birinci Qarabağ Müharibəsinin iştirakçısı və müharibə veteranıdır. Uzun müddət hərbi sistemdə və müxtəlif yüksək vəzifələrdə çalışıb. Hazırda ehtiyatda olan polkovnikdir. Olduqca savadlı, hazırlıqlı, yüksək intellekt və mədəniyyət sahibi olaraq çox maraqlı bir şəxsiyyətdir. Ən əsası fikir, düşüncə adamıdır. Onunla söhbət etmək, fikir mübadiləsi aparmaq, hər hansı bir məsələni müzakirə eləmək, nəinki insanda xoş təəssürat yaradır, həm də anlaşıqlı fikirləri və dərin məntiqi ilə onun yaddaşında silinməz izlər buraxır.

Görüşümüzdən çox məmnun qaldım və bu görüşü təşkil edən yaxın dostum Mirfazil Həmidə çox dərin təşəkkürümü bildirirəm. Söhbətimizin sonunda necə oldusa söz şeirdən, poeziyadan düşdü. Dedi ki, mən də hərdən şeir yazıram. Düzü, bu, mənim üçün o qədər də gözlənilməz olmadı. Çünki belə fəlsəfi- bədii təfəkkür və yaradıcı təxəyyülə malik olan insan poeziyadan uzaq ola bilməz. Həmin şeirlərdən bir neçəsini telefonumuzun yaddaşına köçürüb heç bir əl vurmadan “DoğruXəbər.az” saytının hörmətli oxucuları ilə paylaşıram.
Nizami Təhməzov


Bu dünyanın

Deyim dostlar, bilən bilir,
Sonu yoxdur bu dünyanın.
Haqdan gəlib haqqa gedir,
Zülmü çoxdur bu dünyan.
*
Rəhmi gəlməz bir kimsəyə,
Olsa da Şah, ya da Sultan.
Qoymaz kimsə mənimsəyə,
Bir zərrəsin, hətta insan.
*
Min toy tutur başımıza,
Nələr çıxmaz qarşımıza,
Zəhər qatır aşımıza,
Sonu yoxdur bu dünyanın.
*
Kimisi tox, kimisi acdır,
Kimə zindan, kimə tacdır,
Özü də ac- yalavacdır,
Sonu yoxdur bu dünyanın.
*
Vəfasızdır, güvənməyn,
Sizi tora salacaqdır.
Var- dövlətlə öyünməyin,
Verdiyini alacaqdır.
*
Hərdən ömrü edər yarı
Nə əhdi var, nə ilqarı,
İtiribdir etibarı,
Sonu yoxdur bu dünyanın.


Allah
Yaradıb insanı xəlq eyləyəndə,
Onun ruzusunu özün ver, Allah.
Saçın ağardıb qəddin əyəndə,
Çörəyin bol eylə, duzun ver, Allah.
*
Eylə sağlamlığın, qoy olsun dəmir,
Qoy rahat uyusun etməsin çimir,
Qıyma bir kimsəyə kəm olsun ömür,
Taleyin verəndə, özün ver, Allah.
*
Başına ağıl qoy, olmasın nadan,
Olmasın həyatda lazımsız insan.
Qazansın özünə şərəf, şöhrət, şan,
Dilinin kəlamın özün ver, Allah.
*
Yandırma bağrının başında ocaq,
Şünki namərd olub haqdan qaçacaq.
Kimin ki, qapısın fələk açacaq,
Ona da iradə, dözüm ver, Allah.
*
Qaytar,qoy olmasın yolundan azan,
Qılsın namazın, oxusun azan.
Ver ətin, kartofun yandırsın qazan
Ocağın, odunun, közün ver, Allah.
*
Qadına ismət ver, saxlasın arın,
Etməsin xəcalət ömür- gün yarın.
Dursun tərəfində əhdin, ilqarın,
Onun da qəmzəsin, nazın ver, Allah.
*
Belə söyləyibdir babamız ozan,
Olmayıb hələ ki, yazını pozan,
Döyüşsün oğullar, sanki xan Qazan,
Onların qopuzun, sazın ver, Allah.


Ata
Dağların küləyi əsir üstümə,
Ürəklər alışır mənim tüstümə,
Dost da düşmən olub durub qəsdimə,
Sən bir yaraşıqdın bu kainata,
Axı. nə tez köçdün həyatdan, ata?
*
Sən vardın həyatda, sayılardıq biz,
Keçməzdi bu evdə bir məclis sənsiz,
İndi bir gəmiyəm, sanki yelkənsiz,
Az qalır dünyada ümmanım bata,
Axı, nə tez getdin bu həyatdan, ata?
*
Dillər əzbəriydi əqlin, kəmalın,
Dünyaya bəzəkdi hüsnün, vüqarın.
Zalım fələk əydi o şux camalın,
Qoymadı arzumuz sonuna çata,
Axı, nə tez köçdün dünyadan, ata?
*
Əmi, dayı artıq sormur halımı,
Qohum, qardaş tutan yox əhvalımı,
Hayqırıb çağırım Rüstəm- Zalımı?
Bəlkə bu həsrəti sındıra çata,
Axı, nə tez köçdün dünyadan, ata?
*
Həsrətin getdikcə qəddimi əyir,
Adın çəkiləndə səsim titrəyir,
Atılan oxlarım daşlara dəyir,
Damımın dirəyi az qalır yata,
Axı, nə tez köçdün həyatdan ata?
*
Sın gedən yollara dikilir gözüm,
Tükənir taqətim, tükənir dözüm,
Əyilir qamətim, bükülür dizim,
Gedirəm yolunda mən bata- bata,
Axı, nə tez köçdün həyatdan, ata?



Mən dünyanın daşın atdım ki...

Mən o gün dünyanın daşın atdım ki,
İtlər harınlayıb qurdu qapırlar
Namusun dəyəri qara pul oldu
Dəyər bilməyənlər dəyər tapdılar.
*
Mən o gün dünyanın daşın atdım ki,
İtlər harınlayıb qurdu qapdılar,
Hamının dəyəri qara pul oldu,
Dəyər bilməyənlər,dəyər tapdılar
*
Mən o gün dünyanın daşını atdım ki,
Sevənlər nifrətlə açdı sözünü,
Bir kişi buraxıb öz namusunu,
Özgə namusuna dikdi gözünü
*
Mən o gün dünyanın daşını atdım ki,
Yaşamaq haqqını insanlar böldü,
Biri işləmədi,kefləndi yatdı,
Biri işləyə işləyə acından öldü,
*
Mən o gün dünyanın daşını atdım ki,
Namərdlər mərdləri tapdadı əzdi,
Meşə xəlvət, tülkü bəy oldu,
Aslanlar yurdunda çaqqallar gəzdi,
*
Mən o gün dünyanın daşın atdım ki,
Böyük duran yerdə kiçiklər dindi,
Qalmadı arada nə hörmət nə ar,
İnsanlar yalandan libas geyindi
*
Mən o gün dünyanın daşını atdım ki,
Zalımlar məzlumun haqqını yedi,
Halla harama baxan olmadı,
Ədalət oğruya “doğrusan” dedi.
 
XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top