Millət vəkili Jalə Əliyeva "Qida təhlükəsizliyi sistemi və onun vahid sağlamlıq konsepsiyasında rolu" mövzusunda təşkil etdiyi ictimai dinləmədə çıxış edib-Foto

Sadə xəbər
SİYASƏT 07.05.2024 2297
Millət vəkili Jalə Əliyeva Milli Məclisin Aqrar siyasət komitəsinin Qida Təhlükəsizliyi Agentliyi ilə birlikdə  "Qida təhlükəsizliyi sistemi və onun vahid sağlamlıq konsepsiyasında rolu" mövzusunda təşkil etdiyi  ictimai dinləmədə iştirak və çıxış edib. 

Çıxışında qanunverici orqanda müxtəlif mövzulu dinləmələrin mütəmadi keçirilməsinin  artıq bir ənənə halını aldığını bildirən Jalə  Əliyeva, bu müsbət tendensiyanın qəbul edilən qanunların icrasının effektivliyinin artmasında özünü göstərdiyini, hazırki dinləmənin mövzusunun da olduqca aktual və əhəmiyyətli olduğunu vurğulayıb. Millət vəkili daha sonra bunları qeyd edib: "Biz bir az əvvəl Qida Təhlükəsizliyi Agentliyinin fəaliyyətinə həsr edilmiş  "5 il-5 dəqiqədə" adlı çarxı izlədik. Agentliyin yaradılması dövlətin öz vətəndaşlarının təhlükəsizliyinin, sağlamlığının qorunmasına verdiyi önəmi ortaya qoyur.
Ölkədə qida təhlükəsizliyi sahəsində davamlı və dayanıqlı tədbirlər həyata keçirilir və bu tədbirlər davam etməkdədir. Qida təhlükəsizliyinin təmini həqiqətən strateji,  milli təhlükəsizlik əhəmiyyətli bir məsələdir və bir başa ölkənin sağlam genofondunun formalaşmasının və qorunmasının özəyini təşkil edir.

Lakin qida təhlükəsizliyi məsələsi sadəcə Qida Təhlükəsizliyi Agentliyinin cavabdehliyində deyil. Qida təhlükəsizliyinin və sağlam həyatın təmin edilməsi bir çox əlaqədar qurumların -  Ekologiya, Kənd təsərrüfatı, Səhiyyə, Su Təsərrüfatı, Gömrük, Hüquq - Mühafizə və s. kimi qurumların vahid konsepsiyadan irəli gələrək ortaq fəaliyyəti ilə daha da effektiv ola bilər. 

Aldığımız havadan, içdiyimiz sudan, yediyimiz qidadan, qəbul etdiyimiz dərmanlardan və s. tutmuş gündəlik həyatımızın bir çox digər halları da qida və sağlamlıqla bağlıdır. Ona görə də bu sahədə əlaqədar qurumların birlikdə fəaliyyəti üçün yeni konsepsiya yaradılmalıdır.

Digər bir məsələ, burada da söyləndiyi kimi, bu sahədə çox sayda dezinformasiyalar yayılır. Qida ilə bağlı yayılan xəbərlər   insanlar arasında çaşqınlıq, həyəcan yaradır. Əvvəllər, sovetlər məkanında mağazalarda satılan istehlak məhsullarının üzərində  QOST Standart möhürü vurulurdu. Bu möhür məhsulun keyfiyyətinin və sağlamlığının təminatçısı idi. İstehlakçı da üzərində belə bir möhürün olduğu məhsulu rahatlıqla alırdı. Hal-hazırda Azərbaycanda da istər idxal edilən, istərsə də yerli istehsal olan istehlak məhsullarına belə bir zəmanət verən dövlət standartı vardırmı? Və əgər yoxdursa ölkəmizdə də məhsulların keyfiyyətini təsdiq edən belə bir ənənəni yaratmaq məqsədəuyğundur. O zaman gərəksiz, heç bir məntiqə sığmayan dezinformasiyaların yayılması da bir şəkildə əngəllənmiş olar. Və eyni zamanda vətəndaş istehlak etdiyi məhsulun keyfiyyətinə qarantiya almış olar."
XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top