Aİ Kosovo və Serbiyaya xəbərdarlıq etdi: Avrointeqrasiya təhlükə altındadır

SİYASƏT 18.03.2024 2349
Aİ diplomatiya rəhbəri Cosep Borrel Kosovo və Serbiya arasında Ohrid sazişinin imzalanmasının ildönümü ərəfəsində hər iki tərəfin öz öhdəliklərini yerinə yetirməməsindən təəssüfləndiyini bildirib və Avropaya inteqrasiya ilə bağlı risklər barədə xəbərdarlıq edən bəyanat yayıb.

"Saat24.az" xəbər verir ki, bu barədə "Yevropeyska pravda” martın 17-də dərc olunmuş bəyanatın mətninə istinadən məlumat yayıb.

Bazar ertəsi Kosovo və Serbiyanın Ohriddə bağladıqları sazişin birinci ildönümüdür. Saziş və onun icrasına dair əlavə iki ölkə arasında münasibətlərin normallaşmasına zəmin yaratmalı idi.

"İlk dəfədir ki, Aİ-nin vasitəçiliyi ilə keçirilən dialoq zamanı tərəflər münasibətlərinin normallaşması prosesinin trayektoriyasını müəyyən edəcək aydın parametrlər barədə razılığa gəliblər. Bu Saziş və onun həyata keçirilməsi hər iki tərəfdaşın gələcəyinin Avropa Birliyində olduğunu açıq şəkildə göstərəcək”, - Borrel açıqlamasında bildirib.

Lakin o vaxtdan bəri Priştina ilə Belqrad arasında dəfələrlə gərginlik yaranıb.

"Aİ və beynəlxalq ictimaiyyətin çoxsaylı səylərinə baxmayaraq, həm Kosovo, həm də Serbiyanın bu günə qədər saziş çərçivəsində götürdükləri öhdəlikləri yerinə yetirməkdə çox məhdud irəliləyiş əldə etməsi məyusedicidir", - Borrel bildirib.

Aİ dəfələrlə xatırladıb ki, Saziş beynəlxalq hüquqa uyğun olaraq tam məcburi xarakter daşıyır. Bununla da, Sazişin icra edilməməsi təkcə tərəflərin Avropaya inteqrasiyasını təhlükə altına qoymur, həm də onların etibarlı tərəfdaşlar kimi reputasiyasına xələl gətirir, Borrel vurğulayıb.

"Həm Kosovo, həm də Serbiyanın mövcud böhran və gərginliyi geridə qoyub yeni Avropa dövrünə doğru getməsinin vaxtı çatıb... "Biz Kosovo və Serbiyanın liderlərindən vaxt itirmədən icrada irəliləyiş əldə etməklə məsuliyyət, uzaqgörənlik və liderlik nümayiş etdirmələrini gözləyirik", - Aİ diplomatiyasının rəhbəri vurğulayıb.
 
XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top