"Oğlum dedi ki, bu işi törətməyə görə ona ev verəcəklər" - Rektorun məhkəməsi

HADİSƏ 09.02.2024 3058

Keçmiş Elm və Təfəkkür Universitetinin prorektoru Tariyel Əhmədovun öldürülməsində təqsirləndirilən həmin universitetin rektoru Müşfiq Atakişiyev, Dəyanət Quliyev və Samir Quliyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

"Saat24.az" report-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakim Siyavuş Hacıyevin sədrliyi ilə baş tutan iclasda şahid qismində Məlahət Quliyeva dindirilib.

O bildirib ki, təqsirləndirilən şəxs Samir Quliyev onun oğlu, digər təqsirləndirilən Dəyanət Quliyev isə yaxın qonşuları olub: "Mənim oğlum heç bir cinayət törətməyib. Təqsirləndirilən Dəyanət Quliyev tutulandan xeyli sonra oğlum Samir Quliyevin narahat olduğunu gördüm. Səbəbini ondan soruşduqda dedi ki, bu hadisəni mən törətmişəm. Mənə hadisənin təfərrüatlarını danışdı. Onu tənbeh etdim. Bildirdi ki, Dəyanət bu işi törətməyə görə Samirə ev verəcəyini və həmişə maddi sıxıntılarını qarşılayacağını söz verib. Lakin Dəyanət Quliyev bu vədlərin heç birini yerinə yetirmədi".

Şahid Mirdamət Tanrıverdiyev bildirib ki, mərhum Tariyel Əhmədovla çox yaxın münasibətləri olub: "Onunla sonuncu dəfə telefonla danışmışam. Həmişə bağ evinə gələrdi, dərdləşərdik. O, işindəki ab-hava ilə bağlı narazılıq edirdi. Hadisə barədə mənə mərhumun kürəkəni Babək məlumat verdi. Hadisə yerinə gəlib gördüm ki, bu, yıxılmağa oxşamır, çünki üz-gözü qan içində idi".

Məhkəmənin növbəti iclası fevralın 21-nə təyin edilib.

Qeyd edək ki, istintaq materiallarına əsasən, "Təfəkkür" Universitetinin prorektoru Tariyel Əhmədovun 16 sentyabr 2011-ci il tarixdə qəsdən öldürülməsi faktı ilə bağlı başlanmış cinayət işi üzrə Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin İqtisadiyyat İnstitutunun icraçı direktoru və həmin İqtisadiyyat İnstitutu nəzdində iqtisad elmləri sahəsində doktorluq dissertasiya şurasının sədri vəzifəsində çalışan Müşviq Atakişiyevin zərərçəkmiş şəxs Tariyel Əhmədovu işgüzar nüfuzuna və rektor vəzifəsində qalmasına maneə kimi qəbul etməsi, bu səbəbdən qisas məqsədilə pul müqabilində onun öldürülməsini öz qohumu Dəyanət Quliyevə sifariş verməsi, sonuncunun isə həmkəndlisi Samir Quliyevlə birgə cinayət əməlini törətməsinə əsaslı şübhələr müəyyən edilib.

Müşviq Atakişiyev (sifarişçi) və Samir Quliyev (icraçı) iş üzrə Cinayət Məcəlləsinin 120.2.5-ci (tamah məqsədilə qəsdən adam öldürmə) maddəsilə təqsirləndirilən şəxs qismində cəlb edilib, məhkəmənin qərarı ilə Müşviq Atakişiyev barəsində vəzifədən kənarlaşdırmaqla həbs, Samir Quliyev barəsində isə həbs qətimkan tədbiri seçilib.

XƏBƏR LENTİ
17.04.2024 3201

DİGƏR XƏBƏRLƏR

Loading
Top