Gömrük Komitəsinin mühafizəçisi həbs edildi

HADİSƏ 18.11.2022 1441

Dövlət Gömrük Komitəsinin (DGK) “Azərterminalkompleks” Birliyinin Gömrük infrastrukturunun mühafizəsi xidməti üzrə Enerji şöbəsinin mühafizəçisinə hökm oxunub.

Qaynarinfo xəbər verir ki, 1989-cu ildə Naxçıvan Muxtar Respublikasının Babək rayonu, Nehrəm kəndində anadan olmuş Kərim 2019-cu ilin aprel ayından 2022-ci ilin fevral ayınadək gizir rütbəsində sözügedən qurumda xidmət edib. Onun həbs edilməsinə səbəb bir neçə nəfəri Gömrük Komitəsinə işə və təqaüd düzəltmək adı ilə "Qaymaq” kafesində aldadaraq, aldığı pulları qaytarmaması olub.

Zərərçəkmiş, təqaüddə olan hərbçi Qabil adlı şəxs 10 ildən artıqdır ki, Kərimi tanıyırmış. Söhbət əsnasında Kərim ona tanışı olarsa, pul müqabilində Komitədə işə düzəldə biləcəyini bildirib. Həmçinin DGK-da tanış vəzifəli şəxslərin əli ilə təqaüd və pensiya düzəlmək imkanının olduğunu da deyib.

Qabil Kərimin sözlərinə inanaraq Ağcabədi rayonunda yaşayan tanışı, keçmiş polis işçisi Cəlalətlə danışıb. Cəlalət 1-ci Qarabağ müharibəsində iştirak edərək yaralanıb və II qrup əlil olduğu üçün təqaüd alırmış. Qabil Kərimlə danışaraq bu işi həll edəcəyini, həmçinin həyat yoldaşı Ağgün üçün də təqaüd düzəldəcəyini deyib.

Cəlalət 2021-ci ilin 5 noyabrında Ağcabədidən taksi ilə ona 7000 manat pul, özünə və həyat yoldaşına aid sənədləri göndərib. Qabil pulu və sənədləri Xətai rayonu ərazisində yerləşən “Qaymaq” kafesində Kərimə verib. Sonuncu dekabr ayının sonuna qədər bu məsələnin həll olunacağını bildirib. 

O, hətta Qabili onun üçün 2000 manatdan çox pensiya təyin etdirəcəyinə, həyat yoldaşına də təqaüd düzəldəcəyinə inandırmağı bacarıb. Bunun üçün Kərimdən həyat yoldaşı Nəcibənin xəstəlik sənədlərini gətirməyi istəyib. Bildirib ki, ona II qrup əlillik təyin etdirəcək və ayda 370 manat təqaüd alacaq. Qabil bu iş üçün 2021-ci ilin 8 noyabrında “Qaymaq” kafesində ona 9000 manat pul verib. Sonuncu söz verib ki, dekabrın axırınadək bu məsələlər də həll olunacaq.

Kərim həmçinin eyni tarixdə Qabilin yaxın tanışı olan Elvini də Dövlət Gömrük Komitəsinə işə düzəldəcəyinə inandırıb. Qabillə Elvin Əhmədli qəsəbəsində Kərimlə görüşüblər. O, bu iş üçün Elvindən 16000 manat istəyib. Lakin sonuncu bu qədər pulunun olmadığını bildirib. Kərim isə bu məsələni danışaraq 5000 manat aşağı həll edəcəyini, lakin ilkin olaraq 5000 manat vermək lazım olduğunu deyib. Elvin 15 noyabr 2021-ci il tarixdə “Qaymaq” kafesində Qabilin iştirakı ona 5000 manat verib. O, bu işin 2022-ci ilin yanvar ayının ortalarına qədər həll olunacağına vəd verib. Lakin vəd verdiyi işlərdən heç biri həll olunmayıb. 

Bu əməllərinə görə işdən kənarlaşdırılan Kərim izahatında bildirib ki, Qabilin özü və tanışlarından aldığı bütün pulları şəxsi məqsədləri üçün xərcləyib və əməlindən peşmandır. 

Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə təqsirli bilinən Kərim məhkəmənin qərarı ilə 3 il müddətinə azadlıqdan məhrum edilib.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top