Türkiyədə terror aktında xəsarət alanların son durumu açıqlanıb - YENİLƏNİB + FOTO/VİDEO

HADİSƏ 14.11.2022 1099

Türkiyənin İstanbul şəhərində ötən gün törədilmiş terror aktında xəsarət alanların son durumu açıqlanıb.

Bu barədə Türkiyənin səhiyyə naziri Fahrettin Koca "Twitter" hesabında yazıb.

“İstiqlal küçəsində baş verən partlayışda yaralanan 81 nəfərdən 39-nun müalicəsi başa çatdıqdan sonra evə buraxılıb. Xəstəxanaya yerləşdirilən 42 yaralıdan 5-i hələ də reanimasiya şöbəsindədir, onlardan 2-nin vəziyyəti ağırdır. Yaralıların ən qısa zamanda sağalması üçün əlimizdən gələni edirik”, - Fahrettin Koca sosial şəbəkə hesabında yazıb.

Qeyd edək ki, hadisə zamanı 6 nəfər həlak olub. Terror aktını qadın həyata keçirib.

21:47

“Belə görünür ki, qadın hesab etdiyimiz terrorçunun bombanı partlatması nəticəsində terror aktı olub”.

Bunu istanbuldakı partlayış yerində olan Türkiyənin vitse-prezident Fuat Oktay deyib.

“6 nəfəri itirmişik, onlardan 4-ü hadisə yerində həlak olub. 81 yaralımız var, onlardan 2-sinin vəziyyəti ağırdır”, - deyə o, bildirib.

“Biz qərarlıyıq. Bu hadisələrin arxasında kim dayanırsa, dünyanın harasına getsə də, cavab verəcək. Bu işi tezliklə çözəcəyik. Bu terrorçuların arxasında kim dayanırsa, cavab verəcək”, - deyə Oktay əlavə edib.

Qeyd edək ki, hazırda Fuat Oktayla yanaşı, daxili işlər naziri Süleyman Soylu və ədliyyə naziri Bəkir Bozdağ da hadisə yerindədirlər.

Mənbə: TRT

21:25

OdaTV İstanbulun mərkəzində baş verən partlayışda şübhəli bilinən qadının fotosunu yayıb.

Jurnalistlərin sözlərinə görə, bu qadın çiynindəki çantanı İstiqlal küçəsində qoyaraq ərazidən uzaqlaşıb.

Sonradan məhz həmin yerdə partlayış baş verib.

 

19:24

İstanbulda partlayış qurbanlarının sayı artıb.

Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan məlumat verib.

Onun sözlərinə görə, hadisə nəticəsində 6 nəfər ölüb. Yaralıların sayı 53-ə çatıb.

“Bu hadisədən terror qoxusu gəlir. Hazırda 6 nəfər ölü və 53 nəfər yaralı var. Cinayətin səbəbkarları layiqli cəzalarını alacaqlar. Türk millətini terrorla ram etmək mümkün deyil”, - deyə dövlət başçısı bildirib.

19:05

İstanbulda baş verən partlayış nəticəsində 4 nəfər ölüb, 38 nəfər yaralanıb.

Bunu şəhər valisi Əli Yerlikaya açıqlayıb.

Qeyd edək ki, yerli hakimiyyət orqanları şəhər əhalisi və turistlər arasında çaxnaşma yaratmamaq üçün bir müddət hadisənin işıqlandırılmasına və onunla bağlı xəbərlərin dərcinə qadağa qoyub.

Bu qərar həm də insidentin araşdırılmasına mane olmamaq üçün verilib.

18:36

İstanbul Prokurorluğu şəhərdə baş vermiş partlayışı terror aktı kimi təsnif edib.

Hadisə zamanı ölən və zərərçəkənlərin kimliyi barədə hələ ki məlumat verilmir.

İnsidentin təfərrüatı araşdırılır.

18:20

İstanbulda baş verən partlayışda zərərçəkənlərin sayı artıb.

Son məlumatlara görə, hadisə nəticəsində 4 nəfər ölüb.

Həmçinin, 38 nəfərin yaralandığı bildirilib.

17:58

İstanbulda baş verən partlayışda ən azı dörd nəfər həlak olub.

Bu barədə yerli mətbuatda məlumatlar yayılıb. 

Hadisənin terror aktı olması ehtimalları araşdırılır.



17:49

İstanbulun İstiqlal Prospektində partlayış baş verib.

Məlumata görə, əraziyə çox sayda xilasetmə, polis və tibbi personal göndərilib.

Bildirlib ki, partlayışın baş verdiyi bölgədə təhlükəsizlik tədbirləri görülüb.

Hadisə nəticəsində çox sayda yaralıların olduğu qeyd edilib.


Mənbə: TRT

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top