Qəbələdə qadının amansızlıqla qətlinə görə tutulan rəfiqələrin məhkəməsi başlayır

HADİSƏ 20.08.2022 1514

Qəbələdə 23 yaşlı Aytac Əliyevanın qətli ilə bağlı ittiham olunan Kemale Maksumbekova və rəfiqəsi Rüfanə Nəbiyevanın cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

APA xəbər verir ki, iş üzrə beş ay davam edən istintaq dövründə toplanmış dəlil və sübutlar baxılması üçün məhkəməyə göndərilib.

İş Şəki Ağır Cinayətlər Məhkəməsində hakim Bilal Məmmədovun sədrliyi ilə araşdırılacaq.

Xatırladaq ki, hadisə bu ilin mart ayında qeydə alınıb.

Rayon Prokurorluğu tərəfindən yayılan məlumatlara görə, Qəbələ rayonu ərazisində Kemale Maksumbekovanın 2008-ci il təvəllüdlü oğlu ilə birlikdə şəxsi münasibətlər zəminində 1999-cu il təvəllüdlü Aytac Əliyevanın baş nahiyəsinə daşla xəsarət yetirdikdən sonra yapışqanla baş və boyun nahiyəsini bağlaması nəticəsində sonuncunun boğularaq ölməsinə əsaslı şübhələr müəyyən edilib.

Kemale Maksumbekova şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Davam edən araşdırmalarla Kemale Maksumbekovanın qətl törədərkən rəfiqəsi ilə əlbir olması müəyyən olunub.

İstintaqla 1993-cü il təvəllüdlü Rüfanə Nəbiyevanın Aytac Əliyevanın əri ilə altı ilə yaxın münasibətdə olduğu müəyyən edilib. Onun boşanaraq Rüfanə Nəbiyeva ilə ailə quracağına söz verməsinə baxmayaraq, sözünə əməl etməməsinə görə R.Nəbiyeva Aytac Əliyevanın ərinə guya xəyanət etmək məqsədilə evi tərk etməsi görüntüsü yaratmaq üçün rəfiqəsi Kemale Maksumbekova və onun azyaşlı oğlu ilə cinayət əlaqəsinə girib. Onlar Aytacı oğurlayıb Şəkidə yaşadıqları evə aparmaq razılığına gəlməklə Aytac Əliyevanın həyatı və sağlamlığı üçün təhlükəli olan zor tətbiq ediblər.

Daha sonra isə Kemale Maksumbekovanın ümumi razılaşdırılmış niyyətdən kənara çıxaraq Aytac Əliyevanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. Rüfanə Nəbiyeva şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Məhkəmənin qərarı ilə Kemale Maksumbekova Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə), 29, 144.2.4 (adam oğurluğuna cəhd - zərərçəkmiş şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli olan zor tətbiq etməklə törədildikdə) və 170.3 (yetkinlik yaşına çatmayanı cinayətkar fəaliyyətə cəlb etmə - zor tətbiq etməklə və ya zor tətbiq etmək hədəsi ilə törədildikdə və ya yetkinlik yaşına çatmayanı cinayətkar qrupa və ya ağır, yaxud xüsusilə ağır cinayətin törədilməsinə cəlb etmə) Rüfanə Nəbiyeva isə Cinayət Məcəlləsinin 29, 144.2.3 (adam oğurluğuna cəhd - bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədildikdə) 29, 144.2.4 (adam oğurluğuna cəhd - zərərçəkmiş şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli olan zor tətbiq etməklə törədildikdə) maddələri ilə nəzərdə tutulan əməlləri törətməkdə şübhəli bilinərək barələrində həbs qətimkan tədbiri seçilib.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top