“Özəlləşdirmə çekləri birmənalı şəkildə qiymətli kağızdır”

İQTİSADİYYAT 18.08.2022 1651

“Özəlləşdirmə çekləri birmənalı şəkildə qiymətli kağızdır”

– Hüquqşünas rəyi 1995-ci ildə “Azərbaycan Respublikasında 1995-1998-ci illərdə dövlət mülkiyyətinin özəlləşdirilməsinin Dövlət Proqramı”nın təsdiq edilməsi ilə ölkəmizdə özəlləşdirmənin dərin əsasları qoyuldu. Bu fonda Azərbaycanda özəlləşdirmə çekləri vasitəsilə dövlət əmlakının bir hissəsinin əmək kollektivi üzvlərinə və ölkə vətəndaşlarına əvəzsiz verilməsi qərara alındı. Bu gün özəlləşdirmə çekləri qüvvədə olmasa da, əlində çeki qalan vətəndaşlar haqqlarının bərpa olunacağını ümidlə gözləyirlər. Bu baxımdan əlində özəlləşdirmə çekləri qalan 33 000 ailə baş nazir Əli Əsədov, ədliyyə naziri Fikrət Məmmədov, iqtisadiyyat naziri Mikayıl Cabbarov, Milli Məclisin sədri Sahibə Qafarova və parlament üzvlərinə açıq məktub yazaraq müraciət edib. Müraciətlə aşağıdakı link vasitəsilə tanış ola bilərsiniz:

https://huquqaz.com/?p=5806

 

Mövzu ilə bağlı Dövlət Gömrük Komitəsi yanında İctimai Şuranın sədr müavini, “Sabaha İnam” Sosial İnkişaf İctimai Birliyinin sədri, hüquqşünas Vüsal Əliyev Huquqaz.com-a açıqlamasında bildirib ki, hazırda çeklərin aqibəti ilə bağlı müəyyən boşluqlar var və bunun aradan qaldırılması vacibdir: “Artıq müəyyən müddətdir ki, özəlləşdirmə çekləri ilə bağlı məsələ cəmiyyətin marağındadır. Hətta əlində çeki qalan vətəndaşlar aidiyyatı qurumlara müraciət etməkdə davam edirlər. Çünki zamanında özəlləşdirmə çekləri 1997-ci ilədək anadan olmuş bütün ölkə vətəndaşlarına miras əmlak payı olaraq verilib. Bu çeklər dövlət qiymətli kağızları olmaqla yanaşı, mülkiyyət hüququna malikdir. Yəni, vətəndaş bu çek hesabına mülkiyyət hüququna malik olur. Çeklərinin hər birinin dəyəri eynidir. Qanuna əsasən, özəlləşdiriləcək bütün iri və orta dövlət əmlakının ən azı 65 faizi özəlləşdirmə çekləri vasitəsilə aparılmalıdır. Hər bir çekin dəyəri 1/32 milyonda hissədir. Bu hissəyə düşən əmlak ekvivalenti payı qanunda inflyasiyadan qorunan əmlak ekvivalenti payı kimi göstərilib. Bu, o deməkdir ki, özəlləşdirmə çeklərinin hər birinə dövlət əmlakından düşən səhmlərin dəyəri eyni olmalıdır. Eyni zamanda bu özəlləşdirmə paylarının banklarda girov qoyulması hüququ qanunla təmin olunub. Bu gün özəlləşdirmə çeklərinin tədavül müddətinin uzadılacağı ilə bağlı müxtəlif yanaşmalar var. Əlində çeki qalan şəxslər prosesin aktiv fazaya keçməsində maraqlıdırlar. Çünki çeklərdə payçının özəlləşdirməyə çıxarılan əmlakın müəyyən bir hissəsinə sahib olmaq haqqı var. Mülkiyyət hüququnu özündə qoruyan özəlləşdirmə çekləri heç vaxt qüvvədən düşə bilməz. İndiki məqamda özəlləşdirmə çeklərinə inflyasiyadan qorunan əmlak ekvalenti payı kimi yeni nominal qiymətin qoyulması məsələ əsas mövzulardan biridir. “Azərbaycan Respublikasında 1995-1998-ci illərdə dövlət mülkiyyətinin özəlləşdirilməsinin Dövlət Proqramı” qanunda göstərilir ki, özəlləşdirmə çekləri Azərbaycan Respublikasının hər bir vətəndaşına özəlləşdirilən dövlət mülkiyyətindən əvəzsiz verilən hissədir. Həmin qanunun 10-cu maddəsində bildirilir ki, özəlləşdirmə payının məbləğinin verilməsi və istifadə qaydasının şərtləri “Dövlət mülkiyyətinin özəlləşdirilməsinin Dövlət Proqramı” tərəfindən müəyyənləşdirilir. Bu, o deməkdir ki, özəlləşdirmə çeklərinə qoyulan nominal qiymət qanunla tənzimlənib. Özəlləşdirmə çekləri birmənalı şəkildə qiymətli kağız sayılır”.

Özəlləşdirmə çekləri ilə bağlı proses zamanı qanunsuzluğa yol verən məmurların cəzalandırılmasının vacib olduğunu qeyd edən deputat Razi Nurullayev isə bildirib ki, əlində çeki qalan vətəndaşların haqqlarının bərpası vacibdir: “Özəlləşdirmə çeklərinin yenidən tədavülə buraxılması ilə bağlı mənə də dəfələrlə müraciət olunub və bu məsələnin yenidən parlamentdə qaldırılmasını xahiş edirlər. Onlar ümidlidirlər ki, nə vaxtsa bu məsələyə hüquqi qiymət veriləcək. Məlumdur ki, əllərində çekləri qalan vətəndaşlara çox böyük haqsızlıqlar edilib. Bəzi məmurlar vətəndaşların məlumatsızlığından istifadə edərək əllərində olan çekləri kiçik məbləğli vəsait hesabına əllərinə keçirdilər və şəxsi mənfəətləri üçün istifadə etdilər. Hətta bir çox xarici vətəndaşlar da ölkəmizdə işləyən vəzifəli şəxslərin əliylə özəlləşdirmə çeklərini kütləvi şəkildə aldılar. Yerli vətəndaşlar isə bu çeklərdən yararlana bilmədi. Bu gün əksər vətəndaşlar çeklərini satmayıb saxlayıbsa, onların bu çeklərdən istifadə etməsi üçün şərait yaradılmalıdır. Fikrimcə, çeklərin yenidən tədavülə buraxılması iqtisadiyyat və biznesin inkişafına müsbət təsir edə bilər”.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top