Azərbaycanda 26 gün komada qalan körpənin ölümü ailəsindən gizlədilib

HADİSƏ 27.07.2022 1333

Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun (6 saylı Doğum Evi) ginekoloqu Nailə Şahbazovanın xəstəsi olan 1990-cı il təvəllüdlü Züleyxa Əkbərova iyunun 30-da 3 kilo 300 qram çəkidə oğlan uşağı dünyaya gətirib.

Ailənin iddiasına görə, ginekoloq Nailə Şahbazovanın səhlənkarlığı səbəbindən körpə başından zədə və ağır travmalar alıb.

Nə ananın, nə də körpənin səhhətində hər hansı narahatlıq olub. Bu azmış kimi 26 gün komadan ayılmayan körpənin vəziyyəti il bağlı ailə məlumatlandırılmayıb.

Bizim.Media mövzunu araşdırıb.

Belə ki, məsələ ictimailəşəndən bir neçə saat sonra ailəyə körpənin öldüyü barədə məlumat verilib.

Ailə məlumatı alan kimi xəstəxanaya gedib və gördükləri mənzərədən şok keçiriblər. 

Belə ki, körpənin nəşini “Viva” markalı avtomobilə qoyularaq xəstəxanadan çıxarmağa cəhd ediblər. Avtomobilin içərisində isə sürücü ilə bərabər sözügedən xəstəxananın həkimi, pediatr və 26 gündür körpənin müalicəsində yaxından iştirak edən Nigar Şahbazova olublar. 

Bu iddia ilə körpənin xalası Aynurə Əsədbəyli çıxış edib.

Onun sözlərinə görə, ailəsinə heç bir məlumat verilmədən körpə təcili surətdə xəstəxanadan çıxarılaraq müəmmalı şəkildə harasa aparılırmış:

“Uşağın ölümünü xəbər verən kimi özümüzü xəstəxanaya çatdırdıq. Bizə gözləməyimizi dedilər. Bir qədər keçmişdi, gördük ki, uşağı xəstəxananın arxasından çıxarıb maşına tərəf aparırlar. Həkim Nigar xanım qucağında bükülmüş uşaqla avtomobilə oturdu. Yaxınlaşıb uşağı istədik, bizə vermirdilər. Anam bunu görüb özünü maşının qabağına atdı. O anda körpənin atası da gəldi və çətinliklə də olsa uşağı həkimin əlindən aldıq. Nigar xanım sürücü ilə tez qaçıb xəstəxanaya daxil oldular. Arxalarınca düşsək də, onları tapa bilmədik. Uşağı hara qaçırdıqları hələ də anlaşılan deyil. Sanki gözümüzün qarşısında film çəkilirdi. Ekspertizaya aparılırdısa, niyə uşaq təcili tibbi yardım maşınında deyildi və bizim razılığımız olmadan aparılırdı? Nə oyun çevirirlər, başa düşmürük”.  

Aynurə Əsədbəyli qeyd edib ki, həmin vaxt Yasamal Rayon Prokurorluğuna hadisə barədə müraciət edilib. Qurumdan isə məlumatlı olduqları bildirilib:

“Uşağı ekspertizaya apardıq. Həkimlərdən birinin ilkin rəyinə görə körpə həddindən artıq şişib və bədəni qaralıb. Dediklərinə görə uşaq əslində 2-3 gün əvvəl ölüb. Görək ekspertizanın konkret rəyi nə ilə nəticələnəcək. Biz isə bu özbaşınalığa göz yummayacağıq. Günahkarların cəzalanması üçün nə lazımdırsa, edəcəyik”, - deyə şikayətçi əlavə edib.   

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top