Gömrük Komitəsinin vəzifəli şəxsinin intiharı ilə bağlı yeni detallar - YENİLƏNİB

HADİSƏ 14.07.2022 1339

Dövlət Gömrük Komitəsinin Cənub Ərazi Baş Gömrük idarəsinin mobil gömrük şöbəsinin rəis müavini Əli Cahangirlinin intiharı ilə bağlı bəzi məlumatlar bəlli olub.

Bu barədə Bakupost.az məlumat verib.

1986-cı il təvəllüdlü Əli Cahangirli Naxçıvanda anadan olub, 12 ildir gömrük sistemində çalışıb. İşlə bağlı hər hansı problemi olmayıb.

Hadisə baş verən gün, yəni dünən axşam işdən sonra dostları ilə görüşüb, birlikdə şam edib, yeyib-içiblər.

Məclisdə dostları ilə söhbət edən gömrükçü həvəsdən düşdüyünü, həyatdan bezdiyini deyib. Daha sonra həmişə istifadə etdiyi taksini çağırıb, evə gedib. Həmin gün Əlinin ailə üzvləri evdə olmayıb. Taksi sürücüsü onun vəziyyətini görüb və onunla qalıb. Səhərə kimi yemək süfrəsi arxasında söhbət ediblər.

O, sürücüyə özünü öldürmək istədiyini deyib. Sürücü isə onu bu fikrindən yayındırmağa çalışıb.

Səhər 8-də sürücü ondan ayrılaraq evinə gedib. Hadisə də bundan sonra baş verib. Əlinin depressiyaya düşməsi, həyatdan bezməsinə nəyin səbəb olduğu barədə heç bir məlumat yoxdur.

Dostları, iş yoldaşları onu yaxşı insan kimi xarakterizə edir. Həmişə deyib-gülən, şən biri olub.

Mərhum ailəli olub, 2 azyaşlı övladı qalıb.

Qeyd edək ki, faktla bağlı Astara rayon prokurorluğunda araşdırma aparılır.

10:24

Dövlət Gömrük Komitəsi gömrük şöbəsinin rəis müavini 1986-cı il təvəllüdlü Cahangirli Əli Nəcəfalı oğlunun özünü asaraq intihar etməsi ilə bağlı hadisəyə münasibət bildirib.

Komitənin mətbuat xidmətindən Oxu.Az-a bildirilib ki, təəssüf ki, belə bir hadisə yaşanıb:

“Hadisə Qurban bayramı ilə əlaqədar qeyri-iş günlərində baş verib. Hadisənin səbəbləri hüquq-mühafizə orqanları tərəfindən araşdırılır”.

09:42

Dövlət Gömrük Komitəsinin (DGK) Cənub Ərazi Baş Gömrük idarəsinin mobil gömrük şöbəsinin rəis müavini intihar edib.

APA xəbər verir ki, hadisə Astara rayonu Rüdəkənar kəndində qeydə alınıb.

Orada kirayədə yaşayan, 1986-cı il təvəllüdlü Cahangirli Əli Nəcəfalı oğlu özünü asaraq öldürüb.

Faktla bağlı Astara Rayon Prokurorluğunda araşdırma aparılır.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top