USAID, "Amerikanın səsi" və "Azadlıq Radiosu"nun layiq olduğu məntiqi son

Sadə xəbər
DÜNYA 18.03.2025 2846

ABŞ-də Donald Tramp administrasiyası Beynəlxalq İnkişaf Agentliyi - USAID-in ardınca "Azad Avropa/Azadlıq Radiosu" Media Korporasiyasının hökumətdən maliyyələşdirilməsinə son qoyub.

Qərarların qəbulu ABŞ hökumətinin daxili işi olmaqla yanaşı, beynəlxalq aləmdə ciddi müzakirələrə yol açıb. Bəziləri bunu təqdir edir, digərləri isə adları çəkilən strukturların fəaliyyətinin davam etməsinin zəruriliyini qeyd edirlər. Sonuncular arasında, gözlənildiyi kimi, daha çox erməni lobbisi, dünya ölkələrində qarışıqlıq, sabitliyin pozulmasında maraqlı qüvvələr canfəşanlıq göstərirlər. Onlar Tramp administrasiyasına qarşı total hücuma start veriblər.

Qeyd edək ki, Prezident Donald Tramp martın 14-də ABŞ hökumətinin Qlobal Media Agentliyinin və digər hökumət strukturlarının fəaliyyət dairəsinin əhəmiyyətli dərəcədə azaldılması haqqında sərəncam imzalayıb. Agentlik "Azadlıq Radiosu" media korporasiyasına və "Amerikanın səsi" radiostansiyasına da nəzarət edir.

Məlumat üçün bildirək ki, 1970-ci illərin əvvəllərinə qədər "Azadlıq Radiosu" Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) büdcəsi hesabına maliyyələşib, çünki Konqresə özəl təşkilatları maliyyələşdirmək qanunla qadağan edilib. Daha sonra radiostansiyanın MKİ ilə əlaqəsi üzə çıxıb və qadağa götürülüb. Beləliklə, maliyyə birbaşa ABŞ Konqresi tərəfindən ayrılmağa başlayıb.

"Azadlıq Radiosu"nun "demokratik dəyərlər" bəhanəsi ilə üstüörtülü formada destruktiv fəaliyyətlə məşğul olduğu dəfələrlə bəyan edilib. "Soyuq müharibə" dövründə ABŞ-nin ideoloji mübarizəsində təbliğat vasitəsi kimi istifadə olunan "Azadlıq Radiosu" və "Amerikanın səsi" uzun illər təyinatları üzrə yox, başqa ölkələrin daxili işlərinə müdaxilə və digər məqsədlər üçün istifadə edilib.

Onun Azərbaycandakı fəaliyyətinə gəldikdə, milli düşüncənin hədəf alınması, ayrı-seçkiliyin təşviqi və uğurlu diplomatik addımların ləkələnməsi kampaniyası alətinə çevrildiyi göz önündə idi.

Adıçəkilən media strukturları postsovet məkanında, daha çox Azərbaycanla bağlı illərboyu qərəzli və ikili standartlardan çıxış edən materialların dərci ilə tanınıb. Yəni bu qurumların Azərbaycanda fəaliyyəti daha çox qərəz və ikili standartlar üzərində qurulub. Bununla bağlı faktlar kifayət qədərdir.

Onların fəaliyyət göstərdiyi bölgələrə nəzər yetirdikdə, destruktiv yanaşmaların və dövlətlərin daxili işlərinə müdaxilə mexanizmlərinin üstünlük təşkil etdiyini aydın şəkildə görmək mümkündür. Azərbaycana qarşı əks-təbliğatlar aparan bu strukturların sonuncu fəaliyyətini ötən ilin noyabrında ölkəmizdə keçirilən COP29 ərəfəsində müşahidə etdik.

Onların Bakıda saxlanılan və istintaqı davam edən erməni milyarder R.Vardanyanla da çox yaxın münasibəltəri olub. Onun himayəsində olan fondlardan da böyük vəsaitlər alaraq ölkəmizə qarşı işlər görüblər. Pul, rüşvət, hədiyyələr alaraq müxtəlif ölkələrə qarşı bu cür yarıtmaz kampaniyalar həyata keçiriblər. Guya ayrı-ayrı ölkələrdə demokratiya, söz azadlığı yoxdur və bunlar da həmin ölkələrin müdafiəçiləri kimi müxtəlif platformalarda çıxış edirlər...

Rəsmi Bakı dəfələrlə bu strukturların qərəzli və ikili yanaşmasını sərt tənqid edib.

Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimindəki çıxışında onilliklərlə erməni diasporunu dəstəkləyən belə strukturların fəaliyyətindən danışıb:

"Prezident Tramp Dövlət Departamentində belə bir addım atdı ki, USAID ləğv olundu, korrupsiyaya uğramış siyasətçi Robert Menendes də cəzalandırıldı. Amma o, sonuncu olmalı deyil. Yəni, necə deyərlər, bir qaranquşla bahar olmaz? Çünki onlar pulları onlardan alıb ciblərinə qoyurlar. Məsələn, cənab Adam Şif, cənab Frank Pallone, xanım Nensi Pelosi və bir çox digərləri. Onlar onilliklərlə erməni diaspor təşkilatlarından ABŞ-də o pulları alırdılar ki, Azərbaycana hücum çəksinlər, gözdən salsınlar".

Anti-Azərbaycan fəaliyyətini təsdiq edən faktlardan daha biri - "Azadlıq Radiosu"nun Azərbaycan redaksiyasında bir sıra qadağalar var idi. Məsələn, şərh yazmaq, şəxsi fikir ifadə etmək olmaz, hətta "erməni işğalçılar" təbirini işlətmək olmazdı.

Görünən odur ki, bu strukturlar Azərbaycanın dövlət idarəçiliyinə qarşı qərəzli məlumatların paylaşılmasını birbaşa təşviq edən mərkəz rolunu oynayıb. Yenə də Prezident İlham Əliyevin səsləndirdiyi dahiyanə bəyanatlar yada düşür. Məsələn, o, rusiyalı jurnalist Dmitri Kiselyova verdiyi müsahibə zamanı bu məsələlərə xüsusilə diqqət çəkərək USAID-in maliyyə vəsaiti hesabına anti-Azərbaycan kampaniyası aparan "Azadlıq Radiosu" və "Amerikanın səsi" kimi media qurumlarının əsl mahiyyətini açıq və konkret şəkildə ifadə etmişdi.

Sözügedən strukturların qərəzinə İkinci Qarabağ müharibəsi nəticəsində qazanılan tarixi Zəfərimizə münasibətdə də şahid olduq. Məsələn, ərazi bütövlüyümüzün bərpası və yaradılan yeni reallıqlarla barışmaq istəməyən mərkəzlərin ortaq şəbəkəsinə çevrilmiş bu media subyektləri cəmiyyətdə qeyri-sabitliyi təşviq edəcək yalan məlumatları tirajladılar. Ümumilikdə onların fəaliyyəti hər zaman birbaşa olaraq Azərbaycanın uğurlarına kölgə salmağa və ictimai rəyi manipulyasiya etməyə hədəflənmişdi.

Nəticə etibarilə USAID-in Azərbaycandakı fəaliyyətinin dayandırılması ilə bağlı qərar bilavasitə milli maraqların və təhlükəsizliyin təmin olunması, xarici qüvvələrin dövlətin daxili işlərinə qarışmaq cəhdlərinin qarşısının alınması üçün labüd addım idi. Hətta bu qurumun fəaliyyətinin bütövlükdə ləğvinin zəruriliyi ilə bağlı mesajlar çox qısa müddət əvvəl dövlətimizin başçısı tərəfindən aydın şəkildə ifadə edilmişdi.

Yeri gəlmişkən, Azərbaycanda keçirilən əksər seçkilər zamanı da adları çəkilən strukturlarda ictimai rəyi manipulyasiya etməyə yönəlmiş materiallar yayımlanıb. Özü də əksəriyyətində bu məlumatlar "jurnalist qeydləri" başlığı altında paylaşılıb.

Maraqlıdır ki, qanunvericiliyin tələbinə uyğun olaraq Azərbaycan Xarici İşlər Nazirliyində akkreditasiyadan keçmiş bütün xarici media subyektlərinin seçkiləri işıqlandırmaq üçün Mərkəzi Seçki Komissiyasına müraciətinə müsbət cavab verilib. Konkret olaraq "Azadlıq Radiosu"nun bununla bağlı hər hansı müraciəti olmayıb. Lakin hər dəfə "Azadlıq Radiosu" mənbəyi bilinməyən, qərəzli məlumatları anonim "jurnalist qeydi" altında paylaşıb. Bu jurnalist adından sui-istifadə halıdır və birmənalı olaraq media etikası prinsiplərinə ziddir.

Beləliklə, Donald Tramp administrasiyası bu qurumlara layiq olduqları yeri göstərib. Uzun onilliklər ayrı-ayrı dövlətlərə, xalqlara, o cümlədən Azərbaycan dövlətinə və xalqına qarşı çirkin kampaniyalar aparan bu qurumların fəaliyyətinə son qoyulmalı idi və qoyuldu da.

"Report" İnformasiya Agentliyi

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top