PAKİSTAN BAŞ NAZİRİNİN SƏFƏRİ ÖLKƏLƏRİMİZ ARASINDAKI QARDAŞLIQ ƏLAQƏLƏRİNİ GÜCLƏNDİRƏCƏK

Sadə xəbər
SİYASƏT 07.03.2025 2514
 
 
Ötən günlərdə Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif Azərbaycana səfərə gəldi. 
 
Ali qonağın Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə təkbətək və geniş tərkibdə görüşü oldu. Ölkələrarası müqavilələr imzalandı. Hər iki ölkə rəhbərinin mətbuat konfransı keçirildi. 
 
Prezident İlham Əliyev hələ Pakistana dövlət səfəri zamanı Azərbaycanın Pakistanda müxtəlif layihələrə minimum 2 milyard dollar sərmayə yatırmağa hazır olduğunu rəsmi olaraq bəyan etmiş, 
münasibətlərimizin nəinki xalqlarımız, o cümlədən təmsil etdiyimiz regionlar üçün həqiqətən vacib olduğunu bildirmişdi. 
 
Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərifin ölkəmizə bundan iki gün öncə baş tutan səfəri zamanı ikitərəfli gündəliyə aid çox mühüm məsələlər müzakirə olundu, ölkələrimiz arasında sıx tərəfdaşlığın vacibliyi bir daha qeyd edildi, ölkələrimiz, xalqlarımız və təmsil etdiyimiz regionlar üçün əməkdaşlığımızın strateji əhəmiyyəti bir daha vurğulandı. Bildirildi ki, iki qardaş ölkə olaraq beynəlxalq münasibətlərin bütün məsələlərində bir-birimizə dəstəyi davam etdirəcəyik. Azərbaycan və Pakistan bu gün hər iki ölkənin suverenliyi və ərazi bütövlüyü məsələsində bir-birinə qarşılıqlı dəstək verir, biz beynəlxalq təsisatlarda fəal əməkdaşlıq edirik və iştirak etdiyimiz bütün beynəlxalq təşkilatlarda daim bir-birimizi dəstəkləyirik. 
 
Pakistan bizim üçün ən yaxın dost və qardaş ölkələrdən biridir. Xalqlarımız arasındakı əlaqələr də uğurla inkişaf edir.
 
Məlum olduğu kimi, Pakistan Baş Nazirin səfəri çərçivəsində Biznes Forum keçirildi. Biznes Forumda böyük şirkət nümayəndələri iştirak edirdilər. Prezident İlham Əliyev Forumda çıxışı zamanı söylədi ki, bu Forum bizim ikitərəfli gündəliyimizi əks etdirir və siyasi sahədə ikitərəfli münasibətlərimizdə nail olduğumuz müstəsna səviyyədən məmnunuq. Prezident İlham Əliyev, eyni zamanda, ikitərəfli ticarət əlaqələrimizin siyasi səviyyədəki əməkdaşlığımıza uyğun gəlmədiyinə təəssüfləndiyini də açıqladı və dedi ki, bu gün artıq verilən mesajlar, bizim müzakirələrimiz şirkətlər arasında fəal əməkdaşlıq və ticarətin artması üçün daha geniş çərçivə yaradacaq. 
 
İki ölkə arasında siyasi, diplomatik, iqtisadi, hərbi-sənaye, energetika və digər sahələrdə olduğu kimu, humanitar sahədə də əlaqələr durmadan inkişaf edir. Əlaqələrin inkişafında Heydər Əliyev Fondunun xüsusi rolu vardır. Münasibətlərin inkişafında göstərdiyi dəstəyə görə 2015-ci ildə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva “Hilal-e Pakistan” ordeni ilə təltif edilmişdir.
 
Birmənalı olaraq deməliyik ki, səfər ölkələrimiz arasında mövcud olan qardaşlıq əlaqələrini daha da gücləndirəcək. Biz bu günə qədər olduğu kimi, bundan sonra da beynəlxalq təsisatlarda bir-birimizi dəstəkləməkdə davam edəcəyik.
XƏBƏR LENTİ
05.05.2025 2965

DİGƏR XƏBƏRLƏR

Loading
Top