"Ermənistan və Azərbaycan arasında sülh müqaviləsi üzrə danışıqlar davam edir və biz ən qısa zamanda yekun razılığın əldə olunmasına ümid edirik".
"Saat24.az" xəbər verir ki, bunu Ermənistan parlamentinin Avropaya inteqrasiya məsələləri üzrə daimi komissiyasının sədri Arman Yeqoyan Macarıstanda Avropa İttifaqı parlamentlərinin Aİ işləri üzrə komitələrinin konfransında deyib.
O, Ermənistanla Azərbaycan arasında demarkasiya və delimitasiya prosesindən də danışıb: "Bildirmək istəyirəm ki, Ermənistan və Azərbaycan iki ölkənin Dövlət Sərhədinin Demarkasiyası və Sərhəd Təhlükəsizliyi Komissiyası ilə Dövlət Sərhəd Demarkasiyası Komissiyasının birgə fəaliyyəti haqqında Əsasnamə imzalayıblar və o, artıq hər iki ölkədə müvafiq ratifikasiya prosedurlarından keçib.
Biz hər hansı ekstraterritorial məntiq istisna olmaqla, hər bir ölkənin suverenliyi və yurisdiksiyası altında bütün nəqliyyat marşrutlarının və infrastrukturun açılmasını təklif edirik. Bu marşrutlar iştirakçı ölkələr arasında iqtisadi, siyasi və mədəni əlaqələrin inkişaf etdirilməsi vasitəsi kimi xidmət edəcək və bununla da Cənubi Qafqazda uzunmüddətli sülh və sabitliyə töhfə verəcək. Ümid edək ki, bütün aktorlar bu hərəkətverici qüvvədən və müsbət dinamikadan tarixin uğursuz səhifələrini vərəqləmək və regionda çoxdan gözlənilən sabitliyə nail olmaq üçün istifadə edəcəklər".