Azərbaycanlıların Soyqırımı Günü və tarixi ədalətin bərpası

Sadə xəbər
SİYASƏT 30.03.2024 2894
Ümummilli lider Heydər Əliyevin 26 mart 1998-ci ildə imzaladığı xüsusi fərmanla 31 mart Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd edilməyə başlayıb.

İki gün sonra – 28 mart 1998-ci ildə ulu öndər 31 mart - Azərbaycanlıların Soyqırımı Günü münasibətilə Azərbaycan xalqına müraciət edib. Bu tarixlər xalqımızın qan yaddaşının bərpası, bizə qarşı əsrlərdir həyata keçirilən soyqırımı siyasətinin üzə çıxarılması və tarixi ədalətin bərpası istiqamətində dönüş nöqtəsi olub. Bu gün müstəqil, ərazi bütövlüyünü bərpa, torpaqlarını 30 illik erməni işalından azad etmiş Azərbaycan dövləti soydaşlarımızın müasir Ermənistan ərazisində qalmış, ötən əsrin əvvəllərində bolşeviklərin dəstəyi və himayəsi ilə ilhaq edilmiş əzəli yurdumuza geridönüşü uğrunda haqlı mübarizə aparır. Heç şübhəsiz ki, ümummilli liderin 26 mart 1998-ci il tarixli xüsusi fərmanının bu illər ərzində yaşadığımız və yaşayacağımız bütün zəfərlərdə əlahiddə rolu var.

Azərbaycanlıların Soyqırımı Gününün qeyd edilməsinə bir neçə aspektdən yanaşmaq lazımdır. Əlbəttə, bu sənəd xalqımızın tarixi keçmişini və qan yaddaşını bərpası baxımından olduqca vacibdir. Biz bir dövlətçil xalq olaraq məhz bu fərmanla qəbul etməyə başladıq ki, bizə qarşı əsrlər boyu yürüdülmüş qanlı siyasət sistematik şəkildə yer üzündən silinməmizə hesablanmış terror aktıdır. XIX əsrin əvvəllərindən etibarən minlərlə erməninin hazırkı Ermənistan ərazisindəki ata-baba yurdumuza köçürülməsi və etnik azərbaycanlıların, türk-müsəlman elementinin buradan sıxışdırılması ilə başlanmış məkrli siyasət bütün XX əsrdə davam edib. Ötən yüzilliyin əvvəlindən etibarən sovetlər dönəmi də daxil olmaqla davam edən bu qanlı xətt, o cümlədən Qarabağın işğalı da bu siyasətin - soyqırımının ayrı-ayrı mərhələlərini özündə birləşdirir. Məhz ulu öndərin bu tarixi addımı ilə həm biz – Azərbaycan vətəndaşları, həm də dünya görüb ki, Xocalı, Quşçular, Malıbəylidə törədilmiş vəhşiliklərlə müşayiət olunan Qarabağın işğalı sadəcə ərazi münaqişəsi və ya mübahisəsi deyil. Bu, dünya güclərinin dəstəyi ilə ermənilərin azərbaycanlıların məhvinə yönəlmiş genosid tərkibli siyasətin sadəcə növbəti təzahürüdür.

Bizim bu tarixi hadisələrə kompleks şəkildə yanaşmağımızla bərabər 31 mart - Azərbaycanlıların Soyqırımı Günü etnik kökləri və konfessional bağlılığından asılı olmayaraq ölkə ərazisində yaşayan hər kəsin bu soyqırımına məruz qalmasını yaddaşlarımıza həkk edən tarixdir. 44 günlük müharibədə dinindən və milliyyətindən asılı olmayaraq şəhid və qazi olmuş övladlarımızın Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən uğrunda mübaribəzəyə atılması Azərbaycan xalqının yuxarıda qeyd edilmiş xüsusi fərman və müraciətdən irəli gələn tarixi vəzifələri dərk və əxz etməsinin bariz göstəricisidir.

Hər il 31 mart tarixində qeyd etdiyimiz Azərbaycanlıların Soyqırımı Günü bizə tarixi yaddaşımızı, ədaləti bərpa hisslərimizi qaytarmaqla, həm də gələcəyimizə ayıq, praqmatik yanaşmağımızı təmin edir. 1998-ci ildən bu yana formalaşmış yeni nəsil məhz bu reallıqda böyüyüb və biz bunun nəticələrini 2016-cı ilin aprel döyüşlərindən etibarən əyani surətdə görürük. Prezident cənab İlham Əliyev bu faktı dəfələrlə vurğulayıb ki, Qarabağı və Şəqri Zəngəzuru azad edən gənclərimiz məhz bu tarixi mərhələnin yetirmələridirlər. Biz bir xalq olaraq tarixi məsuliyyətimizi dərk edirik. Biz bir daha tarixi unutqanlığa yol verə bilmərik. Biz ümumiyyətlə, tariximizin digərləri tərəfindən yazılmasına imkan verməməliyik. Bunun üçün bir xalq və dövlət olaraq indikindən də güclü və qüdrətli olmalıyıq!

Elnur Allahverdiyev,

Milli Məclisin deputatı
XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top