Paytaxtın Mirzəağa Əliyev küçəsində mikromobillik və avtomobillərin hərəkəti üçün nəzərdə tutulan zolaqlardan əlavə daha bir zolağın olması müzakirə mövzusu olub.
Oxu.Az xəbər verir ki, bununla bağlı ötən gün radioaparıcı Tural Yusifov öz sosial hesabında paylaşım edib.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, mübahisəli zolaq məhz piyadaların rahatlığı və təhlükəsizliyi üçün yaradılıb.
"Paytaxtın Mirzəağa Əliyev küçəsində aparılan yenidənqurma işlərindən sonra asfalt örtüyü yenilənib. Bundan sonra AYNA tərəfindən küçədə hərəkət zolaqları yenidən təşkil olunub. Yolda avtomobillər üçün hərəkət zolaqlarının sayının eyni saxlanılması təmin edilib.
Piyadaların rahat və təhlükəsiz hərəkətinin təmin edilməsi məqsədilə mikromobillik zolağı birbaşa yolun kənarı ilə deyil, piyadaların hərəkəti üçün yer saxlanılmaqla təşkil edilib. Həmin hissə səki üçün nəzərdə tutulub. Səkilərin inşası ilə bağlı da aidiyyəti üzrə müraciət edilib.
Qeyd olunan hissənin həndəsi ölçüləri həmin hissənin hərəkət zolağı və ya parklanma yeri kimi istifadəsinə imkan vermir", - deyə açıqlamada vurğulanıb.