“Krokus siti holl”dakı terror aktını törədənlərin kimliyi hələ də bəlli deyil

DÜNYA 23.03.2024 2735
Rusiyanın Moskva vilayətindəki “Krokus siti holl” konsert zalındakı terror aktını kimin törətdiyi hələ də məlum deyil.

Saat24.az” xəbər verir ki, onların kim olduqları, motivlərinin nə olduğu və indi harada olduqları hələ aydın deyil.

Şahidlər onları “qəhvəyi paltarlı insanlar” kimi təsvir edirlər: “ya jilet idi, ya da kamuflyaj”. Hadisə tanıqlarının heç biri hələlik onların neçə nəfər olduğunu dəqiqləşdirməyib. Bir nəfər hücum edənlərin heç nə qışqırmadığını deyib. Üstəlik, onların maska ​​taxmadıqlarını söyləyib. Bununla belə, başqa bir şahid hücum edənlərin üzlərinin şərflərlə örtüldüyünü, altından saqqalların göründüyünü vurğulayıb.

“Krokus”a hücumdan sonra ortaya çıxan videolara əsaslanaraq, azı üç hücum edən şəxsin olduğu qənaətinə gəlmək olar.

Daha sonra “Baza” bildirib ki, hüquq-mühafizə orqanları cinayət yerindən qaçmış ola biləcək “kamuflyaj geyimli dörd kişini” axtarırlar. Ardınca dövlət agentliyi “RİA Novosti” Tver qeydiyyat nömrəli ağ rəngli “Renault Symbol” avtomobilinin fotosunu dərc edib.

“Novaya qazeta Yevropa” avtomobilin öncəki sahibini müəyyənləşdirib. 24 yaşlı kişi avtomobili “təxminən bir həftə əvvəl arvadının qardaşına satdığını” deyib, o da öz növbəsində dostunun maşını istədiyini söyləyib.

Rusiya mətbuatı avtomobilin rəngləndiyini müəyyən edib: nəqliyyat vasitəsi daha öncə qara rəngdə olub.

Eynin zamanda, mətbuatda yol-müşahidə kamerasının çəkdiyi görüntülər də yer alıb. Maşında iki kişi görünsə də, lakin yalnız birinin üz cizgilərini görmək olur: o, papaqlıdır, qara saçlı olduğu sezilir, kamulyajı xatırladan geyimdə olduğu görünür. Bununla belə, bu şəxslərin “Krokus”a hücumla əlaqəsi olub-olmadığı aydın deyil.

Daha sonra təhlükəsizlik qüvvələrinin ikinci avtomobili, boz rəngli “Renault Fluence” avtomobilini axtardığına dair məlumatlar ortaya çıxıb. Bu məlumatın rəsmi təsdiqi yoxdur.

“Kommersant” hüquq-mühafizə orqanlarına istinadən xəbər verir ki, hücum edənlər hərbi və ya straykbol təlimdən keçiblər.

Bir neçə anonim teleqram kanalı terrorçuların Bryansk vilayətində “göründüyünü” və onlardan birinin öldürüldüyünü yazıb. Amma bu məlumat da təsdiqini tapmayıb.

Ümumiyyətlə, Rusiya rəsmiləri şübhəli şəxslərlə bağlı hər hansısa dolğun məlumat təqdim etməyib.

Xatırladaq ki, martın 22-də Rusiyanın Moskva vilayətinin Krasnoqorsk şəhərindəki “Krokus siti holl” konsert zalında terror aktı törədilib. Naməlum şəxslər məkana daxil olaraq insanları güllələməyə başlayıb, daha sonra yanğın törədərək hadisə yerindən uzaqlaşıblar. Onların saxlanılıb-saxlanılmaması barədə məlumat verilməyib. Şübhəli şəxslərin beş nəfər olduğu güman edilir. Olayda ümumilikdə 60-dan çox insan ölüb, 147 nəfər yaralanıb.

Rusiya Prezidenti “Krokus siti holl”a hücumla bağlı rusiyalılara müraciət etməyib. “RİA Novosti” müraciətin anonsunu versə də, sonradan elanı “texniki xəta” adlandırıb.
 
XƏBƏR LENTİ
17.04.2024 3201

DİGƏR XƏBƏRLƏR

Loading
Top