Avropa Parlamentinin Azərbaycana qarşı qarayaxma kampaniyası eyni ssenarinin tərkib hissəsidir
"Azərbaycan illərdir ikili standartlarla üz-üzədir. Martın 13-də Avropa Parlamenti növbəti dəfə Azərbaycana qarşı qərəzli mövqeyini nümayiş etdirdi. Tamamilə absurd, həqiqəti əks etdirməyən, ölkəmiz əleyhinə ədalətsiz qətnamə çıxartdı".
Bu sözləri "Azərbaycan" qəzetinə açıqlamasında Milli Məclisin deputatı Jalə Əliyeva deyib. Deputat bildirib ki, Avropa institutları tərəfindən beynəlxalq ictimai rəyi çaşdırmaq üçün çoxsaylı əsassız fikir və iddialar ortaya atılır. Avropa Parlamentinin növbəti addımı da əvvəlkilər kimi heç bir əsası olmadığı üçün birmənalı olaraq dünya ictimaiyyəti tərəfindən dəstəklənməyəcək. Çünki dünya ictimaiyyəti yalnız Azərbaycana təzyiq göstərməyə çalışan ermənipərəst qüvvələrdən, onların havadarlarından ibarət deyil, tərəqqipərvər, siyasəti dərindən bilən qruplar da var. 44 günlük Vətən müharibəsi dövründə, hətta o günə qədər də Azərbaycan həqiqətlərini görmək istəməyən dövlətlərin ekspertləri, jurnalistləri belə etiraf edirdilər ki, Azərbaycan ərazi bütövlüyünü təmin etmək üçün dünya hərb tarixinin ən uğurlu taktikasını həyata keçirdi.
J.Əliyeva qeyd edib ki, bu gün də doğru yolundan dönməyən Azərbaycanın inkişafı bölgədə marağı olan bəzi qüvvələri narahat edir: "Onlar dezinformasiya xarakterli, əsassız fikirlərlə öz arzularına çatmaq istəyirlər. İllər boyu irqçilik siyasəti yürüdən, işğal altında saxladıqları ölkələrin gəlirlərinə ortaq olan, öz torpaqlarında digərlərinin nümayəndələrinə qarşı ayrı-seçkilik siyasəti həyata keçirən Avropanın guya demokratiyaya dəyər verən təsisatları, Şərqdə, Afrikada, Asiyada gərginlik yaradan ölkələr Qarabağ münaqişəsi baxımından da eyni mövqedə dayandılar. Azərbaycan vətəndaşları 30 ilə yaxın müddətdə qaçqın düşərgələrində yaşayarkən bu qüvvələr məsələyə heç bir münasibət bildirmədilər. Bir daha vurğulamaq istəyirəm ki, Avropa Parlamentinin sənədləri təhrikedici, çaşdırmaq məqsədilə ortaya atılan iddialardır".
Deputatın sözlərinə görə, Prezident İlham Əliyevin də söylədiyi kimi, Azərbaycan heç vaxt haqq yolundan, getdiyi doğru yoldan geri dönməyəcək. Azərbaycanın xüsusilə son 20 ildə qət etdiyi yol bəlkə də həmin "demokratiya" institutlarının mövcud olduğu ölkələrin 200 ildə keçdiyi yoldan daha böyükdür. Bu yol torpaqları işğal altında olan, müharibə şəraitində yaşayan bir ölkənin getdiyi yol idi. Bu yolun üzərində qaçqın düşərgələri, yerlə yeksan edilmiş torpaqlar, mənfur düşmən və onun havadarları, ən nəhayət, Azərbaycanın inkişafını istəməyən qüvvələr var idi. Sonuncular bu gün də var.
Jalə Əliyeva bildirib ki, AP-nin son qətnaməsi də ikili standartlarla çıxış edən qüvvələrin, ölkələrin Azərbaycana qarşı münasibətini, mövqeyini bir daha ortaya qoyur. Avropa Parlamentində qəbul edilən "Avropa İttifaqı və Ermənistan arasında daha yaxın əlaqələr və Azərbaycanla Ermənistan arasında sülh sazişinə ehtiyac" adlı qətnamə əsassız və qərəzli olmaqla yanaşı, ölkəmizə qarşı növbəti ikili standartların bariz nümunəsidir. Avropa Parlamentində Ermənistan və erməni lobbisinin təsiri altında olan bəzi dairələr tərəfindən irəli sürülən bu qətnamə sülhün "təşviq olunması"na, guya Aİ və Ermənistan münasibətlərinə həsr olunmasına baxmayaraq, bu kağız parçasında bütün faktların saxtalaşdırıldığı, Azərbaycana qarşı qarayaxma kampaniyasının tərkib hissəsi olması göz önündədir. Beynəlxalq əlaqələrin mahiyyətinə zidd olan, siyasi, etik normalardan kənara çıxan, cəfəng və təhqiramiz ifadələr, eləcə də Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə qarşı pozuntu dolu fikirlərin əks olunması qətnaməni hazırlamış Avropa Parlamenti üzvlərinin əsl üzünü bir daha ortaya qoyur.
J.Əliyeva vurğulayıb ki, AP Azərbaycanla Ermənistan arasında normallaşma prosesinə müdaxilə əvəzinə, Avropanı bürüyən daha ciddi problemlərlə, o cümlədən irqi ayrı-seçkilik, islamofobiya, ksenofobiya, ekstremizm və miqrantlara münasibətdə qeyri-insani davranış kimi məsələlərlə məşğul olarsa, daha faydalı quruma çevrilər. "Avropa Parlementi üzvlərinin bir daha diqqətinə çatdırmaq istəyirik ki, bəyan etdiyi dəyərlərlə heç bir əlaqəsi olmayan bu kimi qətnamələr onun bir qurum kimi dəyərini heçə endirir", - deyə deputat əlavə edib.
Əsmər QARDAŞXANOVA,
"Azərbaycan"