Jalə Əliyeva: “AŞPA-nın qərarı qarşılarındakı gücdən ehtiyatlandıqlarını göstərir"

Sadə xəbər
SİYASƏT 03.02.2024 2047

 

“Son zamanlarda Avropa Şurası Parlament Assambleyası (AŞPA) və digər təşkilatlar Azərbaycana qarşı növbəti dəfə qərəz nümayiş etdirirlər”.

Bunu Millət Məclisin deputatı Jalə Əliyeva “Cümhuriyət”ə açıqlamasında deyib. Millət vəkili bildirib ki, onların sərgilədikləri mövqe birmənalı olaraq qərəzli və əsassızdır:

“Azərbaycan növbəti dəfə yeni bir uğura imza atmaq ərəfəsində olarkən, sülh müqaviləsi imzalamağa bu qədər yaxınlaşmışkən AŞPA və digər təşkilatlar tərəfindən ölkəmizə qarşı qərəzli addımlar atılır. Əlbəttə ki, atılan bu addımlar sülhə, sabitliyə və əmin-amanlığa xidmət etmir.

Özlərini dünyada insan hüquqlarının “müdafiəçisi” elan edən bu təşkilatların bəzi üzvləri illərdən bəri Azərbaycanın haqlı mübarizəsini və ölkəmizin sürükləndiyi ədalətsiz müharibəni görmürlər. Onlar illər ərzində vətəndaşlarımızın öz torpaqlarında qaçqın statusuna düşməsini, Ermənistanın və onun havadarlarının ölkəmizə qarşı həyata keçirilən işğal siyasətini, işğal dövründə topraqlarımızda yox olan abidələrimizi də görmədilər”. 

Deputat qeyd edib ki, bəzi qüvvələr Azərbaycanın şanlı Zəfərindən sonra inamla irəlilədiyi yolda bütün bölgə üçün əmin-amanlıq gətirəcək sülh müqaviləsinin imzalanmasına çox yaxın ikən heç bir əsası olmayan iddialar ortaya atır və qərəzli mövqe sərgiləyirlər:

“AŞPA-nın Azərbaycan nümayəndə heyətinin etimadnaməsinin qəbul etməməsi qərəzlə bərabər, qarşılarında gördükləri güc və “Dəmir yumruq” siyasətindən ehtiyatlandıqlarını göstərir. Azərbaycan həqiqətən də 30 il əvvəlki ölkə deyil. İstəsələr də, istəməsələr də, reallığı və Azərbaycanın bugünkü sürətli inkişafını, ərazi bütövlüyünü tam şəkildə bərpa etməsini və böyük quruculuq işləri həyata keçirməsini görməlidirlər.

Bundan əlavə, qarşıdakı günlərdə keçiriləcək prezident seçkisi, xalqın yekdilliklə bu seçkiyə getməsi və dövlətinin yanında olması çox əhəmiyyətli amillərdir. Bu amillər ölkəmizin inkişafını həzm edə bilməyən, Azərbaycanın dünyada və bölgədə nüfuzlu ölkə olaraq qəbul etmək istəməyən, bundan təşvişə düşən qüvvələrin ortaya atdığı mənasız iddialardır. Bunu bu şəkildə dəyərləndirməli və qəbul etməliyik".

Deputat bildirib ki, Azərbaycan nümayəndə heyətinin hüquqlarıbərpa olunmalıdır:

"Azərbaycan nümayəndə heyətinin hüquqları bərpa olunmayacağı təqdirdə, Azərbaycan tərəfindən də Avropa Şurası və Avropa İnsan Hüquqları Məhkəməsində iştirak məsələsinə yenidən baxılacaq".

Jalə Əliyeva vurğulayıb ki, bu səylər və cəhdlər Azərbaycanla Ermənistan arasındakı sülh danışıqlarını dalana dirəyə bilməyəcək: 

“Çünki qarşılarında öz iradəsi, mövqeyi olmayan, sadəcə “ağa”larından aldığı əmrləri icra edən Ermənistandan fərqli olaraq, Zəfər qazanmış, müstəqil və öz iradəsi ilə hərəkət edən bir Azərbaycan var. Ona görə də son söz Azərbaycanındır. Cənab Prezident İlham Əliyevin də açıq şəkildə bəyan etdiyi kimi bu müqavilənin imzalanmasının sadəcə iki tərəfi var:

Azərbaycan və Ermənistan. Bu müqavilənin imzalanması üçün hər hansısa üçüncü tərəfin qatqısına və ya iştirakına imkan verməyəcəyik. Ümumiyyətlə, heç bir əlavə vasitəçi olmadan sülh müqaviləsini imzalamağa hazırıq və qadirik. Cənab Prezidentin bu açıqlamaları, “Dəmir yumruq” siyasətindən doğan qətiyyətli nitqi və dünyaya verdiyi mesajlar sözügedən qüvvələri narahat edir. Lakin Azərbaycanın güclü mövqeyi, qətiyyəti, məsələlərə praqmatik yanaşa bilmə imkanı və bölgədə söz sahibi olması bizə üstünlük qazandırır. Beləliklə, Azərbaycanın nəzərdə tutduğu layihələrin hər biri xalqımızın, dövlətimizin və ordumuzun həmrəyliliyi ilə həyata keçiriləcək”. 

 

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top