"Elektrik avtomobillərə keçid prosesi sürətlə gedir"

CƏMİYYƏT 19.01.2024 2664

Qlobal səviyyədə iqlim dəyişmələrinin təsirlərinin yumşaldılması təşəbbüslərinə töhfə olaraq, ölkəmiz istixana effektli qaz tullantılarının azaldılması istiqamətində kifayət qədər ambisiyalı hədəflər götürüb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji siyasət şöbəsinin müdiri Faiq Mütəllimov "Saat24.az"a bildirib ki, iqlim dəyişikliyi ilə mübarizə tədbirlərindən biri də nəqliyyat sektorundan atılan istixana qazlarının azaldılması məqsədilə ekoloji cəhətdən təmiz nəqliyyat vasitələrinin istifadəsinin artırılmasıdır.

"Hazırda dünyada elektrik avtomobillərə keçid prosesi sürətlə gedir. Azərbaycanda da bir neçə ildir ki, mərhələlərlə ekoloji təmiz nəqliyyat vasitələrindən istifadənin stimullaşdırılması istiqamətində tədbirlər görülür, elektrik və hibrid mühərrikli avtomobillərə, eyni zamanda, onlar üçün enerji doldurucularına vergi və gömrük sahəsində güzəştlər tətbiq olunur. Bu stimullaşdırıcı tədbirlər nəticəsində ölkəyə idxal olunan elektromobillərin sayı ildən-ilə artmaqdadır".

Nazirlik rəsmisi qeyd edib ki, 2021-ci illə müqayisədə ötən il 19 dəfə çox elektromobil idxal olunub. Belə müsbət tendensiya növbəti illərdə də davam edərsə, ölkənin nəqliyyat parkında elektrik mühərrikli avtomobillərin payı ciddi şəkildə artacaq. 

“Ölkəmizdə elektromobillərin sayının artması ilə paralel olaraq enerji doldurucularının sayında da artım müşahidə olunur. Elektromobilliyin daha da inkişafı məqsədilə Elektromobillik üzrə Milli Planın hazırlanmasına başlanılıb. Eyni zamanda, BMT-nin Ətraf Mühit Proqramı ilə birgə "Azərbaycanda tullantısız və az tullantılı elektrik nəqliyyatına keçid" layihəsi işlənilir”.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top