14 noyabr 2024-cü il tarixli plenar iclasında millət vəkili Jalə Əliyevanın etdiyi çıxışın tam mətni

SİYASƏT 18.11.2023 2327
Milli Məclisin Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin müzakirəsinə həsr olunmuş 14 noyabr 2024-cü il tarixli plenar iclasında millət vəkili, Milli Məclisin Ailə, qadın, uşaq məsələləri komitəsinin sədr müavini Jalə Əliyevanın etdiyi çıxışın tam mətnini təqdim edirik.

"Ötən həftə ölkə və xalq olaraq qeyd etdiyimiz əzəmətli Zəfər günü Azərbaycan tarixinin ən parlaq səhifəsidir. Biz eyni zamanda Bayraq gününü, Konstitusiya gününü  qeyd etdik. Azərbaycanlı olmağın, Azərbaycanda yaşamağın qürurunu, sevincini bir daha yaşadıq. Bu günlərin hər birinin arxasında Azərbaycan dövlətinin sarsılmazlığı, dövlətçiliyinin möhkəmliyi, müstəqilliyinin əbədiliyi dayanır.

Bu parlaq günlərin əsasını qoyan Ulu Öndər Heydər Əliyevi doğumunun 100-cü ildönümündə bir daha rəhmətlə anır, ata vəsiyyətinə əməl edən,  uğurlarımızın, qələbələrimizin müəllifi olan müzəffər Ali Baş Komandan, Xilaskar Prezident cənab İlham Əliyev başda olmaqla hər birinizi təbrik edir, şəhidlərimizin ruhu qarşısında ehtiramla baş əyirik.

Müzakirə etməkdə olduğumuz 2024-cü il dövlət büdcəsi layihəsi də böyük uğurlarımızın, zəfərlərimizin davamı kimi qiymətləndirilməlidir. Bəli, dörd  ildir ki, Qalib Azərbaycanın zəfər büdcəsini müzakirə edirik. Bu ilki büdcə zərfini isə ötən 3 ildən fərqləndirən cəhət, onun bütöv Azərbaycanın büdcəsi - Xankəndili, Xocalılı Zəfər büdcəsi olmasıdır.

Burada səsləndi. Bu ilki büdcənin 70%-i sosial yönümlüdür. Bu isə ölkəmizdə Prezident İlham Əliyev tərəfindən irəli sürülən insan amili, insan kapitalı siyasətinin uğuru kimi dəyərləndirilməlidir.

Mən bu layihəyə birmənalı olaraq səs verəcəyimi bildirməklə bərabər bəzi  mülahizələrimi, xahiş və təkliflərimizi səsləndirmək istəyirəm.

İlk növbədə belə deyək ki, həyat qaynağı olan su  haqqında danışmaq istəyirəm. Ümumiyyətlə bu problem demək olar ki, bütün deputatların, xüsusilə Aran zonalarını təmsil edən deputatların, həmçinin mənim də çıxışlarımızda mütəmadi yer alır. Əkin sahələrinin vaxtında suvarılması məhsuldarlığın artması və kəndlinin həyat şəraitinin yaxşılaşması deməkdir. Əkinini suvara bilməyən kəndli ailəsini dolandırmaq üçün iş yeri axtarmağa başlayır. Kənd yerlərində işlə təminin nə qədər çətin olduğunu isə hər birimiz bilirik. 

Ona görə də su probleminin müəyyən ölçüdə həll edilməsi özlüyündə bir çox problemləri həll etmiş olar. Suya olan tələbatın  rayonların daxili imkanlarıyla və ya rayonlardakı su təsərrüfatı şöbələrinin imkanlarıyla aradan qaldırılması mümkün deyil. Ölkədə həm təsərrüfat təyinatlı, həm də içməli su qıtlığının  aradan qaldırılması üçün böyük layihələrin hazırlandığı məlumdur. Lakin həmin layihələr reallaşana qədər büdcədən bu sahəyə, xüsusilə Aran zonalarına  cari maliyə vəsaitinin ayrılması vavibdir. 

Söhbət işsizlikdən düşmüşkən bir məsələyə də toxummaq istəyirəm. Rayonlarda iş yerlərinin açılmasına ehtiyac var. Hər bir rayonun iqtisadi, coğrafi, sosial özəllikləri, spesifikası nəzərə alınaraq, hər bir rayon üçün xüsusi iqtisadi proqramlar hazırlanması və bu proqramlarda həmin rayonların kənd təsərrüfatı istehsal sahələri nəzərə alınaraq müəssisələrin açılması vacibdir. Bu həm də regionların daha mükəmməl və sürətli inkişafına səbəb ola bilər.

Digər tərəfdən, rayonlarda dövlət qurumlarının regionlaşdırılması səbəbiylə atrıq yerli səviyyədə, icra hakimiyətləri və yerli  icra orqanlatı tərəfindən iş təmini imkanları sıfıra enib. Bu da müəyyən pərakəndəlik və çətinliklər yaradır. İş axtaran şəxs yaşadığı rayonla regionlaşmış müəssisənin rayondan 100 kilometrlərlə uzaq məsafədə yerləşən baş idarəsi arasında belə demək mümkündürsə yol ölçür və bu gediş gəlişlər çox vaxt nəticəsiz qalır. Bu amilin də nəzərə alınmasını xahiş edirik.

Toxunacağım digər əhəmiyyətli məsələ təhsillə, konkret olaraq yeni  məktəblərin tikintisi  ilə bağlıdır. Məlumdur ki, ölkəmizdə çox yüksək standartlı məktəblər tikilir, təmir edilir. Lakin  öz növbəsini gözləyən məktəblərimiz də çoxdur. Təqribi  statistikaya baxsaq hər rayonumuzda hər il orta hesabla bir məktəb inşa vəya təmir edilir. Tikiləcək məktəblərin sayının artırılması və təmir-tikinti işlərinin sürətləndirilməsi ümumilikdə təhsilin səviyyəsinə, sağlam təməlli gələcəyin təmininə də böyük ölçüdə təsir göstərən  bir məsələdir.  Bu amilin də nəzərə alınmasını xahiş edirik.

Digər bir məsələ də yenə uşaqlarımızla bağlıdır. Söhbət kimsəsiz, atılmış, evsiz eşiksiz  uşaqlardan gedir. Bu qəbildən uşaqlar həqiqətən  cəmiyyətimizin ağrılı yeridir. Doğrudur, onlar dövlətin himayəsindədirlər. Lakin həmin uşaqların tam yetişməsi, tam vətəndaş kimi böyüməsi üçün  düşünürəm ki, bu sahəyə həm vəsait, həm də diqqət daha da artırılmalıdır. 

Bir neçə kəlmə ilə gənclər və idman sahəsi ilə bağlı fikirlərimi bildirmək istəyirəm. Yeniyetmə və gənclərin idman hazırlığının gücləndirilməsi ölkəmizdə prioritet bir sahədir. Bu sahəyə dövlət böyük diqqət ayırır. Lakin bununla belə hələ də rayonlarda təmirsiz, bərbad vəziyyətdə olan stadionlar var. Məsələn mənim deputatı olduğum Zərdab rayonunda  mərkəzi stadion son dəfə bundan 18 il əvvəl bizim təşəbbüsümüz və iştirakımızla cari təmir edilmişdir. Uzun illərdən bəri həmin stadionun əsaslı təmiri maliyə çatışmazlığı səbəbiylə növbə gözləyir.  Rayon gənclərinin idmana olan böyük həvəsi və vətəndaşların davamlı tələbləri rayon icra hakimiyəti tərəfindən nəzərə alınaraq, vəziyyətdın çıxış yolu kimi, ötən il rayonda daxili imkanlarla mini futbol meydançası inşa edildi. Lakin bu dəfə də, həmin meydançanın yaşıl örtüyünün əldə edilməsinə köməklik göstərmələri üçün Gənclər və İdman Nazirliyinə etdiyimiz müraciət yenə maliyə vəsaitinin çatışmaması ucbatından müsbət həllini tapmadı. Ona görə də, bu kimi hətta ən elementar məsələlərin belə həllində çətinliklərin yaranmaması üçün bu sahəyə ünvanlı vəsaitlərin ayrılması məqsədəuyğun olardı.

Eynu zamanda bu il büdcədən  bu sahədə ölkə üzrə təmir bərpa işlərinə 11 milyon vəsait ayrılacaq. Bu il ölkədı təmir və bərpa ediləcək İdman kompleksləri və stadionların siyahısına deputatı olduğum Zərdab rayonunda bir az əvvəl qeyd etdiyim kimi, 18 ildir növbəsini gözləyən  Şəhər Mərkəzi Stadionunun da daxil edilməsini xahiş edirik.

Sonda bir neçə kəlmə də mədəniyyət sahəsi ilə bağlı fikirlərimi bildirmək istəyirəm. Mədəniyyət Naziri hörmətli Adil Kərimli ilə də bu günlərdə çox məhsuldar görüşümüzdən aldığım yüksək təəssüratla demək istəyirəm ki, mədəniyyət özü özlüyündə bir strategiyadır və bu sahənin hər gün dəyişən dünya tələbləri səviyyəsində inkişaf etdirilməsi və dünyada tanıdılması, daha effektli layihələrin hazırlanması üçün daha çox vəsaitə ehtiyac var. O cümlədən kino industriyasını bu sahəyə ildə sadəcə 11 milyon vəsait ayırmaqla dünya film yaradıcılığı səviyyəsinə çatdırmaq olmaz. Effektli sənət əsəri, uğurlu yaradıcılıq işi istəyiriksə, gerçəklərimizi sənətin diliylə dünya arenasına çıxartmaq istəyiriksə, istedadların üzə çıxarılması,  peşəkarların hazırlanması, bu sahədə təhsilin dünya standartlarına yüksəldilməsi və ümumiyyətlə mədəniyyətin bütün spektrlərinin dünyanın baxış bucağından daha aydın görünməsi üçün bu sahəyə sadəcə sənət baxımından deyil, həm də miıli strategiya baxımından yanaşmaq vacibdir.

Sonda bir daha bu mükəmməl layihənin hazırlanmasında əməyi keçən bütün hökümət üzvlərinə təşəkkür edir və layihəni dəstəklədiyini bildirir.

Saat24.Az

XƏBƏR LENTİ
18.05.2024 3246

DİGƏR XƏBƏRLƏR

Loading
Top