Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında qanunvericiliyin pozulmasına görə inzibati məsuliyyət müəyyənləşir.
"Saat24.az" xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.
Layihəyə əsasən,
- Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında qanunvericiliyin pozulmasına, yəni:
- Azərbaycan Respublikası Mərkəzi Bankının apardığı reyestrdə olmayan ödəniş agenti vasitəsilə ödəniş xidmətlərinin göstərilməsinə;
- ödəniş xidməti təchizatçıları, o cümlədən xarici ödəniş xidməti təchizatçılarının yerli filialları tərəfindən ödəniş agentinin cəlb edilməsi, ödəniş agenti tərəfindən ödəniş xidmətlərinin göstərilməsi, o cümlədən ödəniş agenti ilə bağlanan müqavilənin şərtlərinə dair tələblərin pozulmasına;
- xarici ödəniş təşkilatı, elektron pul təşkilatı və ödəniş sistemi operatorunun yerli filial açmadan ölkədə fəaliyyət göstərməsinə dair bağlanılmış müqavilə barədə məlumatın ödəniş xidməti təchizatçıları tərəfindən qanunla müəyyən edilmiş müddətdə təqdim edilməməsinə;
- banklar, xarici bankların yerli filialları və poçt rabitəsinin milli operatoru tərəfindən elektron pulun emitenti, ödəniş əməliyyatının aparılması üçün vasitəçilik xidməti təchizatçısı və hesab üzrə məlumat xidməti təchizatçısı kimi fəaliyyət göstərəcəyi barədə məlumatın Azərbaycan Respublikasının Mərkəzi Bankına qanunla müəyyən edilmiş müddətdə təqdim edilməməsinə görə - vəzifəli şəxslər min manatdan üç min manatadək, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə cərimə ediləcək.
Elektron pul təşkilatı, o cümlədən xarici elektron pul təşkilatının yerli filialı tərəfindən pul vəsaitlərinin təhlükəsizliyinə dair qanunla müəyyən olunmuş tələblərin pozulmasına görə - vəzifəli şəxslər 2000 manatdan 3000 manatadək miqdarda, hüquqi şəxslər 7000 manatdan 10 000 manatadək məbləğdə cərimə tətbiq olunacaq.
Ödəniş xidməti təchizatçısı və ödəniş sistemi operatoru, o cümlədən xarici ödəniş xidməti təchizatçısının və xarici ödəniş sistemi operatorunun yerli filialı tərəfindən əməliyyat və ya təhlükəsizlik insidentləri haqqında məlumatların Azərbaycan Respublikasının Mərkəzi Bankına qanunla müəyyən edilmiş müddətdə təqdim edilməməsinə, yaxud düzgün təqdim edilməməsinə görə - vəzifəli şəxslər beş yüz manatdan yeddi yüz manatadək miqdarda, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimələnəcək. Ödəniş təşkilatı, elektron pul təşkilatı və ödəniş sistemi operatoru, o cümlədən xarici ödəniş təşkilatı, xarici elektron pul təşkilatı və xarici ödəniş sistemi operatorunun yerli filialı tərəfindən Azərbaycan Respublikasının Mərkəzi Bankına qanunla müəyyən edilmiş hesabatların təqdim edilməməsinə, yaxud düzgün təqdim edilməməsinə görə isə vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə ediləcək.