Bakıda üç nəfərin öldüyü dəhşətli qəzanın TƏFƏRRÜATI

HADİSƏ 21.12.2022 1206

Bakıda Xəzər rayonu ərazisində üç nəfərin ölümü ilə nəticələnmiş ağır yol-nəqliyyat hadisəsinin təfərrüatı açıqlanıb.

Bu barədə Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi məlumat yayıb.

Bildirilib ki, ötən gün saat 17 radələrində Xəzər rayonunun Türkan qəsəbəsi ərazisində 34 yaşlı Həsənov Abil Sədrəddin oğlunun idarə etdiyi “Hyundai” markalı, 99-OH-223 dövlət qeydiyyat nişanlı və 63 yaşlı Əliyev Qurban Polad oğlunun idarə etdiyi VAZ-2107 markalı, 90-EY-518 dövlət qeydiyyat nişanlı avtomobillər toqquşub.

Qəza nəticəsində Qurban Əliyev və sərnişinləri - paytaxt sakinləri 13 yaşlı Lütfəlizadə Əminə Əhməd qızı və onun bacısı 12 yaşlı Zalina hadisə yerində həyatlarını itirib, onların anası Lütfəliyeva Nigar Elbrus qızı və İsmayılova Ülviyyə Eldar qızı isə xəsarət alıb. Bununla yanaşı, “Hyundai” markalı avtomobildə olan 5 nəfər sərnişin – Babayeva İradə Quli qızı, Babayeva Xatirə Babakişi qızı, Hüseynova Nayibə Ağaraza qızı, Babayeva Göyərçin Arif qızı və Zeynalova Təranə Murad qızı müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

İlkin araşdırma zamanı “Hyundai” markalı avtomobilin sürücüsü Abil Həsənov həmin gün səhər saatlarından başlayaraq fasiləsiz taksi fəaliyyəti ilə məşğul olduğu üçün yorulduğunu və bu səbəbdən sükan arxasında yuxulayaraq qarşı hərəkət zolağına çıxdığını bildirib. Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

DİN-in Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə müraciət edərək, onları ikisi yeniyetmə olmaqla üç nəfərin həyatına son qoyan sözügedən ağır yol qəzasından düzgün nəticə çıxarmağa, yorğun, yuxusuz halda sükan arxasına əyləşməməyə, yol hərəkəti qaydalarına, iş və istirahət rejiminə ciddi əməl etməyə çağırır:

“Ümid edirik ki, xüsusilə sərnişin daşıma fəaliyyəti göstərən fiziki və hüquqi şəxslər çağırışımıza biganə qalmayacaq, özlərinin, doğmalarının və digər hərəkət iştirakçılarının təhlükəsizliyi naminə verilən tövsiyələrə əməl edəcəklər”.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top