Gürcüstan prezidenti və baş naziri İlham Əliyevi təbrik etdilər

CƏMİYYƏT 18.11.2022 2100

Gürcüstan Prezidenti Salome Zurabişvili və Baş nazir İrakli Qaribaşvili Gürcüstan və Azərbaycan Respublikası arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıblar.

Bu barədə Prezident.az məlumat yayıb.

Gürcüstan Prezidenti Salome Zurabişvili təbrik məktubunda ölkələrimiz arasındakı mehriban qonşuluq münasibətlərinin çoxəsrlik tarixi olduğunu vurğulayıb:
“Ölkələrimizin müstəqilliklərini bərpa edənədək üzləşdikləri çoxsaylı çətinliklərin təbii nəticəsidir ki, Gürcüstan və Azərbaycan nəinki dost dövlətlər olaraq qaldılar, bu münasibətlər strateji tərəfdaşlığa çevrildi.

Ölkələrimiz müstəqil və azad dövlətlər kimi öz ilk addımlarını atdıqları 30 il əvvəldə olduğu kimi, bu gün də dünyada sülh və sabitlik qarşısında böyük təhdid və çağırışlar dayanır. Regionumuzun sabitliyi və təhlükəsizliyi bu qlobal çağırışların öhdəsindən gəlmək baxımından mühüm əhəmiyyət kəsb edir.

İnanıram ki, ortaq səylərimiz sayəsində bu çağırışları imkanlara çevirərək ölkələrimiz arasındakı münasibətlərin daha da inkişafına töhfə verəcəyik. Əminəm ki, Gürcüstan və Azərbaycan nəinki regionumuzda, həmçinin qlobal səviyyədə təhlükəsizliyin və sabitliyin, o cümlədən iqtisadi inkişafın möhkəmlənməsinə böyük töhfə verəcəklər.

Zati-aliləri, Sizə bir daha ən yüksək ehtiramımı bildirir, ali dövləti fəaliyyətinizdə uğurlar arzulayır, dost Azərbaycan xalqına isə sülh, rifah və firavanlıq diləyirəm”.

Baş nazir İrakli Qaribaşvili isə öz növbəsində Gürcüstan və Azərbaycanı nümunəvi dostluq, strateji tərəfdaşlıq və mehriban qonşuluq münasibətlərinin birləşdirdiyini bildirib:
“Bu dövr ərzində ölkələrimiz bir çox mühüm sahələrdə sıx əməkdaşlığı dərinləşdiriblər. Şadam ki, möhkəm təməl üzərində qurulan, xalqlar və hökumətlər arasında mövcud əlaqələr bu gün də uğurla və yeni şövqlə inkişaf edir.

Şübhəsiz ki, ümumi məqsədlərimizə, qarşılıqlı dəstəyə və maraqlarımıza əsaslanan nümunəvi strateji əməkdaşlığımızın daha da dərinləşməsi üçün biz öz səylərimizi əsirgəməyəcəyik. Bu məqsədimiz Sizin Gürcüstana səfəriniz zamanı bir daha təsdiq olundu.

Əminəm ki, Gürcüstan və Azərbaycan Respublikası arasında mövcud yüksək səviyyəli münasibətlər və əməkdaşlıq davam edəcək, strateji tərəfdaşlığımız ikitərəfli və regional səviyyədə birgə təşəbbüslərimizin icra edilməsində mühüm rol oynayacaq.

Zati-aliləri, Fürsətdən istifadə edərək, Sizə bir daha öz dərin ehtiramımı ifadə edir, bu əlamətdar tarixlə bağlı ən xoş arzularımı çatdırır, dost Azərbaycan xalqına sülh və sabitlik arzulayıram”.

XƏBƏR LENTİ
20.04.2024 2058

DİGƏR XƏBƏRLƏR

Loading
Top