“İranda baş verənlər insanlıq əleyhinə törədilmiş cinayətdir” - RƏY + FOTO

CƏMİYYƏT 16.11.2022 1433

İranda baş verənlər ümumi siyasi arenada gərginlik yaradır. Molla rejimi ölkə vətəndaşlarının hüquq və azadlıqlarını əlindən alır, etiraz edənləri də güllə yağışına tutur. Bununla yanaşı, qonşu dövlətlərlə münasibətdə riyakarlıq edir, düşmənçilik və terror toxumları səpir.

Mövzu ilə bağlı Oxu.Az-a açıqlama verən Milli Məclisin deputatı Anar İsgəndərovun sözlərinə görə, İranda baş verən hadisələr insanlıq əleyhinə törədilən cinayətlərdir:

“İran özünü ədalətli, heç bir dövlətin haqqına girməyən dövlət kimi göstərmək istəyir. Guya terrorla heç bir əlaqəsi yoxdur, xüsusi xidmət orqanları da heç bir dövlətin işinə qarışmır. Lakin bunların hamısı təbliğat və cəfəngiyyatdır. Əslində, İran tarix boyu fars şovinizmi üzərində heç bir demokratik düşüncəyə malik olmayan bir dövlət qurub, həmişə dili ilə dünyanı inandırmaq istəyib. Son dövrün hadisələri də göstərir ki, molla rejimi qadına, qocaya, uşağa rəhmi gəlmədən öz xalqına qarşı amansız cəza tədbirləri həyata keçirir”.

A.İsgəndərov qeyd edib ki, ölkədə əhalinin yarısını azərbaycanlılar təşkil etsələr də, hüquqları əllərindən alınır:

“Ölkə əhalisinin az qala yarısını azərbaycanlılar təşkil edirlər. Lakin onların məktəbdə doğma dilimizdə dərs almaları qadağandır, hüquqları yoxdur. Dövlət məmurları nə deyirlər-desinlər, fakt ondan ibarətdir ki, ölkədə yaşayan əksər millətlərin hüquqları qorunmur. Hətta mədəni muxtariyyət hüquqları yoxdur. Lakin dili də, dini də İranın dövlət dilinə və dininə uyğun gəlməyən ermənilərə orada hər cür şərait yaradılıb.

Otuz illik erməni işğalı bizə əyani surətdə bir çox məqamları göstərdi. Bu 30 il ərzində İranla sərhəd olan Azərbaycan rayonlarının, kəndlərinin dağıdılmasında, daşının, taxtasının daşınmasında İranın müstəsna canfəşanlığı olub. Heç İran özü də bunu inkar etmir.

Onun üçün məscid müqəddəs deyil, müqəddəs olan şəxsi maraqlarıdır. Təki İranın maraqlarını təmin edən ölkə olsun. Təbii ki, bu dövlət də Ermənistandır. Lakin İran onu da anlamalıdır ki, Azərbaycan 30 il bundan qabaqkı deyil. Bu gün İran Türkiyə ilə Azərbaycan arasındakı qardaşlıq münasibətlərini qısqana bilər. Lakin bu o demək deyil ki, bu münasibətlərə təsir edə bilər.

Qonşuluq münasibətlərində nə qədər səmimi olsaq, hər iki xalq, dövlət qazanmış olar. Tarix boyu ortaq mədəniyyətə malik olduğu Azərbaycana böhtan atması İran dövlətinə hörmət gətirməz. Hər bir xalq öz milli kimliyini dərk edir və mübarizə aparır. İran da həmin hadisələrin içindədir”.

Deputat Aydın Hüseynov isə əlavə edib ki, insan hüquqlarının ən çox tapdalandığı ölkə İrandır:

“40 milyonluq bir xalqa, İran tarixində önəmli rol oynayan, İran dövlətinin formalaşmasında ən böyük xidməti olan bir xalqa bu gün öz dilində danışmağı belə, yasaq edirlər. Məktəbləri, universitetləri yoxdur. Qadın hüquqları tapdalanır, insanlar güllələnirlər. Azyaşlı qızı qətlə yetirdilər. İranın insan hüquqlarını, xüsusən türklərin hüquqlarını tapdalaması heç kəsə sirr deyil.

Qonşuları ilə də düşmənçilik edir. İrana qarşı 2009-cu ildə böyük təhdidlər olanda Azərbaycan onun yanında oldu. İranda islam dininin şiəlik məzhəbi qabardılır. Bu yanaşmadan baxsaq, Azərbaycan əhalisinin də əksəriyyəti şiəyönümlüdür. Budurmu onların bizə qoyduğu hörmət?

Adını “İslam Respublikası” qoyub. Bəs necə oldu ki, məscidləri dağıdan, orada donuz saxlayan, müsəlmanları qətlə yetirən, ümumən müsəlmanlara nifrət aşılayan Ermənistana bu qədər qucaq açır? Hesab edirəm ki, Tehran rejiminin bu əməlləri yolverilməzdir. Azərbaycana qarşı apardığı bu fəaliyyət, baxış kökündən dəyişməlidir. Onlar unutmamalıdırlar ki, Arazın o tayında İran dövlətinin əsasında olan bizim çoxlu sayda soydaşımız var”.

Millət vəkili Ceyhun Məmmədov qeyd edib ki, molla hakimiyyətinin əməlləri beynəlxalq hüquqa ziddir:

“Bu gün İranda yaşayan bütün xalqların azadlıqları, hüquqları əllərindən tamamilə alınıb. Bütün orada yaşayan azərbaycanlılar nə öz dillərində təhsil ala bilirlər, nə məktəbləri var. Bu gün İranda az sayda yaşayan ermənilərin bağçalarının olduğunu, kitablarının, jurnallarının, qəzetlərinin nəşr olunduğunu görürük. Bu da İranın riyakar siyasətini göstərir. Bu gün reallıq ondan ibarətdir ki, bu rejim qonşuları ilə normal münasibət qura bilmir, düşmənçilik həyata keçirir. Əməlləri islam dəyərlərinə tamamilə ziddir”.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top