“Cinsi qısnamalara görə cəza tədbirləri genişləndirilməli və sərtləşdirilməlidir” - Hüquqşünasdan AÇIQLAMA

CƏMİYYƏT 13.11.2022 1570

Azyaşlılara və yeniyetmələrə qarşı cinsi qısnama halları artıb. Demək olar ki, hər gün bununla bağlı müəyyən informasiyalar alırıq.

Mütəxəssislər arasında bu, uşaq istismarı fiziki qısnama, cinsi təcavüz, psixoloji təzyiq və məlumatsızlıq kimi dəyərləndirilir. Bütün bu kateqoriyalara uşaqları cinsi istismar etmək, uşaqlara zərər vermək, uşaqları erkən yaşda evləndirmək və saya bilməyəcəyimiz bir çox başqa şeylər daxildir.

Lakin son zamanlar azyaşlı qızlara qarşı cinsi istismar halları artıb. Xüsusən də bəzən özlərindən yaşca böyük, bəzən də öz yaşıdları tərəfindən belə hallara rast gəlinir.

Maraqlıdır, azyaşlılara qarşı seksual qısnama halları niyə artıb?

Mövzu ilə bağlı Oxu.Az-a açıqlama verən hüquqşünas Əliməmməd Nuriyev bu halların artmasının səbəbini sosial şəbəkələrlə əlaqələndirib:

“Burada bir qədər yanaşmada diqqətli olmalıyıq. Əvvəllər sosial şəbəkələr yox idi. Eyni zamanda, KİV-də bu tipli məlumatları verməkdən çəkinirdilər. Pozitiv informasiyalar verirdilər. İndi isə KİV çoxluğu müxtəlif fikirləri ifadə etmək imkanı, sosial şəbəkələrin geniş miqyası, hər kəsin ora çıxması və bu vasitə ilə informasiya ötürməsi belə məlumatların daha çox olması təəssüratını yaradır.

İnformasiya kommunikasiyalarının çoxluğu, qloballaşma, internetin geniş miqyasda istifadəsi həyatımızın sadəcə ictimai hissəsinə yox, həm də daxilinə nüfuz edir. Bu da, hesab edirəm ki, qloballaşmanın mənfi təzahürlərindəndir”.

Ə.Nuriyev qeyd edib ki, cəza tədbirləri genişləndirilməlidir:

“Ümumiyyətlə, cinsi tərbiyəni ölkə miqyasında doğru-düzgün aparmırıq. Övladlarımızla danışmaqdan çəkinirik.

Cəzalar var, amma bunun sərtləşdirilməsi və real həyata keçirilməsi istiqamətində də addımlar atılmağa çalışmalıyıq. Cəza həm sərt, həm də icraedilən olsun. Önləyici tədbirlər də bu siyahıya daxil edilə bilər. Bu, nisbətən neqativ halların qarşısının alınmasına gətirib çıxaracaq”.

Psixiatr Vəfa Şirinovanın sözlərinə görə, media mütəmadi şəkildə işıqlandırdığına görə bu kimi hallar daha da aktuallaşıb:

“Cəmiyyətdə davranış pozuntusu deyə bir anlayış var. Əvvəllər pis davranışı adətən görməzdən gələrdik, olmamış kimi qələmə alardıq. İndi isə o qədər ictimailləşir və müzakirə olunur. Bir gün geniş müzakirə olunur, lakin ikinci günü artıq unudulur. Ona görə də adi hal kimi qəbul olunub.

Kimsə müzakirə olunub, danışılmaq istəyirsə, edir. Cəmiyyətdə sosial şəbəkələrin və internetin bu qədər aktual olması bütün bu halların artmasına səbəb olub. Artma səbəbləri də daha çox işıqlandırmaq və müzakirədir”.

Seksoloq Təhmasib Cavadzadə uşaqların düzgün şəkildə cinsi tərbiyə olunmadığını söyləyib:

“Dünyanın hər bir ölkəsində belə neqativ faktlarla üzləşirik. Azyaşlılara və yeniyetmələrə qarşı belə hallar olur. Hər bir cəmiyyətdə psixoloji cəhətdən xəstə olan insanlar olduğu üçün belə nüanslarla rastlaşmaq mümkündür. Amma bu, normal hal deyil.

Bəzən seriallar və filmlər uşaqların cinsi həyatını təhrik edir. Uşaq görür ki, serialda bu şəkildədir. O, özünə düzgün yol seçə bilmir. Ailəsində zorakıllıq görən uşaqlar cinsi istəkləri də fərqli formalaşır. Qarşısındakını zorla özünə tabe etdirmək istəyir. Qapalı olan ölkələrdə bu hallar daha çox olur. Ehtiyaclarını düzgün ödəmirlər və bu kimi hallar ortaya çıxır”.

T.Cavadzadə əlavə edib ki, valideyn özü övladına vəziyyəti izah etməlidir:

“Erkən yaşda yeniyetmələrin cinsi ehtiyacları düzgün şəkildə ödənmədikdə qarşı tərəfə təcavüz edirlər. Sosial şəbəkələr də həddindən artıq çox açıqdır. Valideynlərin nəzarəti yox səviyyəsindədir. Uşaqlar sosial şəbəkələrdə olmamalıdırlar.

Və onlar özləri valideynlərinə suallar verəndə, valideyn cavablandırmalıdır. Uşaq nə vaxtdan sual verməyə başlayırsa, o vaxtdan valideyn onun yaşına uyğun şəkildə məlumat verməlidir. Əgər uşaqlara cinsi tərbiyə verilsə, bu hallar azalar”.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top