Zəfərin bədii təntənəsinin gözləntisində - FOTO

GÜNDƏM 07.11.2022 1645

44 günlük müharibəmiz, qələbəmiz, tarixi savaşımız, şanlı qələbəmizin təəssüratları, yaşantıları hələ də keyfiyyətli ekran həllini tapa bilməyib. Bu gün Zəfər bayramında nümayiş etdirmək üçün filmlərimiz yoxdur. 

Zəfərimiz müqəddəs, əbədi, rəşadəti və özəlliyi heç nəylə əvəz olunmayan, bəlkə də, indiyə qədər heç vaxt duymadığımız, dadmadığımız bir hisdir. Bu hissi şeirə, musiqiyə çevirdik, bəs filmə? Filmə də çevirə bildikmi? 44 günlük bu tarixi savaşımızın, şanlı qələbəmizin təəssüratları, yaşantıları ekran həllini də tapa bildimi? İnsanlar Zəfərin təntənəsini tamaşaçı kimi də yaşaya bildilərmi?

Mövzu ilə bağlı “Kaspi” qəzetinin yazısını təqdim edirik:

Çəkilən və çəkilməkdə olan filmlər

“Azərbaycanfilm” kinostudiyasının mətbuat katibi Ramil Ələkbərovdan aldığımız məlumata görə, ötən 2 ildə qələbəmizin bədii həllini verən bir sıra filmlər çəkilib və çəkilməkdədir:

“Təkcə 2022-ci ildə 5 film istehsal olunub, hazırda daha 2 film üzərində iş gedir. “İstehkam” adlanan film Zəfər Günü ərəfəsində İctimai Televiziyada ilk dəfə göstəriləcək. Bundan başqa, Xalq artisti, kinorejissor Vaqif Mustafayev “Həyat, deyəsən, gözəldir” filmini bu il təhvil verib. “Narimanfilm” kinostudiyası ilə müştərək istehsal etdiyimiz “Doğma torpaq” filminin rejissoru və ssenari müəllifi İlqar Safatdır. Filmin post-prodakşn işləri aparılır. Qarabağ mövzusunda elan etdiyimiz müsabiqə avqust ayında yekunlaşdı. Müsabiqədə Mirsadıq Ağazadənin “Supəri”, Türkan Hüseynin “Axırıncı palata” və Nicat Dadaşovun “Zirzəmi” ssenariləri qalib oldular. 

“Zəfərimizə layiq filmlər çəkilməlidir”

Xalq artisti, Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri Rasim Balayev deyir ki, 90-cı illərdə yerli kino sektoru dağıldı:

“Kino çəkilişləri də dayandı. Halbuki ona qədər Azərbaycan kinosu əməlli-başlı inkişaf etmişdi. 90-cı illərdən 2000-ci illərədək dövlət sifarişi ilə filmlər çəkilmədi. Bununla da estafet qırıldı. Bunun nəticələrini biz bu gün görürük. O estafeti davam edəcək gənclər yetişmədi. O illərdə yaxşı ssenari yazan, yaxşı film çəkən rejissorlar da var idi. İndi onlar, heyif ki, dünyalarını dəyişiblər. Son zamanlardan danışsaq, Ramiz Fətəliyevdən başqasını tanımıram. Mənə elə gəlir ki, bunun qaydasına düşməsi üçün zaman lazımdır, amma oturub gözləmək də olmaz. Qələbəmizi özündə əks etdirən, Zəfərimizə layiq filmlər də çəkilməlidir”. 

Rasim Balayev: “Məni qane edən film yoxdur”

“Birinci Qarabağ savaşından sonra bir neçə yaxşı film çəkilmişdi” deyir Rasim bəy:

“Ümumən götürəndə o da az idi. Amma o müharibədə biz məğlub olmuşduq. Amma indi 44 günlük İkinci Qarabağ savaşında qələbə çalmışıq. Bu qələbə bizə üç minədək şəhid, minlərlə qazinin qanı, canı bahasına başa gəlib. Bizim çoxlu Milli qəhrəmanımız, müharibədə xüsusi igidlik, şücaət göstərən igidlərimiz var. Onlar haqqında mütləq bədii filmlər çəkilməlidir. Hələlik ortada kino işçisi, tamaşaçı kimi məni qane edən filmimiz yoxdur. Bilirsinizmi, yaxşı ssenari yazan gənclərimiz yoxdur. İrimiqyaslı film çəkə biləcək rejissorlarımızı görə bilmirəm. Eşitdiyimə görə Qarabağ haqqında bir bədii filmin çəkilişlərini türk qardaşlarımıza həvalə ediblər. Düşünürəm ki, onlar bu müharibəni bizim kimi təsəvvür, bizim kimi hiss edə bilməzlər. Bu möhtəşəm qələbəyə film sektorunun töhfəsi kimi yaxşı bir bədii film çəkmək olardı. Bunu oturub, düşünüb, müzakirə etmək, çıxış yolu tapmaq lazımdır. Bildiyim qədəriylə, hansısa film çəkilib, baxış keçirilib, amma “brak” hesab olunub, efirə buraxılmayıb. Belə şeylərə görə bir ölçü götürülməlidir”. 

“Belə filmləri çəkmək böyük məsuliyyət tələb edir” 

Şair Qulu Ağsəs də hesab edir ki, Zəfərimizi özündə əks etdirən bədii filmlərə ehtiyacımız var:

“Vaxtilə televiziya kanallarının birində belə bir polemika açmışdım: müharibə, ədəbiyyat və müharibə ədəbiyyatı. Verilişə ədəbiyyatşünas-alim Rüstəm Kamal, Əfqanıstan müharibəsi iştirakçısı, qazi, yazıçı Zakir Sadatlı və qazi Həsən Əliyevi dəvət etmişdim. Mövzu belə idi ki, bizdə ədəbiyyat da var, müharibə də var, bəs niyə müharibə ədəbiyyatı yoxdur? Təbii ki, yazıçı, tənqidçi və iştirakçı hərə öz fikrini söylədi, amma biz ortaq bir nəticəyə gəlib çıxa bilmədik. Bu polemikanı illər sonra “Ulduz” jurnalında davam etdirdim. Bir çoxlarının fikri bu oldu ki, qələbə qazanmamışıq, qələbə olmayanda yazmaq da çətin olur. 44 günlük Zəfərimizə qədər özümün də ürəyimdə utanc hissi vardı müharibədən yazanda. Necə yazasan ki, həm ədəbiyyata sadiq qala, həm də reallıqdan uzaq düşməyəsən? Axı biz məğlub tərəf idik. Çox şükür ki, indi qalibik. Zəfərlə bağlı, əlbəttə ki, yaxşı filmlər çəkilməlidir. Amma belə filmləri çəkmək böyük məsuliyyət tələb edir. Ssenari müsabiqələri elan olunur, orada münsif kim olacaq, kim seçəcək yaxşı ssenarini? Dövlət pul ayıracaq, bəs pulun başında kim duracaq? Bunlar çox ciddi məsələlərdir. Mənim şübhələnməyə, təşviş keçirməyə haqqım var. Çünki ötən 30 il ərzində – işğal dövründə müharibə filmləri üçün ayrılan vəsaitlə ortaya çox keyfiyyətli nümunələr çıxarılmadı. Bu tendensiyanın davam edəcəyindən qorxuram. Zəfər Günü ilə bağlı yaxşı film çəkmək üçün ilk növbədə yaxşı ssenari olmalıdır. Yaxşı ssenaristin ssenarisi əsasında yaxşı rejissorun çəkəcəyi filmi istəyirəm. Bunun üçün obyektivlik, peşəkar yanaşma olmalıdır. Ssenaristləri yaxşı ssenari yazmağa sövq etmək lazımdır. Yoxsa ki, eyni siyahılar, eyni adamlar, eyni ssenaristlər, eyni rejissorlar, həmişə Mədəniyyət Nazirliyinə yol tapan adamlar... Sonra da tamaşaçı çəkilən filmə baxmaq üçün kinoteatra getmək istəmir. Mən çox istərdim ki, Zəfərlə bağlı çəkilən filmlərdə köhnə tendensiya davam etməsin, tanışlıq, dostluq və s. amillər kənarda dursun. Sadə, potensiallı, istedadlı adamlar üzə çıxa bilsinlər. Ümid edirəm ki, yaxın gələcəkdə Zəfərimizə layiq, bəzək-düzəksiz, pafossuz filmlər çəkiləcək”.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top