Səhv düşəndə yerimiz: “Vəzifə elə bir məfhumdur ki, şəxsi insanlıqdan çıxarır” - FOTO

GÜNDƏM 18.08.2022 1076

“Müxtəlif peşə sahibi olan insanlar var ki, onlar məmur olmağa can atırlar. Çünki bəzilərinin maddi nəfsi çox güclüdür. Ona görə də öz peşələrindən üz döndərirlər”.

Bunu məmur olmağa can atan insanlarla bağlı Oxu.Az-a açıqlama verən yazıçı Seyran Səxavət deyib.

Qeyd edək ki, son illər Azərbaycanda öz peşələrini fərqli sahədəki məmur kimliyi ilə dəyişməyi seçənlərin sayı artıb. Bəziləri bunu yaxşı həyat qurmaq üçün etdiklərini deyirlər, bəziləri abituriyent olduqları zaman can atdıqları ixtisası seçə bilmədikləri ilə əlaqələndirirlər, bir qisminin isə yaşayışı yaxşı olsa da, nüfuz qazanmaq istəyi hətta tanış olmayan sahəni seçməyə vadar edir.

Belə vəziyyət isə heç də hər zaman vətəndaş məmnuniyyəti ilə nəticələnmir. Yəni insanlar fikirləşirlər ki, öz sahəsi üzrə peşəkar olmayan məmur problemlərin həllində əsas maneədir.

Yazıçı Seyran Səxavətin sözlərinə görə, peşəyə təsadüfən gələnlər özlərini həmişə yad hiss edirlər:

“Bəzi insanlar peşəyə təsadüfən, əlacsızlıqdan gəliblər. Buna görə də özlərini hər zaman pis, yad hiss edirlər. Çünki özlərini dəqiq hansısa peşədə görə bilmirlər. Bu səbəbdən daim axtarışda olurlar. Bəziləri isə tam əksinə, sırf maddi nəfslərinə görə bu yol əl atırlar.

Əksəriyyətin əsaslı səbəbi yoxdur. Bizim insanlarda maddi nəfs çox güclüdür. Ona görə də öz peşələrindən üz döndərir, xəyanət edir və məmur olmağı seçirlər. Bahalı maşınlarda gəzmək üçün edirlər. Mən belə başa düşürəm ki, dünyada pis maşın yoxdur. Bir pis maşın var ki, o da olmayandır”.

Yazıçı nəfsimizin bizi idarə etdiyini əlavə edib:

“Böyük xalq olaraq özümüzü idarə edə bilmirik. Ancaq nəfsimiz idarə edir. Nəfsimizi kəsib, atmalıyıq. Yoxsa bu gün də olmasa, sabah çox çətin olacaq. Nəfs elə bir marşrutdur ki, insanı insanlıqdan çıxarır, məhv edir”.

Vətəndaşların Əmək Hüquqlarının Müdafiəsi Liqasının sədri Sahib Məmmədov isə əlavə edib ki, ilk səbəb təhsil ilə bağlıdır:

“Birmənalı cavab yoxdur. Çünki bu sahə üzrə tədqiqatlar da aparılmayıb. Bəlli olan səbəblər var. Onlardan biri təhsil ilə bağlıdır. Ali və orta ixtisas təhsili müəssisələrinin seçim sxemi elə qurulub ki, şəxs özü yalnız qruplar üzrə seçim edə bilir. Topladığı bala uyğun olaraq ixtisas seçir. Bəzən planlaşdırdığı ixtisas alınmır, tam fərqli bir ixtisas üzrə təhsil almaq məcburiyyətində qalır. İlk problemi burada axtarmaq lazımdır”.

S.Məmmədov qeyd edib ki, əməkqabiliyyətli insanların sayı tələb olunan iş yerlərindən dəfələrlə çoxdur:

“Digər problem Azərbaycanda iş yerlərinin sayının məhdud olması ilə bağlıdır. Həmçinin şəxslər ixtisasları üzrə iş tapa bilmirlər. Nəticədə məcbur olub, ixtisaslarını dəyişirlər. Elə peşələr var ki, orada yalnız həmin ixtisas üzrə təhsil alanlar işləyə bilərlər”.

Sahib Məmmədov əlavə edib ki, bəziləri də təhsil səviyyəsinin aşağı olduğuna görə öz ixtisasları üzrə işə davam edə bilməyəcəklərini başa düşürlər:

“İş yerlərində bacarığı olan kadrlar axtarılır. Adamlar bəri başdan özlərinin potensialını qiymətləndirirlər. Və ya öz ixtisaslarının ardınca getmirlər. Bu halda ixtisaslarını daha çox dəyişirlər. Bəzən sırf vəzifəyə təyinata görə iş yerlərini dəyişirlər. Bu zaman da peşələrini vəzifəyə qurban verdiklərini düşünürlər”.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top