Ermənistan Rusiya orbitindən uzaqlaşır? - TƏHLİL

DÜNYA 01.08.2022 990

Amerika kəşfiyyatının Ermənistanda prioritet istiqaməti Rusiya ilə bağlı fəaliyyət ola bilər. Bəlkə də, buna görədir ki, Bernsin səfərindən üç gün sonra Rusiya Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Sergey Narışkin İrəvana səfər edib. Sözsüz ki... 

Cənubi Qafqazda yaşananlar diqqəti yenidən bölgəyə çevirib. Söhbət ABŞ və Rusiya kəşfiyyat xidməti rəhbərlərinin İrəvana səfərləri, Ermənistan və Azərbaycan arasında ilk dəfə vasitəçilərsiz danışıqlar aparılması və s. məsələlərdən gedir. Bütün bu xəbərləri birləşdirən bir cəhət var - Cənubi Qafqaz yenidən Rusiya ilə Qərbin maraqlarının toqquşduğu və bir-birinə qarşı durduğu arenaya çevrilir. 

Mövzu ilə bağlı “Kaspi” qəzetinin yazısını təqdim edirik:

Ermənilərə tam aydın oldu ki... 

Ermənistanın Rusiyadan uzaqlaşıb Qərbə doğru istiqamət götürməsi məsələsi də rus mediasının diqqət mərkəzindədir. Ümumən rusiyayönümlü olmasına baxmayaraq, son iki ildə bu ölkədə Rusiyaya müsbət münasibət xeyli azalıb. Ermənilərə tam aydın oldu ki, Rusiyanın keçmişdə verdiyi təhlükəsizlik təminatları söz yığnağıdır və böyük ölçüdə İrəvanın Kremlin bütün hərəkətlərini dəstəkləmək istəyindən asılıdır. Son həftələr baş verən hadisələr həm də onu göstərir ki, ABŞ-ın Ermənistana münasibətində əsl dönüş yaranıb. Co Bayden İrəvandakı səfir postuna Ukraynadakı keçmiş müvəqqəti işlər vəkili Kristina Kuinnin namizədliyini irəli sürməyi planlaşdırır. Rusiya Xarici İşlər Nazirliyi bunu Ermənistandakı nüfuzuna meydan oxumaq kimi qəbul edib və isterik tona keçib. Digər əlamətdar məqam isə Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri Uilyam Bernsin İrəvana elan olunmamış səfəridir. Sözsüz ki, ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin direktorunun Ermənistana səfəri və baş nazir Nikol Paşinyanla görüşü sıradan hadisə deyil. Səfər ən çox Kremli düşündürüb. Onun Tbilisi və Bakıya səfər etmədən yalnız İrəvana gəlməsi çoxlu suallar doğurub.

Ermənistana dəfələrlə xəbərdarlıq edilib

İqtidaryönlü Ermənistan KİV-ləri, görünür, səfərin məxfiliyinin vacibliyini dərk edərək görüşün məzmunu ilə bağlı heç bir eyham vurmadan quru xəbərlərlə kifayətləniblər. Müxalifət ehtiyat edirdi ki, Vaşinqton “Qarabağ klanı”nın liderləri və onlara rəğbət bəsləyən oliqarxların xaricdəki sərvətləri barədə məlumatları “sızdıracaq”. Lakin reallıqda müxalifətin aksiyaları Ağ Evin heç vecinə də deyil. Vaşinqton hazırkı Ermənistan rejiminin təhlükəsizliyindən və loyallığından narahat deyil. Belə bir fikir var ki, bu səfər Rusiya-Qərb gərginliyi, eyni zamanda, İranla bağlı məsələlərlə əlaqədardır. Bəlli olduğu kimi, rəsmi və qeyri-rəsmi olaraq ABŞ tərəfindən Ermənistana İranla bağlı dəfələrlə xəbərdarlıq edilib. O cümlədən Rusiyanın sanksiyalardan yayınması üçün Ermənistandan istifadə etməsi də faktdır və bu, İrəvana baha başa gələr bilər. 

ABŞ bölgədə yeni müharibəyə qarşıdır?

Belə bir fikir də var ki, MKİ şefinin səfərinin əsas missiyası bölgədəki mümkün müharibə təhlükəsini aradan qaldırmaqdır.

Məsələ burasındadır ki, Ermənistanda savaşın qarşısını ala biləcək yeganə şəxs Paşinyandır. O, bu gün daha çox Azərbaycanla sülh anlaşmasını imzalamağa, Türkiyə ilə münasibətləri bərpa etməyə çalışır. Lakin Ermənistanda hakimiyyət Paşinyanla məhdudlaşmır. Rəsmilərin, xüsusən də hərbçilərin əksəriyyəti Rusiyaya bağlı şəxslərdir. Eyni zamanda Amerika kəşfiyyatının Ermənistanda prioritet istiqaməti Rusiya ilə bağlı fəaliyyət ola bilər. Bəlkə də, buna görədir ki, Bernsin səfərindən üç gün sonra Rusiya Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Sergey Narışkin İrəvana səfər edib. Sözsüz ki, Narışkinin MKİ rəhbərinin bu səfəri ilə birbaşa əlaqəsi var. Çünki Rusiya Ermənistandan sanksiyalardan yayınma vasitəsi kimi istifadə edirsə, deməli, ABŞ-ın buna əks tədbiri olmalıdır.

Və bu konteksdə ABŞ tərəfindən Ermənistana qarşı da müəyyən tədbirlərin görülməsi istisna edilmir. Lomonosov adına Moskva Dövlət Universitetinin Dünya Siyasəti fakültəsinin dosenti Aleksey Fenenko hesab edir ki, hansısa mərhələdə Amerikanın rəsmi və qeyri-rəsmi diplomatiyası daha da irəli gedərək Ermənistanın KTMT-yə üzvlüyünü hədəfə ala bilər: “Bundan əlavə, Ağ Ev Ermənistan rəhbərliyinə Azərbaycanla davam edən mübahisələrin həllinin qərbyönlü formatını (ABŞ və Aİ-nin iştirakı ilə) təklif edə bilər. Amma bütün bu ssenarilər Rusiyanın Cənubi Qafqazda qətiyyətli cavab tələb edən açıq çağırışla üz-üzə qalması anlamına gələcək”.

Ermənistan seçimini edib?

“Bernsin Ermənistana tarixdə ilk səfəri Moskvanı hərəkətə keçməyə məcbur etdi. Çünki bu səfər İrəvanın hansı kursu seçdiyini bəlli edirdi. Bu kurs Qərb istiqamətidir. Bunu Kremldə anlayan kimi Sergey Narışkini təcili İrəvana yolladılar”. Bunu tanınmış erməni siyasi şərhçi Tevos Arşakyan deyib. “İrəvan seçimini etdi. Hazırda Ermənistanı ciddi dəyişikliklər gözləyir. Hələ heç kim bilmir bu, nə ilə bitəcək. Amma dəqiq bilinən bir şey var - Ermənistan seçimini etdi, Rusiya “ofsayd”da qaldı. Bernsin otuz ildən artıq diplomatik iş təcrübəsi, o cümlədən ABŞ-ın Rusiyadakı səfiri kimi fəaliyyət göstərməsi, ona Ermənistanı Moskvanın qucağından qoparmağa kömək etməlidir. Deməli, Qərb ruslarla qarşıdurmada Ermənistanın vacibliyini yaxşı anlayır. Bu, Qərbin bizə marağından xəbər verir. Ruslar isə qısqanırlar. Hətta çox narahat olurlar, çünki başa düşürlər ki, Ermənistanı itirə bilərlər. Amma bunu da fakt kimi qeyd etmək olar ki, Rusiya artıq Ermənistanı itirib. Putin bunu hələ başa düşməyib. Amma bunu Rusiya xüsusi xidmət orqanları, xüsusilə də Narışkin çox gözəl başa düşür”, - deyə o qeyd edib.

Son olaraq qeyd edək ki, Ermənistan həm də ABŞ-ın xüsusi təyinatlı hərbçilərinin diplomat çətiri altında möhkəmlənib İrana qarşı da fəaliyyət göstərdiyi ölkədir. Bu səbəbdən də MKİ direktorunun Cənubi Qafqaza səfərinin hansı dəyişiklərə səbəb olacağını zaman göstərəcək.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top