Bir neçə informasiyanın izi ilə: ABŞ-la Rusiya sövdələşməyə gedirlər – TƏHLİL

SİYASƏT 20.05.2022 1430

Beynəlxalq münasibətlər sisteminin əks qütblərində dayanan ABŞ-la Rusiya Ukraynadakı müharibənin nəticələrini sövdələşmə əsasında təyin etmək niyyətindədirlər.

Səhnənin arxasında bu sövdələşmə tez, ya da gec baş tutacaq, lakin tərəflər hansı üstünlüklərlə təmin ediləcəkləri üçün beyinlərini yorurlar və bu da müharibəni uzadır.

Ağ Ev-Kreml gizli razılaşmasının toxumlarının səpildiyini son günlər yayılan bir neçə informasiyanın bətnində axtara bilərik.

Birincisi - ABŞ-la Rusiyanın kəşfiyyat dairələri arasında həlledici olmasa da, Moskvanın bıçağını itiləyən razılaşma əldə edilib, Vaşinqton Ukrayna ilə kəşfiyyat mübadiləsini məhdudlaşdırıb.

İkincisi - bunun yedəyində ABŞ Ukraynaya gələn Rusiya hərbi komandanlığının koordinatlarını Kiyevə verməkdən boyun qaçırır.

Hərçənd ki, bu informasiyalar mətbuata sızdırılmış məlumatlara əsaslanır və ilk baxışda bunun dəqiqliyini şübhə altına almaq üçün arqumentlər yarana bilər.

Lakin zəncirə sonradan qoşulan həlqələr prosesin hansı istiqamətdə getməsini göstərən mayak rolunu oynayır, bəli, bu fikir bərkiyir ki, ABŞ-la Rusiya Ukrayna mövzusunu həqiqətən də siyasi-diplomatik və hərbi alver predmetinə çevirirlər.

Yuxarıda “zəncir və həlqə” məsələsindən boşuna bəhs etmədik, demək istədik ki, sövdələşmənin başqa elementlərini də görürük.

Detallı təsnifatını apara bilməsək də, görünür ki, ABŞ hələ də Ukraynaya ağır dağıdıcı silahlar verməkdən imtina edir və 40 milyard dollarlıq silah yardımının çatdırılmasını gecikdirir.

Bu ABŞ-Rusiya hərbi-strateji xətlərinin qaranlıq tərəflərinə proyeksiya salınmasını aktuallaşdırır.

Ona görə də bir neçə gün öncə, mayın 13-də ABŞ-ın müdafiə naziri Lloyd Ostin ilə rusiyalı həmkarı Sergey Şoyqu arasında söhbət baş tutub.  

Bunun ardınca isə, mayın 20-si Rusiya-Ukrayna müharibəsi başlayandan sonra ilk dəfə Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov ABŞ Silahlı Qüvvələrinin Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri Mark Milley ilə telefonda danışıb.

Milley-Gerasimovun müzakirə etdiyi mövzular: Təhlükəsizliklə bağlı narahatlıq yaradan və qarşılıqlı maraq doğuran məqamlar.

Əldə edilən razılıq: Müzakirələr üçün kommunikasiya xətləri açıq qalsın.

Hər iki danışıq ABŞ tərəfinin təşəbbüsü ilə baş tutub və bundan sonra diplomatik həllə yaxınlaşmağa ümidlər cücərir.

Ola bilsin ki, Rusiya Ukraynadan böyük güzəşt qoparmaq istəyərək Finlandiya və İsveçin NATO-ya üzvlüyünə göz yumsun və bununla da qalib obrazını yaratsın.

Bu, ABŞ-a da sərf edir, o da İsveçlə Finlandiya üzərindən Rusiyaya qarşı qalibiyyət əldə etdiyini açıqlaya bilər və beləcə, tərəflərin “qələbə” düsturları bir-birini kompensasiya edər.

Lakin sövdələşmələrin yerinə yetirilməsində əldə edilən razılaşmalardan sapmalar da olacaq – istənilən mövzuda.

Ukrayna müharibəsi Rusiyanı da, Qərbi də yorur, buna görə də indi nüfuz bölüşdürülməsinin xəritələri hazırlanır.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top