
Türkiyədə İstanbul Büyükşəhər Bələdiyyəsinə (İBB) qarşı növbəti əməliyyat keçirilib.
Bu barədə Saat24.az "TRT Haber"ə istinadən xəbər verir.
İstanbul Respublika Baş Prokurorluğu tərəfindən "Korrupsiya" istintaqı çərçivəsində Beylikdüzü bələdiyyə sədri olduğu müddətdən bəri Ekrem İmamoğlu ilə əlaqəsi olan Taner Çetin barəsində "Medya A.Ş." və "Kültür A.Ş." şirkətlərindəki əməlləri ilə bağlı aparılan araşdırma zamanı məlum olub ki, o, özünə yaxın şirkətlər üçün tender təşkil edib, tenderlərdə qalib gələn şirkətlərdən rüşvət şəklində maddi fayda əldə edib və bu qazancla da bəzi daşınan və daşınmaz əmlak əldə edib.
O, sözügedən satınalma üzrə ödənişləri "Medya A.Ş." və "Kültür A.Ş." ilə işləyən firmalar hesabına həyata keçirib, bu firmalardan "Medya A.Ş." və "Kültür A.Ş."nin digər əməkdaşlarına pul göndərilib.
Həmçinin Taner Çetinin adının hallandığı tenderlərdən rüşvət alınması prosesində iştirak edən 22 nəfər İBB əməkdaşı, şirkət nümayəndəsi və şirkət işçisi barəsində nəzarət altına alınma, axtarış və müsadirə qərarı çıxarılıb.
Eyni zamanda, istintaq çərçivəsində əməliyyatların davam etdiyi və yaxın saatlarda yeni detalların ictimaiyyətə açıqlanacağı da qeyd olunub.