Manşet
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 29-da Heydər Əliyev Beynəlxalq Aeroportunda Azərbaycan Televiziyasına (AzTV) verdiyi müsahibədə dekabrın 25-də baş vermiş aviasiya qəzası, onun nəticələri, dövlətin bu məsələyə operativ reaksiyası, gələcək tədbirlər və ümumi aviasiya siyasəti barədə ətraflı danışdı.
Müsahibədə Prezident İlham Əliyev hadisə ilə bağlı ilk məlumatı MDB Zirvə görüşünə gedərkən aldığını və təyyarənin dərhal Bakıya geri dönməsi barədə göstəriş verdiyini bildirdi. Prezident dedi ki, Bakı aeroportunda eniş etdikdən sonra təcili olaraq xüsusi müşavirə keçirdi və Dövlət Komissiyası yaradıldı. Azərbaycan hökümətinin nümayəndələri və yüksək səviyyəli mütəxəssislərdən ibarət heyət Qazaxıstanın Aktau şəhərinə göndərildi. Bu heyət qəzanın təfərrüatlarının araşdırılması, texniki dəstək və humanitar yardımla məşğul oldu.
Hadisə nəticəsində həlak olan şəxslərin ailələrinə və yaxınlarına bir daha dərin hüznlə başsağlığı verən ölkəmizin rəhbəri, dövlətin bu ağır günlərdə onlara hər cür dəstək göstərəcəyini bildirdi. Cənab Prezident dedi ki, həlak olanların ailələrinə kompensasiya ödəniləcək və bütün lazımi maddi dəstək göstəriləcək. Eyni zamanda dövlət tərəfindən ailələrə psixoloji dəstək komandaları ayrılacaq.
Müsahibə zaman aviasiya təhlükəsizliyinin təmin edilməsi üçün zəruri addımların atılacağını vurğulayan Prezident bəyan etdi ki, belə faciələrin bir daha baş verməməsi üçün aviasiya sektorunda dərin islahatlara başlanacaq. Bunun üçün mövcud texniki və texnoloji tələblər beynəlxalq standartlara uyğun olaraq yenidən nəzərdən keçiriləcək. Hər bir təyyarənin texniki vəziyyəti ciddi şəkildə yoxlanılacaq və daimi monitorinq sistemi yaradılacaq. Pilotlar və texniki heyət üçün beynəlxalq səviyyədə tanınan sertifikatlaşdırma proqramları tətbiq ediləcək. Yeni aviasiya təlim mərkəzlərinin açılması planlaşdırılır.
Prezident İlham Əliyev bu sahədə beynəlxalq əməkdaşlığın da gücləndiriləcəyini, aviasiya təhlükəsizliyi sahəsində qabaqcıl texnologiyaların tətbiqi üçün Azərbaycanın beynəlxalq tərəfdaşlarla birgə işləyəcəyini, qəzanın araşdırılması prosesində xarici ekspertlərin iştirakının təmin olunacağını bildirdi.
Prezident, hadisənin bütün təfərrüatlarının araşdırılması üçün Dövlət Komissiyası yaradıldığını bildirdi və dedi ki, komissiya qəzaya səbəb olan bütün amilləri müəyyən edəcək, qəzanın texniki və operativ səbəblərini araşdıracaq, aviasiya idarəetməsindəki boşluqları aşkar etmək və onları aradan qaldırmaq, eyni zamanda beynəlxalq təşkilatlarla əməkdaşlıqda şəffaflığı təmin etmək. üçün təkliflər hazırlayacaq.
Prezident İlham Əliyev Azərbaycanın aviasiya sənayesində köklü islahatların həyata keçirilməsinin vacibliyini vurğuladı. Prezident dedi ki, bu, ölkənin beynəlxalq arenada aviasiya sektorunda etibarlılığını artırmaq və sərnişinlərin təhlükəsizliyini təmin etmək məqsədi daşıyır. Cənab Prezident eyni zamanda mövcud hava limanlarının texniki avadanlıqlarının modernləşdiriləcəyini, yeni radar və izləmə sistemləri quraşdırılacağını, sərnişinlərin təhlükəsizliyini təmin etmək məqsədi ilə bütün uçuş öncəsi yoxlamaların daha müasir texnologiyalarla təmin ediləcəyini, beynəlxalq təhlükəsizlik tələblərinə tam uyğunluğun təmin ediləcəyini açıqladı.
Prezident İlham Əliyev vurğuladı ki, Azərbaycan Baş Prokurorluğu tərəfindən cinayət işi açılmış və həm Qazaxıstan, həm də Rusiya tərəfi oxşar addımlar atmışdır. Azərbaycanın aşağıdakı tələbləri Rusiya tərəfinə rəsmi şəkildə çatdırılmışdır:
1. Rusiya tərəfi Azərbaycandan üzr istəməlidir. 2. Öz günahını etiraf etməlidir.
3. Günahkarları cəzalandırmalı, cinayət məsuliyyətinə cəlb etməlidir. 4.Azərbaycan dövlətinə və zərərçəkən sərnişin və ekipaj üzvlərinə təzminat ödəməlidir.
Prezident qeyd etdi ki, bu tələblərdən birincisi artıq təmin edilmişdir və digər tələblərin də qəbul ediləcəyinə ümid edir. O, bu tələblərin ədalətli olduğunu və beynəlxalq təcrübəyə, normal insani davranışa əsaslandığını bildirdi.
Hadisənin təfərrüatları və təhqiqatın nəticələri barədə Azərbaycan ictimaiyyətinə məlumat veriləcəyi də Prezident tərəfindən qeyd edildi. O, məsələnin bütün tərəfləri barədə ictimaiyyətin məlumatlandırılacağını vurğuladı.
Prezident İlham Əliyev müsahibəsinin sonunda Azərbaycan dövlətinin hər zaman xalqının yanında olduğunu, ölkənin aviasiya sektorunda islahatların dərhal həyata keçirilməsi ilə bağlı qətiyyətli mövqeyini bir daha bəyan etdi. Prezident dedi ki, dövlətin əsas məqsədi, hər bir vətəndaşın təhlükəsizliyini və rifahını təmin etməkdir.
Ölkə Prezidenti cənab İlham Əliyevin müsahibə zamanı açıqladığı fikirlər Azərbaycan dövlətinin öz ölkəsinin və xalqının mənafeləri, təhlükəsizliyi, sabitliyi naminə hər zamanki qəti və cəsarətli mövqeyini bir daha ortaya qoydu, eyni zamanda ölkəmizin hər hansı fövqəladə vəziyyətə operativ və məsuliyyətli bir şəkildə yanaşmaq və bütün çətinlikləri dəf etmək bacarığını nümayiş etdirən mühüm bir nümunə oldu.