Qazaxıstan Bakı-Tbilisi-Ceyhan neft kəməri ilə tədarükün 20 milyon tona çatdırılmasını hədəfləyir.
"Saat24.az" Qazaxıstan mediasına istinadən xəbər verir ki, bunu Qazaxıstanın energetika naziri Almasadam Satqəliyev deyib.
“2024-cü ildə Bakı-Tbilisi-Ceyhan vasitəsilə 1,5 milyon ton həcmində Qazaxıstan neftinin tədarükü planlaşdırılır. Bu marşrut üzrə tədarükün ildə 20 milyon tona qədər artırılması perspektivləri öyrənilir”, - deyə Satqəliyev bildirib.
Nazir vurğulayıb ki, bu istiqamət hazırda ən perspektivli istiqamətlərdən biridir. Çünki həm Qazaxıstan, həm də Azərbaycan bu istiqamətdə Qazaxıstan neftinin tədarük həcminin inkişafında və sistemli şəkildə artırılmasında maraqlıdır.
Ümumilikdə Qazaxıstan neftinin nəqlindən danışan Satqəliyev xatırladıb ki, Xəzər Boru Kəməri Konsorsiumu ən etibarlı və səmərəli marşrut olaraq qalır. Layihənin inkişafının bütün mərhələləri üzrə investisiyaların ümumi həcmi 8,4 milyard dollardan çox olub.
“Bu gün pompalama həcmini ildə 67 milyon tondan 81,5 milyon tona, o cümlədən Qazaxıstan bölməsi üçün ildə 53,7 milyon tondan 72,5 milyon tona qədər artırmaq texniki cəhətdən mümkündür. 88,4 milyon ton neft hasilatı ilə 2024-cü il üçün gözlənilən ixrac proqnozu təxminən 68,8 milyon ton ola bilər”, - deyə nazir bildirib.
Belə ki, 2024-cü ildə Qazaxıstan CPC vasitəsilə 55,4 milyon ton, Atırau-Samara vasitəsilə 8,6 milyon ton, Çinə 1,1 milyon ton, Aktau limanı vasitəsilə 3,6 milyon ton, dəmir yolu ilə 0,05 milyon ton neft ixrac etmək niyyətindədir. Rusiya neftinin Çinə tranziti isə 10 milyon ton, Özbəkistana isə 200 min ton təşkil edəcək.
Satqəliyevin sözlərinə görə, ötürmə qabiliyyəti ildə 5 milyon ton, mümkün tədarük həcmi isə ildə 3 milyon tona qədər olan Bakı-Supsa neft kəmərinin imkanları da nəzərdən keçirilir. Qazaxıstanın energetika nazirinin vurğuladığı kimi, bu marşrutdan istifadə “işləmə və müzakirə mərhələsindədir”.
Bundan əlavə, uzunmüddətli perspektivdə təxmin edilən texniki gücü ildə təxminən 20-30 milyon ton olan Eskene-Kurık neft kəmərinin tikintisi məsələsinə baxılır.