Sadə xəbər
Millət vəkili, Milli Məclisin Ailə, qadın, uşaq məsələləri komitəsinin sədr müavini, Azərbaycan-Meksika Parlamentlərarası işçi qrupunun rəhbəri Jalə Əliyeva Meksika Birləşmiş Ştatlarının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri xanım Viktoriya Romeronu qəbul edib.
XALQ.AZ məlumat verir ki, səfir yenidən VII çağırış Azərbaycan Parlamentinin deputatı və Azərbaycan – Meksika Parlamentlərarası işçi qrupunun rəhbəri seçilməyi münasibəti ilə Jalə Əliyevanı təbrik edib. Səfir Viktoriya Romero daha əvvəlki çağırışda da olduğu kimi, iki ölkənin parlamentləri arasındakı münasibətlərin daha da inkişaf etdirilməsi naminə göstərdiyi səylərə görə işçi qrupunun rəhbəri Jalə Əliyevaya minnətdarlığını bilditib və əldə edilən nümunəvi əməkdaşlığın bundan sonra da uğurla davam etdirələcəyinə əminliyini ifadə edib.Jalə Əliyeva qonağı salamlayaraq, fəaliyyətinə verdiyi qiymətə və görüş üçün göstərdiyi təşəbbüsə görə səfir Viktoriya Romeroya təşəkkürünü bildirib. Ölkələrimiz arasında mövcud olan ikitərəfli dost münasibətlərinin böyük əhəmiyyət kəsb etdiyini və bu münasibətlərin müasir dövrdə əməkdaşlığımızın dinamik inkişafına təkan verdiyini vurğulayıb.
Sentyabr ayında Meksika Milli Gününün dəfirlik tərəfindən məhz Şuşada, işğaldan azad olmuş Qarabağımızda qeyd edilməsinin bir çox aspektlərdən əhəmiyyətli və nümunəvi bir addım olduğunu qeyd edən Jalə Əliyeva, bu addımın Azərbaycanın haqq işində Meksikanın yanımızda olduğunun bir göstəricisinə çevrildiyini vurğulayıb.
Jalə Əliyeva Azərbaycanın dörd il əvvəl əldə etdiyi böyük Zəfərdən sonra, sülhyaratma prosesində inamla irəlilədiyini, 32 il ərzində işğal altında qalan torpaqlarımızda sürətlə yenidənqurma işlərinin həyata keçirildiyini, ölkədə bütün sahələrdə böyük islahatların aparıldığını bildirib. Millət vəkili, yaxın günlərdə Bakıda baş tutacaq COP 29-un əhəmiyyətini nəzərə çatdıraraq, bu nüfuzlu tədbirə məhz Azərbaycanın ev sahibliyi etməsinin ölkəmizə olan etimadın və ehtiramın bariz bir nümunəsi olduğunu ifadə edib. Eyni zamanda tədbir öncəsi Azərbaycana qarşı Qərbin bəzi qüvvələrinin, xüsusilə ABŞ və Avropalı bəzi parlamentarilərin səsləndirdikləri heç bir hüquqi əsası olmayan, qərəzli, iftira dolu, yalan bəyanatlar və onların imzaladıqları qətnamələr haqqında söhbət açaraq, bu kimi təzyiq və təhdit elementləri ilə Azərbaycanı haqlı olduğu yoldan döndərə bilməyəcəklərini söyləyib. Bu addımların, əslində suveren bir ölkənin daxili işlərinə birbaşa müdaxilə olduğunu, bu kimi bəyanatların xüsusilə COP 29 ərəfəsində sadəcə Azərbaycanı deyil, eyni zamanda bölgəni və dünya ictimaiyyətini hədəf aldığını səfirin diqqətinə çatdırıb. Eyni zamanda bunu da əminliklə vurğulaylb ki, Azərbaycan hər zaman olduğu kimi, bu əhəmiyyətli beynəlxalq tədbiri də yüksək səviyyədə başa vuracaq. Jalə Əliyeva bildirib ki, tədbir iştirakçıları Azərbaycanın dünyada sabit və sağlam gələcək qurmaq naminə bütün konstruktiv çağırışlara hər zaman açıq olduğunu və bu yolda inamla irəlilədiyini şəxsən görmək, Azərbaycan həqiqətləri ilə yaxından tanış olmaq imkanı qazanacaqlar.
Xanım səfir ölkəmizə qarşı aparılan qarayaxma kampaniyaları barədə məlumatlı olduğunu qeyd edərək, bənzər siyasətin bir vaxtlar Meksikaya qarşı da yönəldildiyini açıqlayıb. Səfir bildirib ki, Meksika Birləşmiş Ştatlarında oktyabrın 1-də yeni hökumətin işə başlaması ilə əlaqədar olaraq yeni seçilmiş prezident Azərbaycan Respublikasında keçiriləcək COP 29 tədbirində iştirak edə bilməyəcək. Buna baxmayaraq, səfir bu mötəbər tədbirdə Meksikanın Ətraf Mühit və Təbii Sərvətlər naziri ilə Xarici İşlər nazirinin iştirak etmək üçün Azərbaycana səfər edəcəklərini söyləyib.
COP 29 tədbiri çərçivəsində parlamentlərarası görüşün keçirilməsinin əhəmiyyətindən bəhs edən xanım səfir, Meksika Konqresindən 10 deputatın bu tədbirdə iştirak edəcəyini və onların iki ölkənin parlamentləri arasında olduqca uğurlu əməkdaşlıq edən Azərbaycan-Meksika parlamentlərarası işçi qrupu, eyni zamanda digər deputatlarla da görüşünün təşkil edilməsinin arzu edilən olduğunu bildirib.
Meksikalı deputatların və ümumilikdə bu ölkədən 50 nəfərlik nümayəndə heyətinin tədbirdə iştirakını yüksək qiymətləndirdiyimizi bildirən Jalə Əliyeva, COP-29-a gələcək olan meksikalı deputatlarla tədbirin proqramına müvafiq qaydada görüşə məmnuniyyətlə hazır olduqlarını ifadə edib.
Eyni zamanda, Jalə Əliyeva xanım səfirlə, Meksikada yeni parlament qrupu müəyyən edildikdən sonra əlaqələrin gələcək perspektivlərini müzakirə etmək üçün önümüzdəki ay görüş keçirməyi təklif edib. Xanım səfir əməkdaşlığın möhkəmləndirilməsində bu kimi görüşlərin müstəsna rol oynadığını qeyd edərək, dekabr ayında görüşmək üçün Azərbaycan-Meksika Parlamentlərarası İşçi qrupunun rəhbəri Jalə Əliyevanı səfirlikdə görüşə dəvət edib.
Dəvətə görə minnətdarlığını bildirən Jalə Əliyeva, ölkələrimiz arasında mövcud olan parlament münasibətlərinin inkişafı üçün işçi qrupun rəhbəri olaraq bundan sonra da var qüvvəsini əsirgəməyəcəyini vurğulayıb, səfir Viktoriya Romeroya Azərbaycandakı uğurlu fəaliyyətinə görə təşəkkürünü bildirib.
Səfir səmimi qəbula və faydalı fikir mübadiləsinə görə minnətdarlığını bildirib. Görüşün sonunda, Meksika Səfirliyinin Azərbaycanda fəaliyyətə başlamasının 10 illiyi münasibətilə bu günlərdə Azərpoçt tərəfindən dövriyyəyə buraxılmış Azərbaycan və Meksika mətbəxinin ortaq elementlərini əks etdirən poçt markasının nümunəsi Jalə Əliyevaya təqdim edilib.