106 yaşını qeyd edən Silahlı Qüvvələrimiz bu gün ölkəmizin müdafiəsini uğurla təmin edir, sərhədlərimizin keşiyində ayıq-sayıq xidmət aparmaqla hər bir vətəndaşımızda əminlik hissi yaradır. Ordumuzun göstərdiyi fədakarlıq və qəhrəmanlıqlar hər zaman yüksək qiymətləndirilir və dərin minnətdarlıqla xatırlanır. Nəinki ölkəmizin yerləşdiyi Cənubi Qafqaz regionunda, bütövlükdə dünyada gücünə, döyüş qabiliyyətinə və qarşıya qoyulmuş tapşırıqların uğurla yerinə yetirilməsinə görə Azərbaycan Silahlı Qüvvələri ön sıralarda yer alır. Təbii ki, bu uğurların qazanılması heç də asan bir şəkildə başa gəlməyib. Hələ Sovetlər dövründə zamanının dahi azərbaycanlısı Ümummilli Lider Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində Cəmşid Naxçıvanski adına hərbi məktəbin formalaşdırılması Silahlı Qüvvələrimizin tərkibində peşəkar gənc hərbi kadrların yetişdirilməsi baxımından mühüm addım idi. Azərbaycan Respublikasına ikinci dəfə hakimiyyətə qayıdışından sonra ərazi bütövlüyümüzün tam şəkildə bərpasını, torpaqlarımızın düşmən tapdağından azad olunmasını qarşıya mühüm bir vəzifə olaraq qoyan Ulu Öndər Heydər Əliyevin həyata keçirdiyi təxirəsalınmaz tədbirlər, ordu quruculuğu prosesinin sürətləndirilməsi, bu sahədə qanunvericilik bazasının formalaşdırılması, maddi texniki bazanın gücləndirilməsi, müasir silah və texnikaların alınması, Azərbaycan Ordusunun beynəlxalq səviyyəli təlimlərdə iştirak etməsi, NATO və digər dünya səviyyəli beynəlxalq təşkilatlarla əlaqələrin qurulması Silahlı Qüvvələrimizin uğurlu inkişafına zəmin yaratmış, ölkəmizin müdafiə qabilyyətinin əhəmiyyətli dərəcədə artmasına səbəb olmuşdur. Dahi rəhbərin müstəqil Azərbaycanın inkişafı, müasir ordunun formalaşdırılması yolunda həyata keçirdiyi siyasəti uğurla davam etdirən Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev rəhbərliyi ilə Silahlı Qüvvələrimizin modernləşdirilməsi istiqamətində həyata keçirilmiş islahatlar nəticəsində Azərbaycan Ordusu regionda güclü və müasir bir qüvvəyə çevrilmişdir. 2016-cı ilin aprel döyüşlərində düşmənin hücumuna cavab olaraq ordumuzun dərhal hərəkətə keçməsi və çox qısa müddət ərzində Tərtər rayonunun Talış kəndi ətrafındakı yüksəkliklərin, eləcə də Seysulan məntəqəsinin, Cəbrayıl rayonu ərazisində Lələtəpə yüksəkliyinin azad edilməsi, Cocuq Mərcanlı kəndinin Azərbaycan Ordusunun tam nəzarəti altına keçməsi Qarabağ zəfəri yolunda başlanğıcın təməllərini qoymuş oldu. Baş verən proseslərlə barışmayan, regionda yaranmış reallıqları qəbul etməyən düşmənin mərhələrlə dövlət sərhəddimizdə təxribatlar törədməsi, atəşkəsi pozması növbəti və daha irimiqyaslı döyüşləri qaçımaz edirdi. Növbəti belə bir cəhdə cavab olaraq Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 27 sentyabr 2020-ci il tarixdə başladılmış və Azərbaycan tarixinə qızıl hərflərlə yazılmış haqq savaşımız xalqımızın birlik və iradə nümayiş etdirərək yüksək sərkərdəlik bacarığına malik olan cənab İlham Əliyevin yanında olması, ordumuzun peşəkarlığı, qəhrəman vətən övladlarının şücaəti, ölümün gözünə dik baxaraq yaralı halda belə düşmən üzərinə getmələri sayəsində torpaqlarımızın işğaldan azad olunması, ərazi bütövlüyümüzün bərpası ilə başa çatdı. Bütün dünya Azərbaycan Respublikası Prezidentinin və həyata keçirdiyi təxrisalınmaz tədbirlər nəticəsində qurduğu ordunun gücünü əyani şəkildə seyr etdi, eyni zamanda cənab Prezidentin xalqına verdiyi bütün vədlərin tam reallığı əks etdirdiyinin şahidi oldu. Vətən mühibəsindən ötən müddət ərzində beynəlxalq ədaləti bərpa etmiş ölkə olaraq Azərbaycan Respublikasının əvvəlki dövrlərdə olduğu kimi həyata keçirdiyi sülhsevər missiyadan istifadə edən revanşist qüvvələr yenə də müxlətif təxribatlara cəhd edirərək sabitliyi pozmağa çalışırdılar. Belə olan halda 2023-cü ilin sentyabr ayında həyata keçirilmiş lokal Antiterror tədbirləri nəticəsində qüdrətli Silahlı Qüvvələrimiz yüksək döyüş qabiliyyəti və peşəkarlıq nümayiş etdirərək qanunsuz erməni silahlı birləşmələrini neytrallaşdırdı, mülki şəxslərə dəyə biləcək zərərlərin qarşısı maksimum alındı. Beləliklə, cəmi 23 saat 43 dəqiqə ərzində düşmən darmadağın edilərək ağ bayraq qaldırmağa və silahı yerə qoyaraq təslim olmağa məcbur edildi. Məhz əldə edilmiş bu zəfərlər nəticəsində ölkəmizin ərazi bütövlüyü tam şəkildə bərpa edilmiş oldu. 8 noyabr 2023-cü il tarixdə əzəli və əbədi Azərbaycan torpağı olan Xankəndində Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin iştirakı ilə keçirilmiş, dünya ictimaiyyəti tərəfindən böyük maraqla izlənilmiş hərbi parad Azərbaycan dövlətinin gücünü, dövlət başçısının qətiyyətini bütün dünyaya bəyan etmiş oldu. Bu gün hər bir Azərbaycan vətəndaşı Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin dəmir iradəsi, yüksək səviyyəli idarəçilik bacarığı nəticəsində Azərbaycan Respublikasının əmin əllərdə olduğuna, qarşıya qoyulmuş hədəflərə ardıcıl şəkildə nail olunacağına əmindir və eyni zamanda arxayındırlar ki, ərazi bütövlüyümüzü qoruya biləcək, ölkəmizə qarşı istənilən bir təxribata dərhal cavab verəcək müasir və qüdrətli ordumuz var, qəhrəman əsgər və zabitlərimiz bu müqəddəs peşənin öhdəsindən layiqincə gələrək sərhədlərimizin keşiyində Dəmir Yumruq kimi dayanır.
İlkin Əliyev
Yeni Azərbaycan Partiyası Zərdab rayon təşkilatının sədri