
Zərdab şəhər Heydər Əliyev Mərkəzində seçicilərlə görüş keçirilib
2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində Zərdab şəhər Heydər Əliyev Mərkəzində seçicilərlə görüş keçirilib.
Əvvəlcə Azərbaycanın Dövlət Himni səsləndirilib. Sonra Prezident İlham Əliyevin fəaliyyətinə həsr olunmuş videoçarx nümayiş olunub.
Görüşdə YAP Zərdab rayon təşkilatının sədri İlkin Əliyev, YAP Gənclər Birliyinin sədr müavini Fəsli Nəbiyev, təşviqat qrupunun üzvləri Əhliman Kərimov, Gülnaz Məmmədova və Mübariz Umarov çıxış ediblər.
Çıxış edənlər bildiriblər ki, son 20 ildə Prezident İlham Əliyevin müdrik rəhbərliyi sayəsində ölkə iqtisadiyyatı dönməz inkişaf yolu tutub, ərazi bütövlüyünü və suverenliyini tam bərpa edib, Azərbaycan bütün sahələrdə Cənubi Qafqazın lider dövlətinə çevrilib. Qeyd olunub ki, qarşıdan gələn Prezident seçkilərinin ölkəmizin bütün ərazilərində keçirilməsi əlamətdar bir hadisədir.
Natiqlər seçiciləri gələcəyimiz naminə düzgün qərar verərək Qalib Lider İlham Əliyevə səs verməyə çağırıblar.
Seçicilər ölkənin yüksələn rifahı, dövlətin təhlükəsizliyi və beynəlxalq arenada nüfuzunun yüksəldilməsi sahəsində həyata keçirdiyi titanik işlərə görə dövlət başçısı, müzəffər Ali Baş Komandan İlham Əliyevə minnətdarlıq edib, onunla qürur duyduqlarını diqqətə çatdırıblar. Fevralın 7-də ən layiqli namizəd cənab İlham Əliyevə səs verəcəklərini vurğulayıblar.
Tədbir Yeni Azərbaycan Partiyasının Himninin səsləndirilməsi ilə başa çatıb.




