Səhiyyə naziri İslam Korporasiyasının baş icraçı direktoru ilə görüşdü - FOTO

Sadə xəbər
Səhiyyə 08.09.2023 1850

İnvestisiya və İxrac Kreditlərinin Sığortası üzrə İslam Korporasiyasının (ICIEC) baş icraçı direktoru Ussama Kayssinin rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycana səfəri çərçivəsində Səhiyyə Nazirliyində görüş keçirilib.

"Saat24.az" xəbər verir  ki, qonaqları salamlayan səhiyyə naziri Teymur Musayev ötən dövrdə İslam İnkişaf Bankı Qrupuna daxil olan ICIEC ilə Azərbaycan arasında əməkdaşlığın inkişafından məmnunluğunu ifadə edib.

Prezident İlham Əliyev tərəfindən “Dövlət-özəl tərəfdaşlığı haqqında Azərbaycan Respublikasının Qanunu”nun imzalandığını qeyd edən səhiyyə naziri bildirib ki, bu sənəd dövlət-özəl tərəfdaşlığı sahəsində fəaliyyətin həyata keçirilməsinin təşkilati, hüquqi və iqtisadi əsaslarını müəyyən edir.

Teymur Musayev ölkəmizdə səhiyyə sektorunda dövlət-özəl tərəfdaşlığının inkişaf etdirilməsi üçün geniş imkanların yaradıldığını xüsusilə vurğulayıb. “Azərbaycanda səhiyyə sektoruna əlavə investisiyaların cəlb olunması və nəticə etibarı ilə göstərilən xidmətlərin genişləndirilməsi və keyfiyətinin artırılması məqsədilə dövlət-özəl tərəfdaşlığı sahəsində mühüm işlər görülür”, - Azərbaycanın səhiyyə naziri qeyd edib.

Səmimi qəbula görə minnətdarlığını bildirən Ussama Kayssi ölkəmizin cari ilin yanvarından ICIEC-ə üzv olduğunu vurğulayıb. Onun sözlərinə görə, ICIEC dayanıqlı iqtisadi artıma və yüksək sosial rifaha nail olmaqla Azərbaycanın 2030-cu ilə qədər olan dövr üçün milli sosial-iqtisadi inkişaf prioritetlərini dəstəkləyir. Eyni zamanda, İnvestisiya və İxrac Kreditlərinin Sığortası üzrə İslam Korporasiyası Azərbaycan hökuməti ilə birgə digər sahələrlə yanaşı, səhiyyədə də iqtisadi və sosial infrastruktur layihələrin dəstəkləməsi və maliyyə çıxışının yaxşılaşdırması üçün özəl sektorla sıx əməkdaşlığa hazır olduqlarını qeyd edib.

Görüş zamanı “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”dən irəli gələn strateji hədəflər, işğaldan azad edilmiş ərazilərdə reallaşdırılan layihələr və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

 
XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top