Millət vəkili Jalə Əliyeva büdcə müzakirəsi zamanı önəmli məsələlərdən danışıb -FOTO

Sadə xəbər
CƏMİYYƏT 03.06.2023 2623
Saat24.Az xəbər verir ki,bu sözləri Millət Vəkili Jalə Əliyeva müəllif yazısında qeyd edib.

Sözügedən yazını təqdim edirik:
Millət vəkili, Milli Məclisin Ailə,qadın,uşaq məsələləri komitəsinin sədr müavini Jalə Əliyevanın Milli Məclisinin İqtisadi siyasət, sənaye,  sahibkarlıq və Əmək, sosial siyasət komitələrinin  2 iyun 2023-cü il tarixli birgə iclasında çıxışı

"Biz artıq üç ildir ki, Qarabağlı Azərbaycanın, bütöv Azərbaycanın, qalib Azərbaycanın qalib büdcəsini müzakirə edirik və hər şeyə rəğmən, belə deyim ki, bütün keçdiyimiz çətinliklərə rəğmən ildən-ilə öz yerində dayanmayan, öz yerində saymayan, tam əksinə, getdikcə hər il daha da artan, daha da güclənən bir büdcəni müzakirə edirik. Bu, əlbəttə Azərbaycan dövlətinin gücünü, qüdrətini  ortaya qoyur. Bu uğurlar üçün başda ölkə Prezidenti cənab İlham Əliyev olmaqla, hökumətimizə təşəkkür edirik. 

Eyni zamanda büdcəylə bağlı bəzi fikirlərimizi də səsləndirmək istəyirəm. 
Toxunmaq istədiyim ən əsas məsələ işsizliklə bağlıdır. Bu gün bu problem hər bir deputata tanışdır. Əlbəttə, bu sahədə dövlət bütün tədbirləri görür, lakin deputat olaraq keçirdiyimiz görüşlərdə gəldiyimiz qənaət bundan ibarətdir ki, bu sahədə həqiqətən problemlər çoxdur və bu problemin kökündən həlli mümkün olmasa da,  heç olmasa böyük ölçüdə aradan qaldırılması üçün bu sahəyə daha çox vəsait ayrılması və yeni iş yerlərinin təmin edilməsi üçün layihələr hazırlanması çox vacibdir. 

İkinci toxunacağım məsələ yeni  məktəblərin tikintisi  ilə bağlıdır. Bu gün Azərbaycanda çox yüksək standartlı məktəblər tikilir, təmir edilir, qapılarını  gələcəyimiz olan uşaqlarımıza açır.  Amma biz bunu daha əvvəllər də söyləmişik. Hələ də öz növbəsini gözləyən məktəblərimiz çoxdur. Təqribi  statistikaya baxsaq hər rayonumuzda hər il orta hesabla bir məktəb inşa edilir. Bu statistikanı rayonlarımızda yenidən inşa və təmirə ehtiyacı olan məktəblərin sayına vursaq, o zaman mövcud mənzərə tam ortaya çıxar. Məsələn, mənim deputatı olduğum Zərdab rayonunda hazırda ən az 15 məktəbin əsaslı təmirə və ya yenidən tikintiyə ehtiyacı var. O zaman məntiqlə belə çıxır ki, həmin məktəblər ildə bir məktəb tikintisi prinsipi ilə 15 il gözləməli olacaqlar. Lakin vaxt gözləmir. Həmin məktəblərdə təhsil alan gələcəyimiz də gözləmir. Bu uşaqların layiqli bir vətəndaş kimi böyüməsi, tam biliklərə yiyələnməsi üçün bütün məktəblərin vaxtında  müvafiq şəraiti olmalıdlr. Və bu sahəyə daha çox vəsait ayrılması vacibdir. 

Üçüncü bir məsələ də yenə uşaqlarımızla bağlıdır. Dünən Uşaqların Beynəlxalq Müdafiəsi günü idi. Uşaqlar hər birimizin həyat mənbəyimiz, yaşamaq həvəsimizdir.  Və deyərdim ki, həyatımızın motivasiyasıdır. Lakin  kimsəsiz, atılmış, evsiz eşiksiz  uşaqlar da var. Onlar əlbəttə ki,  dövlətin himayəsindədirlər. Bu qəbildən uşaqlar həqiqətən  cəmiyyətimizin ağrılı yeridir. Həmin uşaqların tam yetişməsi, tam vətəndaş kimi böyüməsi üçün  düşünürəm ki, bu sahəyə həm vəsait, həm də diqqət daha da artırılmalıdır . Bu məsələnin davamı kimi internatlarda, uşaq evlərində təhsil alan, böyüyən kimsəsiz  uşaqların, məzunluqdan sonrakı  dövlət təminatlarına toxunmaq istəyirəm. Onların postinternat taleyi,  işlə tənin olunmaları, ixtisasa yiyələnmələri, evsizlik problemlərinin həll olunması kimi məsələlər mövcuddur. Ölkənin Birinci xanımı, çox hörmətli Mehriban xanım Əliyevanın təşəbbüsü ilə artıq illərdir bu qəbildən olan gənclərimiz üçün evlər inşa edilir. Lakin görünən odur ki, bu hər bir gənci əhatə etmir və bu sahədə mövcud olan  boşluqları, problemləri aradan qaldırmaq üçün yeni layihələrə və daha çox vəsaitə ehtiyac var. 

Mən bir neçə kəlmə də, deputatı olduğum rayonlarla bağlı həllivacib problemlərə toxunmaq istəyirəm. Bütün ölkədə və bütün dünyada mövcud olan su problemini, qlobal su problemini bir daha diqqətə çatdırmaq istəyirəm. Təbii ki, bununla bağlı ölkə rəhbərinin birbaşa sərəncamı və tapşırığı ilə bu gün layihələr həyata keçirilir, Xəzər dənizinin suyunun təmizlənməsi ilə bağlı layihə, digər böyük layihələr həyata keçirilir. Və bunlar uzunmüddətli layihələrdir. Bu layihələr başa gələnə qədər əhalinin du ilə təminatı üçün cari və təcili  tədbirlər görülməlidir. Artıq yay  gəlib. Cari olaraq ən azından Aran rayonları əhalisinin, elə Bakı şəhərinin özündə bu gün içməli suyu günlərlə gözləyən insanların problemini həll etmək üçün  hər halda əlavə vəsait ayrılmalı və problemin qismən də olsa həll olunması nəzərdə tutulmalıdır. 

Ən sonda daha bir önəmli məsələni diqqətinizə çatdıracağam. Uzun illərdir bu problemi səsləndiririk. Söhbət Zərdab rayonunun kanalizasiya sisteminin qurulmasından gedir. Bu çox problemli, çox ağrılı bir məsələdir və biz tez-tez seçicilərimizin bu məsələnin həllinə köməklik göstərməyimizə dair  tələb və xahişləriylə qarşılaşırıq. Vətəndaş, bu məsələ niyə çox uzun illərdən bəri həllini tapmır deyə, suallar ünvanlayırlar. Yəni, bunun üçün maliyyə imkanları yoxdurmu, başqa maneələrmi var? Problem haradan qaynaqlanır? Bu məsələni biz  həm büdcə müzakirələri zamanı, həm hökümətin hesabatlarında dəfələrlə səsləndirmişik. Bu gün də növbəti dəfə səsləndirməyi  özümə borc bilirəm.
Çıxışımın sonunda büdcə layihəsinə səs verəcəyimi bildirirəm."
XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top