Azərbaycanla Ermənistanın sülh gündəliyi: ABŞ və Rusiya bir-birini “qırır”, sərhədləri aşmaq istəyir – TƏHLİL

SİYASƏT 10.09.2022 1451

ABŞ-la Rusiya Azərbaycan-Ermənistan münasibətlərinin sülhlə yekunlaşması üçün tənzimləmə həllərini tapmaq uğrunda bir-biri ilə sürətli yarışa giriblər.

Rusiya Xarici İşlər Nazirliyinin Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması üzrə xüsusi nümayəndəsi İqor Xovayevlə ABŞ Dövlət Departamentinin Qafqaz üzrə baş məsləhətçisi Filip Rikerin regiona səfər qrafiklərinin üst-üstə düşməsi rəqabətin ən aşkar təzahürüdür.

ABŞ özünün qlobal maraqlarını insan hüquqlarının qorunmasının təsbiti və vətəndaş cəmiyyətlərinin inkişaf etdirilməsi, Rusiya isə hərbi-siyasi iştirakla təmin edir.

Bu, gözlənilən sülh müqaviləsinin mətnində bir-birilə ziddiyyət təşkil edən iki qlobal tərəfin maraqlarının uzlaşdırılmasında çətinlik yaradır.

Moskva ilə Vaşinqtonun Cənubi Qafqazda qızışan emosiyaları Azərbaycan və Türkiyəni situativ konsepsiya formalaşdırmağa vadar edir.

Bunun ətrafında Bakı-Ankara ikilisinin müzakirələr apardığını deyə bilərik, çünki Rusiya ilə Qərbin çarpışması onları sülhdən fərqli meyillərə sürükləyə bilər.

Məsələ burasındadır ki, Cənubi Qafqaz regionunda Rusiya zor gücü ilə cazibə mərkəzinə çevrilmək istəyir, bu isə ortaya intellektual boşluqlar buraxır, ABŞ isə cəlbedici təkliflərlə dövriyyəyə girir.

Çətin məsələdir, o mənada ki, ABŞ Qərb siyasi sisteminin bir parçası olan Avropa İttifaqından fərqli olaraq dərin etibar qazanmayıb. Niyə?

Azərbaycan və Türkiyə Rusiya təsirinin özlərinə münasibətdə hegemonluq sərhədinə çatmaması üçün Qərbi neytrallaşdırıcı statusda element kimi qavraya bilərlər.

Ancaq ara-sıra Azərbaycanın mövqeyi ilə uzlaşmayan siyasi davranışlar, üstəgəl ABŞ-ın Cənubi Qafqazda yalnız öz maraqları naminə Moskvanın aqressiyasına qarşı durmaq üçün atdığı addımlar Bakını Ağ Ev-Kreml arasında balanslı mövqeni qoruyub-saxlamağa təşviq edir. Bu balans siyasi motivlərə söykənir, hərbi-siyasi aspektlər silsiləsində isə Azərbaycan Rusiyanın mövqeyini öz xeyrinə yönləndirir.

ABŞ-ın alətlərindən biri də Avropa İttifaqıdır, Ağ Ev İttifaq vasitəsilə öz istəkləri yolunda getməkdə israrlıdır. Avropa İttifaqı sırf özünün niyyətlərində Azərbaycana cəlbedicidir, amma o, ABŞ maraqlarının hədsiz ifadəçisinə çevriləndə bu, Bakıya sərf etmir.

ABŞ digər regionlarda, əsasən də Yaxın Şərqdə özünün genişlənməsi siyasətindən yorğun düşüb, onun üçün indi ən münbit coğrafiya Cənubi Qafqazdır.

ABŞ-ın imperativləri sırasında Cənubi Qafqazdan İrana boylanan baxışları intensivləşdirmək dayandığından o, regiondakı iştirakının mahiyyətini redaktə edir.

NƏTİCƏ və PROQNOZ

Rusiya ilə ABŞ-ın Cənubi Qafqazdakı hibrid müharibəsinin yeni mərhələsi Azərbaycan-Ermənistan sülh müqaviləsi üzərindən regiona təsir imkanlarını artırmaq uğrunda rəqabətdir.

Rusiyanın Gürcüstana artan təzyiqləri də ABŞ-ın qarşısına təhlükəsizliyə dair narahatlıqlar qoyur.

Cənubi Qafqaz postmüharibə reallıqlarının keçid dövrünün ortasındadır və qlobal güclər həmin sərhəddən o tərəfə adlamaq istəyirlər.

Azərbaycan diplomatik maneralarla Xovayevlə Rikerin, demək olar ki, paralel zamanda regiona gəlişlərinin məqsədlərini regional inteqrasiya üçün istifadə edəcək.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top