Xameneinin Ermənistanla qardaşlığı, Ukraynanın işğalına “fətva”sı - ŞƏRH + FOTO

SİYASƏT 20.07.2022 1402

Tehranda Türkiyə, Rusiya və İran prezidentlərinin görüşü daha çox qalmaqalla yadda qalıb.

İranın ali rəhbəri ayətullah Seyid Əli Xameneinin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya Prezidenti Vladimir Putinlə ayrı-ayrılıqda keçirdiyi görüşlərdə beynəlxalq qalmaqala səbəb olacaq açıqlama verib, habelə Qarabağın işğaldan azad olunması ilə bağlı qeyri-səmimi “Twitter” yayıb.

Xameneinin paylaşımı belədir:

“Qarabağın Azərbaycana geri qayıtmasını alqışlayırıq. Əlbəttə, işin içində İran-Ermənistan sərhədlərinin bloklanması siyasəti varsa, İslam Respublikası buna qarşı çıxacaqdır, çünki bu sərhəd min illik bir nəqliyyat yoludur”.

Bu açıqlama ilə bağlı müəyyən suallar yaranıb. Qarabağ Azərbaycana özü necə qayıda bilərdi? Axı, Azərbaycan torpaqlarının işğal edildiyi və azad olunması barədə İran hakimiyyəti də İslam Konfransı Təşkilatının qəbul etdiyi sənədlərin lehinə səs verib.

Belə olan halda hətta dünya müsəlmanlarının liderliyi iddiasında olan İranın ali rəhbəri torpaqların işğaldan azad edildiyini vurğulasa idi, daha məntiqli çıxış etmiş olardı. Ayətullah Seyid Əli Xamenei işğal ifadəsini qorxaraq indi belə işlətməməklə Ermənistanı və onun başlıca havadarlarından olmuş Rusiyanı müdafiə edib.

Daha bir sual: torpaqlar harada idi ki qaytarılıb? BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsində bu məsələ açıq-aydın yazılıb. Odur ki, İranın ali liderinin çıxışını hazırlayan mirzələr bu məsələni görməzdən gəliblər. İranın ali rəhbəri əvvəllər olduğu kimi bu dəfə də Qarabağın işğal altında olmadığını dolayı yolla bildirib. İşğal dövründə ermənilər Xankəndi yaxınlığında İranın 32 vətəndaşını qətlə yetirmişdi. 1994-cü il martın 17-də İran Hərbi Hava Qüvvələrinə məxsus “C-130” təyyarəsini ermənilər Qarabağ ərazisində vurmuşdular. Bu cinayətin üstü indiyədək açılmayıb.

Bu tviti ilə İran lideri öz vətəndaşlarının batan qanını da yadından çıxarıb.

Bu arada bəs, Xameneinin Qarabağın, müsəlman torpaqların işğaldan azad edilməsi ilə bağlı “fətvası”nın taleyi necə olacaq?...

Bütün dünya bilir ki, Azərbaycan öz torpaqlarını hərbçilərinin, əsgərlərinin döyüş bacarığı, qanı, Ali Baş komandan İlham Əliyevin qətiyyəti və dost dövlətlərin siyasi-mənəvi dəstəyi ilə azad edib. Təəssüf ki, İran hakimiyyəti dəstək verən dost dövlət siyahısında olmadı. Əksinə, ermənilərin və havadarlarının Azərbaycana qarşı aparılan təbliğatına qoşuldu. Onların yazdıqlarını oxumağa başladı.

İran rəsmiləri Azərbaycan tərəfdən guya “terrorçuların döyüşdüyünü” deməklə 44 günlük döyüşlərin üzərinə kölgə salmağa çalışdı, şantajla məşğul oldu. Onu da unutmayaq ki, Vətən müharibəsi zamanı Rusiyadan göndərilən hərbi texnika İran vasitəsi ilə Ermənistan ötürüldü.

İran Azərbaycan qarşısında “qonşuluq haqqını” belə verir. Xamenei bu paylaşımı ilə regionda yaranmaqda olan əməkdaşlıq və sülh prosesinə də mane olduqlarını bəyan edib.

O, İran-Ermənistan sərhədi məsələsindən danışarkən məsələnin konkretləşdirməyib. İranla Ermənistan arasında sərhəd Zəngəzurdadır. Azərbaycan tərəfi də region dövlətlərinin, o cümlədən İran və Ermənistanın faydalanması üçün Zəngəzur dəhlizinin açılması istiqamətində danışıqlar aparır. Hətta bu məsələ 2020-ci il noyabrın 10-da qəbul edilmiş üçtərəfli bəyanat da belə əksini tapıb. Bu baxımdan Azərbaycan nəqliyyatın blokadasının aradan qaldırımasının tərəfdarıdır. Başqa sözlə, dəhlizin açılmasına əsas mane Ermənistan sayılırdı. Ancaq Xamenei bu tviti ilə İranın da dəhlizin açılmasının yaxud başqa nələrinsə önündə əngəl olduğunu göstərdi.

İran uzun illər Gorus-Qafan avtomobil yolundan qanunsuz istifadə edib. Başqa sözlə, o yolun Azərbaycana aid hissəsinin halallığını almayıb. Ərazilərinin işğaldan azad etdikdən sonra torpağının bu hissəsini də nəzarət götürməsi Azərbaycanın təbii və qanuni haqqıdır.

Yeri gəlmişkən, İran bu yoldan Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirdikləri ərazidə ermənilərə qanunsuz olaraq mənşəyi bilinməyən yük daşıyırdı. Odur ki, Azərbaycan tərəfi Gorus-Qafan yolundakı öz ərazisinə nəzarət etməsi Xameneinin niyə xoşuna gəlmir?

Bəhs etdiyimiz tviti və Tehrandakı qəbullarla İran lideri başçılıq etdiyi hakimiyyətin işğalı və separatçılığı dəstəklədiyini bir daha gizlətmədi.

Vladimir Putini qəbul edərkən o söyləyib:

“Ukrayna məsələsində isə siz təşəbbüs göstərməsəydiniz, qarşı tərəf müharibəyə başlayacaqdı”.

Bu “fətva” açıq-aşkar işğal və ərazi bütövlüyünə təcavüzü müdafiədir. Beynəlxalq qanunlar Ukraynanın tərəfindədir. Donbas Ukraynanın ərazisidir. Rəsmi Kiyev ərazi bütövlüyünü təmin etmək uğurunda mübarizə aparır. Ancaq Rusiya oradakı separatçıları, qondarma respublikaları tanımaqla beynəlxalq hüququ və prinsipləri pozub. Xamenei Putinin Ukraynada başladığı müharibəni dəstəkləməklə həm də Donbasdakı separatizmi, qondarma respublikaları dolayısı ilə tanıyıb.

Tehran sammiti region dövlətləri arasında münasibətin güclənməsi və əməkdaşlığın genişlənməsinə, mövcud problemlərin həllinə deyil, yeni maneələrin yaranması istiqamətində atılacaq atılası ehtimal olunan addımlarla yadda qaldı. Bu görüşün baş qəhrəmanı isə ayətullah Seyid Əli Xameneidir.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top