“Ermənistan hakimiyyəti hər vəchlə komissiyaların işinə və sülh prosesinə mane olmaq istəyir” - RƏY

SİYASƏT 30.05.2022 1576

“Prezident İlham Əliyevin Zəngilandan verdiyi tarixi bəyanatın ardınca İrəvanda müşahidə olunan isterika göstərir ki, dövlət başçımız çıxışı ilə hədəfi dəqiq vurub. Ermənistanda bu reallığı başa düşməlidirlər ki, biz bərabər hüquq və imkanlara malik tərəflər deyilik. Biz qalibik, Ermənistan məğlub. Biz diktə edirik, Ermənistan icra edir. Biz həm hüquqi, həm də hərbi-siyasi baxımdan güclüyük, Ermənistan isə hüquqi cəhətdən haqsız və hərbi-siyasi imkanlarına görə tam gücsüz”.

Bunu “Report”a açıqlamasında Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü Bəhruz Məhərrəmov deyib. 

 

Onun sözlərinə görə, əgər Azərbaycan Prezidenti başlatdığı sülh prosesində Ermənistanın da fikrini nəzərə alırsa, bu, İlham Əliyevin dayanıqlı sülhün təmin olunması, etimadın və mehriban qonşuluq əlaqələrinin qurulması, inkişafın sürətlənməsi ilə bölgədə sabitliyin möhkəmləndirilməsi naminə İrəvana verdiyi şansdır:

“Ermənistan ona verilən şansa həlledici qərar sahibi tərzində yanaşmamalıdır. Ermənistan hakimiyyəti nəinki bölgədə, heç Ermənistanın özündə söz sahibi deyil. Ona görə də elə erməni xalqının naminə Ermənistan addım və ritorikasında diqqətli və ehtiyatlı olmalıdır. İrəvan anlamalıdır ki, Azərbaycan beynəlxalq hüququ rəhbər tutaraq Ermənistanlı-Ermənistansız birtərəfli qaydada sərhədlərin delimitasiya və demarkasiya prosesini özü tək həyata keçirə bilər və müəyyən etdiyimiz ədalətli sərhəd xəttindən nə ermənilər, nə də onların havadarları bizi geri çəkilməyə vadar edə bilərlər. Amma təəssüf ki, nə revanşistlər, nə də hakimiyyət erməni xalqına bu reallığı tam anlamağa imkan verir”.

Deputat bildirib ki, Ermənistan hakimiyyəti hər vəchlə Bakı ilə İrəvan arasında yaradılan komissiyaların işinə və sülh prosesinə mane olmaq istəyir və bu istiqamətdə bütün yollara əl atır:

“İndi də Ermənistan iddia edir ki, dünən Azərbaycan tərəfi bir erməni əsgərini öldürüb. Baxın, Azərbaycan əsgərinin vəzifəsidir ki, sərhədimizi pozaraq bizi hədəfə alan istənilən maneəni aradan qaldırsın. Buna görə də biz düşməni zərərsizləşdiririksə, bunu açıq şəkildə edirik və gizlətməyə də lüzum görmürük. Biz attığımız hər addımın arxasındayıq. Amma əgər Azərbaycan Dövlət Sərhəd Xidməti bəyan edirsə ki, dünən erməni əsgərinin məhv edilməsi ilə əlaqəmiz yoxdur, deməli, birmənalı elədir.

Bəli, biz sərhədimizə göz dikən istənilən erməni əsgərini məhv edəcəyik, lakin fərari toplusu, hərəsi bir dairəyə bağlı olan erməni ordu qalıqlarında yaşanan hərc-mərclik, özbaşınalıq və “dedovşina” nəticəsində qeyri-döyüş şəraitində öləcək ermənilərə görə biz məsuliyyət daşımırıq, daşımayacağıq da. Paşinyan hakimiyyəti qeyri-döyüş şəraitində ölən əsgərlərinə görə özü məsuliyyət daşımalı, xalqına da özü cavab verməlidir. Məsuliyyəti Azərbaycanın üzərinə atmaqla iş bitmir, əksinə, bu addım vəziyyəti daha da mürəkkəbləşdirir”.

B.Məhərrəmov xatırladıb ki, İrəvan həmçinin qoşunların sərhədlərdən qarşılıqlı şəkildə geri çəkilməsi və müşahidə missiyası yerləşdirilməsi tələbi ilə çıxış etməyə başlayıb:

“Məğlub İrəvan başa düşsün ki, Azərbaycan bugünkü sərhəd bütövlüyünü 44 günlük savaşda üç min şəhidinin qanı bahasına təmin edib. Qanla işğaldan təmizlədiyimiz torpaqlarda necə davranacağımızla bağlı fərari ermənilər danışa biləcək sonuncu varlıqlardır. Azərbaycan torpaqlarında ordunun dislokasiyası ilə bağlı yalnız Azərbaycan özü qərar verə bilər.

İrəvan, indi guya humanitar niyyət göstərmək istəyirsə, əvvəlcə basdırdığı minaların dəqiq xəritəsini təqdim etsin, itkin dörd min vətəndaşımızın taleyi barədə məlumat versin, qonşularına qarşı ərazi iddialarından çəkinsin. İddialara qalarsa, Prezident İlham Əliyev Zəngilanda çox gözəl vurğuladı ki, bizim tələb edəcək daha çox şeyimiz var, Qərbi Zəngəzur, Göyçə, İrəvan - bunların hamısının Azərbaycandan qoparılaraq İrəvana verilməsi faktdır və tarixi sənədlərdə əksini tapıb.

Biz iddia irəli sürsək, bu, İrəvan üçün baha başa gələr. Ona görə də addımlarını ehtiyatla atsınlar və başa düşsünlər ki, Ermənistan hakimiyyətinin son davranışları ermənilərə yaxşı heç nə vəd etmir. Ermənilər anlasınlar ki, biz yeni bir müharibə arzu etmirik, lakin bu baş verərsə, İrəvan üçün son olacaq”.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top