Ukrayna üçün “Şotlandka”

DÜNYA 05.05.2022 1745

Ukrayna bayrağı rənglərindəki tartan parça artıq əsl hitə çevrilib. Mavi və sarı rənglərdən ibarət unikal parça Şotlandiyanın dağlıq ərazilərindəki bir fabrikdə istehsal olunur. Satışdan əldə edilən  gəlir isə şirkət tərəfindən Ukraynadakı müharibə qurbanlarına veriləcək.

Ukrayna üçün tartan parça bir neçə həftə əvvəl buraxılıb. Bu müddət ərzində kilometrlərlə parça satılıb. Yeni naxışlar isə Rusiya qoşunlarının genişmiqyaslı müharibə əməliyyatlarında Ukrayna ilə həmrəylik əlaməti olaraq “Ukraine forever” (“Əbədi Ukrayna”) adlandırılıb.

“Great Scot” tartan şirkətinin icraçı direktoru Patrik Lyutas bu barədə fikirlərini bildirib: “O zaman belə düşündük ki, biz tartan hazırlasaq, sonra bu parçanı sata və ya ondan müxtəlif əşyalar düzəldə bilərik, məsələn, piknik üçün pledlər, şərflər, ətəklər, pencəklər – istənilən hər şey – itləriniz üçün boyunluqlar və kəmərlər, Milad corabları… hər şey… Biz bu tartanı istehsal edib sata və qazancı yardım üçün göndərə bilərik. Hər şey sadədir və biz bununla məşğuluq”.

Fabrik öz “Facebook” səhifəsində yeni tartanı təqdim edəndə, müəssisə direktorunun sözlərinə görə, reaksiya fantastik olub: on min repost, demək olar ki, 140 min bəyənmə və üç minə yaxın şərh…

Ənənəvi şotland ornamenti olan tartanın bir çox variantı var. Parça ənənəvi şotland ətəyinin (kilt) hazırlanmasında istifadə olunur. 

“Mən Vladimir Zelenskinin kilt geyindiyini görmək, onun əlini sıxmaq və onun fəxri şotland olduğunu söyləmək istərdim” – deyə “Great Scot” tartanın qurucusu Marqo Peyc qeyd edib.

Bir zamanlar tartanlar şotlandların müəyyən bir qəbiləyə mənsub olduqlarının göstəricisi olub.  1746-cı ildə Yakobit üsyanı yatırıldıqdan sonra Britaniya hakimiyyəti tartan paltarları qadağan edib. Bu parça yalnız 19-cu əsrin ortalarında geri qayıdaraq yenidən ikinci həyat tapıb.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top