Ermənistanın baş naziri Nikol Paşinyan respublikanın Qara dənizin dibi ilə elektrik kabelinin çəkilməsi layihəsinə qoşulmağa hazır olduğunu bildirib.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, o, bu barədə iqtisadi əməkdaşlıq üzrə Ermənistan-Gürcüstan hökumətlərarası komissiyasının iclaslarından sonra gürcüstanlı həmkarı İrakli Kobaxidze ilə birgə mətbuat konfransı zamanı danışıb.
"Mən regional və qeyri-regional layihələrdə inklüzivliyin təmin edilməsinin vacibliyini qeyd etmək istərdim. Bu kontekstdə biz Ermənistanın Qara dənizin dibi ilə elektrik kabelinin çəkilməsi layihəsinə qoşulmaqda maraqlı olduğunu və hazır olduğunu vurğulayırıq", - Ermənistanın baş naziri deyib.
Xatırladaq ki, 2022-ci il dekabrın 17-də Azərbaycan, Macarıstan, Gürcüstan və Rumıniya Qafqaz regionundan Avropaya enerji körpüsünün tikintisini nəzərdə tutan strateji tərəfdaşlıq sazişi imzalayıblar. Əldə edilmiş razılaşma çərçivəsində 1000 MVt gücündə və 1195 km uzunluğunda Qara Dəniz Enerji sualtı elektrik kabelinin tikintisi nəzərdə tutulur. Kabel Azərbaycanda hasil edilən yaşıl elektrik enerjisini Gürcüstan və Qara dəniz vasitəsilə Rumıniyaya, Macarıstana və Avropanın qalan hissəsinə nəql edəcək.