Hondurasın keçmiş prezidenti Xuan Orlando Hernandes narkotik və silah alveri ilə bağlı cinayətlərdə iştirak etdiyinə görə ABŞ-də 45 il həbs cəzasına məhkum edilib.
"Saat24.az" xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.
Məhkəmə gözlənilən apellyasiya şikayətindən sonra hökmü qüvvədə saxlasa, 55 yaşlı Hernandez həyatının qalan hissəsini dəmir barmaqlıqlar arxasında keçirəcək.
Mart ayında Manhetten məhkəməsi Hernandesi rüşvət almaqda təqsirli bilib. Prokurorların fikrincə, keçmiş prezident narkotik ticarəti ilə mübarizə ilə bağlı əvvəlki vədlərinə baxmayaraq, ABŞ-yə dəniz yolu ilə kokain daşınmasını gizlətməyə çalışıb. İttiham tərəfi ömürlük, müdafiə tərəfi isə 40 il həbs istəyib. Vəkillər 40 illik cəzanı kifayət hesab ediblər. Bu, federal qanuna görə minimum cəzadır.
Hernandes 2014-2022-ci illərdə ABŞ-nin Mərkəzi Amerikadakı müttəfiqi olan Hondurasa rəhbərlik edib.