ADB: Azərbaycanda məzənnə sabitliyi idxal inflyasiyanın təsirini yumşaldacaq

İQTİSADİYYAT 11.04.2024 3208
Asiya İnkişaf Bankının (ADB) proqnozlarına görə, 2024-cü ildə Azərbaycanda orta illik inflyasiya 5,5 % təşkil edəcək, 2025-ci ildə isə daha sürətli iqtisadi artımla 6,5 %-dək yüksələcək.

Saat24.az” xəbər verir ki, bu barədə bankın bu gün yenilədiyi “Asiyanın inkişaf perspektivləri”nin aprel hesabatında deyilir.

Xatırladaq ki, ADB-nin əvvəlki (sentyabr 2023) qiymətləndirməsinə əsasən, 2024-cü il üçün inflyasiya 8,5 % səviyyəsində proqnozlaşdırılmışdı.

“İnflyasiya nəzarətdə saxlanılmalı və hökumət proqnozlaşdırılan dövr ərzində qiymətlərə nəzarət etməlidir. Məzənnənin sabitliyinin qorunması idxal inflyasiyasının təsirini yumşaldacaq. Azərbaycan Mərkəzi Bankının (AMB) uçot dərəcəsini ən azı 2024-cü ilin ortalarına qədər eyni səviyyədə saxlayacağı gözlənilir, dəyişikliklər etməzdən əvvəl isə qiymət dinamikasını və istehlakçı əhval-ruhiyyəsini izlənəcək”, - bankdan qeyd ediblər.

ADB-nin analitikləri hesab edirlər ki, Azərbaycan manatının ABŞ dollarına nisbətdə sabit qalması ötən il idxal olunan inflyasiya təzyiqinin qarşısını almağa kömək edib. 2023-cü ilin may ayına qədər AMB uçot dərəcəsini üç mərhələdə 8,25 %-dən 9 %-ə qaldırıb, sonra isə inflyasiyanın azalması ilə oktyabr-dekabr aylarında iki mərhələdə onu 8 %-ə, 2024-cü ildə isə fevralda 7,75 %-ə, martda 7,5 %-ə endirib.

Dövlət Statistika Komitəsinin məlumatına görə, bu ilin yanvar-mart aylarında Azərbaycanda istehlak qiymətləri indeksi ötən ilin müvafiq dövrü ilə müqayisədə 101 %, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 99,7 %, qeyri-ərzaq malları üzrə 101,4 %, əhaliyə göstərilən pullu xidmətlərə görə isə 102,5 % təşkil edib.

Azərbaycanda 2024-cü ilin mart ayında inflyasiya fevraldakı 0,6 % qarşılığında 0,2 % olub, il ərzində isə 0,4 % təşkil edib.

Azərbaycan hökuməti 2024-cü il üçün orta illik inflyasiyanı 5,3 % səviyyəsində proqnozlaşdırır.

2023-cü ildə Azərbaycanda orta illik inflyasiya 8,8 % təşkil edib.
 
XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top